Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycanlıların soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib

03-04-2019 10428 dəfə oxunub
Azərbaycanlıların soyqırımına həsr olunmuş  silsilə tədbirlər keçirilib

Məlumdur ki, erməni millətçiləri və onların havadarları azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirmişlər. Həmin siyasətin qanlı tərkib hissələrindən biri də 1918-ci ildə azərbaycanlıların soyqırımı olmuşdur. 

Erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq təsdiq edilmiş müvafiq tədbirlər planına əsasən Ombudsman təsisatı və onun regional mərkəzləri tərəfindən də bir sıra silsilə tədbirlər təşkil edilib.

Həmin tədbirlər soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Belə ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən 1918-ci il - Azərbaycanlıların Soyqırımının 100-cü ildönümünə həsr olunmuş birgə elmi-praktiki konfrans keçirilib. 

Milli Məclisin deputatlarının,  Konstitusiya Məhkəməsinin, Baş Prokurorluğun, nazirlik və komitələrin, digər dövlət qurumlarının təmsilçilərinin, Tarix İnstitutunun alimlərinin, qeyri-hökumət təşkilatlarının və KİV-lərin, geniş ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən həmin Konfrans çərçivəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı, Azərbaycan həqiqətlərinə həsr edilmiş çoxsaylı kitablar və nəşrlər sərgisi Ombudsman təsisatı və Tarix İnstitutu tərəfindən təşkil olunub. Tarix İnstitutunun sərgidəki soyqırımların tarixi ilə bağlı 60 adda 549 kitabı Ombudsman təsisatına hədiyyə edilib. 

Ombudsman Aparatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilən tədbir keçirilib. Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ali təhsil müəssisələri və media qurumları rəhbərlərinin, hüquq ictimaiyyəti nümayəndələrinin, alimlərin iştirakı ilə keçirilən tədbirdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlər hədəfində: hüquqi təhlil” kitabının təqdimatı olub.

Bu günlərdə Müvəkkilin resurs mərkəzləri olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) Liderlik Məktəbində, habelə Ahılların Resurs Mərkəzində 1918-ci il Azərbaycanlıların Soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbirlər təşkil olunub. Müvəkkilin təşəbbüsü ilə keçirilən həmin tədbirlərdə Ombudsman Aparatının əməkdaşları və AMEA ‎A.A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri,  tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli, “Əhali tarixi və tarixi demoqrafiya” ‎şöbəsinin aparıcı elmi işçisi‎, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov, çoxsaylı uşaqlar, valideynlər və ahıl şəxslər iştirak ediblər. 

Tədbirlər zamanı iştirakçılara məlumat verilib ki, Müvəkkil tərəfindən 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar xüsusi Bəyanat qəbul edilərək, BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, digər beynəlxalq qurumlara, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycan diaspor təşkilatlarına ünvanlanıb. 

Tarix İnstitutunun əməkdaşları öz çıxışlarında erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə keçirilən tədbirlərin əhəmiyyəti barədə məlumat veriblər. 

Eyni zamanda diqqətə çatdırılıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi də qeyd edilir, dövlət başçısının müvafiq Sərəncamına əsasən, ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti İlinin elan olunması olduqca əhəmiyyətlidir. 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Tədqiqat Komissiyasının sənədlərinə görə Bakıda 12 min, Şamaxıda 8 min, Qubada 4 mindən artıq mülki azərbaycanlının xüsusi vəhşiliklə qətlə yetirildiyini, azərbaycanlılara qarşı törədilən soyqırımın əsas təşkilatçılarının bolşevik maskalı daşnaklar - Şamuyan, Mikoyan və digər ermənilər olduğunu bildiriblər.

Soyqırım yalnız Arazdan quzeydəki ərazilərimizdə deyil, Güney Azərbaycanın Maku, Səlmas, Urmu, Xoy və digər şəhərlərində də həyata keçirildiyini, İran tarixçilərinin son tədqiqatlarında erməni silahlı dəstələrinin 1918-ci ildə Güney Azərbaycanda 176-200 min nəfər arası türk-müsəlman əhalini qətlə yetirildiyinin öz əksini tapdığını vurğulayıblar. 

Həmin dövrə aid olan çoxsaylı sənədlərin ermənilərin azərbaycanlıları kütləvi şəkildə qətlə yetirilməsinin məqsədli şəkildə törədilən soyqırım hadisəsi olduğunu sübut etdiyini, 1918-ci ildə azərbaycanlılara qarşı həyata keçrilən soyqırımın o vaxtki dövlət qurumu olan Bakı Soveti tərəfindən təşkil edilyini bildiriblər.  

Çıxışlarda qeyd olunub ki, son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni qatillərinin vəhşiliyini və vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə kütləvi surətdə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmış və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu kompleks ziyarət olunur.

İnsan hüquqları amilinə diqqəti yönəldilərək bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında törədilən bu kütləvi insan qırğını genosid faktıdır və insanlığa qarşı ən ağır cinayətlərdəndir. Beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və beynəlxalq sənədlərdə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart-aprel hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.