Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman  Finlandiyanın səfirini qəbul etdi

06-03-2018 177 dəfə oxunub
Ombudsman  Finlandiyanın səfirini qəbul etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Finlandiyanın səfiri Arja Makkoneni qəbul etdi.

Tanışlıq məqsədi daşıyan görüşdə E. Süleymanova Avropa Şurasına üzv olduqdan sonra ölkəmizdə Ombudsman haqqında Konstitutsiya Qanununun qəbul edilməsi və bunun əsasında ilk Ombudsman təsisatının yaradılması, təsisatın mandatı, regional mərkəzləri, əsas fəaliyyət istiqamətləri-qanunverciliyin təkmilləşdirilməsi və beynəlxalq sənədlərə uyğunlaşdırılması, müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsi, dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi, hüquqi maarifləndirmə işinin aparılması, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri, Avropa İttifaqının Şərq Tərəfdaşlığı, TAİEX və Tvinninq layihələrində fəal iştirakı haqqında qonağa ətraflı məlumat verdi.   

Müvəkkilin təklifi də nəzərə alınmaqla, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokolu ratifikasiya edildikdən sonra, Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin müəyyən olunması, bu səlahiyyətlərlə bağlı Ombudsman haqqında Konstitusiya Qanununa dəyişikliklərin edilməsi qeyd olundu. Diqqətə çatdırıldı ki, MPM qismində müəyyən olunduqdan sonra Milli Preventiv Qrupu (MPQ) yaradılmış, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama yerlərinə, psixiatriya xəstəxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evləri və pansionatlara müntəzəm olaraq qrup tərəfindən başçəkmələr həyata keçirilir.

Habelə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə nəzarətin həyata keçirilməsi ilə bağlı Ombudsman haqqında Konstitusiya Qanununa əlavə və dəyişikliklər edilməsi barədə qonağa məlumat verildi.

      Müvəkkil onun təşəbbüsü ilə 18 iyun tarixinin ökədə Milli İnsan Hüquqları günü kimi elan edildiyini, bunun ölkədə insan hüquqları ilə bağlı fəaliyyətin dəyərləndirilməsi baxımından önəmli olduğunu diqqətə çatdırdı. 

O, bildirdi ki, ölkəmizdə insan hüquqları sahəsində  yol xəritəsi rolunu oynayan üç mühüm strateji sənəd - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011) qəbul edilib. 

Ombudsman tərəfindən ölkənin hər bir rayon və şəhərində ictimai dinləmələrin keçirildiyi,  həmin tədbirlər çərçivəsində Müvəkkil tərəfindən şikayətçilərin təkbətək qəbul edildiyi, onların qaldırdıqları məsələlərin həlli istiqamətində tədbirlər görüldüyü, əldə edilən nəticələr  təhlil edilərək ümumiləşdirilir və kitab şəklində nəşr edildiyi vurğuland.

Müvəkkil fəaliyyət dövründə müxtəlif qurumlara 600-dək təklifinin ünvanlandığını və bu təkliflərin 60 faizdən çoxunun təmin olunduğunu və ya icraya yönəldiyini bildirdi.

Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində Almaniya və Polşanın birgə iştirakı ilə 24 ay ərzində davam etmiş Tvinninq layihəsi haqqında qonağa məlumat verildi, layihəyə Avropa İttifaqına üzv olan 6 ölkədən cəlb edilən 45 ekspertin Ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin, mövcud beynəlxalq qanunvericiliyin, həmçinin Paris Prinsiplərinin tələblərinə cavab verdiyini, Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində tətbiq etdiyi müsbət təcrübələrin və təşəbbüslərin Avropalı həmkarları tərəfindən  yararlanmalarının tövsiyə edildiyi vurğulandı.

Ombudsmanın təşəbbüsü ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində  “İnsan hüquqları”, “Genderə giriş” fənlərinin tədris olunması, həmçinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Uşaq hüquqları üzrə Pilləli Tədris proqramının həyata keçirilməsi  və layihə çəçivəsində 150-dək məktəbin əhatə olunduğu qeyd edildi.

Miqrantların hüquqlarının müdafiəsinin ölkə Ombudsmanının həyata keçirdiyi çoxsahəli fəaliyyətin prioritet istiqamətlərindən olduğu, təsisat tərəfindənbununla bağlı görülən işlər, mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlama Mərkəzlərinə həyata keçirilən başçəkmələr, orada saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması, onlara qarşı rəftar və problemlərinin öyrənilməsi və müvafiq tədbirlərin görülməsi qonağın diqqətinə çatdırlıdı.

Müvəkkil, həmçinin ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkünün olması, ailə daxili zorakılıq, erkən nigahlar, bəzən qız uşaqlarının təhsildən kənarda qalması, əqli qüsuru olan uşaqlar, həmçinin psixolji klinikalarla iş və digər çətinliklərə də toxundu. 

Səfir  Arja Makkonen səmimi qəbul, təsisatın fəaliyyəti ilə bağlı verilən müfəssəl  məlumat üçün E.Süleymanovaya təşəkkürünü bildirdi, onun qadınlar üçün nümunə olduğunu qeyd etdi. Qonaq Ombudsman təsisatının fəaliyyətini xüsusilə Avropa İttifaqının Tvinninq, TAİEX proqramlarında iştirakını, aparılan təcrübə mübadilələrini yüksək qiymətləndirdi və gələcək əməkdaşlıqda marağını ifadə etdi. 

Görüş səmimi fikir mübadiləsi şəraitində davam etdi, səfiri maraqlandıran suallar ətraflı cavablandırıldı.