Xəbər verildiyi kimi, Ombudsmanın Milli Preventiv Mexasnizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup (MPQ) tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr həyata keçirilməklə, həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili üzrə araşdırmalar aparılır.
Bu fəaliyyət çərçivəsində MPQ-nin üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilmişdir.
BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olmuşdur.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin tibbi-sanitar hissəsinə, yataqxana korpuslarına, cərimə təcridxanasına, görüş yerlərinə, yeməkxanaya və digər obyektlərə baxışlar keçirilmiş, habelə tibbi yardımın təşkili, qidalanma, içməli isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılmışdır.
Rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə məhkumlar konfidensial qaydada dinlənilmiş, hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər, sənədləşmə yerində araşdırılmış, habelə onların yazışmaları və tibbi yardımla bağlı bir sıra müraciətləri yerində təmin edilmişdir. Fərdi qəbul zamanı məhkumlar barələrində aparılmış istintaq və məhkəmə icraatından şikayətlənmiş, qaldırdıqları məsələlərlə bağlı hər birinə hüquqi məsləhətlər verilmiş və müraciətləri qəbul olunmuşdur.
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Avropa Penitensiar Qaydalarına müvafiq şəkildə saxlanılma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilmişdir.
Başçəkmənin nəticəsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaqdır.