Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda iştirak edib

03-03-2018 10278 dəfə oxunub
Ombudsman Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Gəncə şəhərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib. Tədbirə ölkə Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə, digər dövlət qurumlarının nümayəndələri, alimlər qatılıblar. 

İlk öncə konfrans iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev giriş sözü ilə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi tarixi hadisədir. Ölkə başçısının bu təşəbbüsü və qərarı Azərbaycan xalqının qədim  dövlətçilik ənənələrinin zənginliyinə, dövlətçilik tariximizə verilən yüksək dəyərin bariz nümunəsidir. Azərbaycan hələ 100 il bundan əvvəl demokratik dəyərləri nəinki bəyan edib, həm də həyata keçirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Hicran Hüseynova dövlət başçısı tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini Prezident səviyyəsində dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olduğunu diqqətə çatdırıb. O, vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilib. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmışdır. Bu gün ölkə rəhbəri tərəfindən imzalanan sərəncam və fərmanlara əsasən Azərbaycan qadınlarının hüquqlarının qorunmasına dair qanunvericilik bazası yaradılıb və həyata keçirilir.

Tarixçi alim Dilarə Seyidzadə məruzəsində Cümhuriyyətin yaranması  və fəaliyyəti haqqında geniş məlumat verib. D.Seyidzadə çıxışında 100 il bundan əvvəl müsəlman Şərqində demokratik cümhuriyyətin ilk dəfə məhz Azərbaycanda yaradıldığını diqqətə çatdırıb.

Konfransda İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova  “Seçki hüququ - fundamental insan hüququdur” mövzusunda çıxış edib. O, Cümhuriyyətin Azərbaycan xalqının inkişafında tarixi  rolundan söz açaraq, nəinki Şərqdə, həmdə bəzi Avropa ölkələrindən əvvəl o dövrdə bütün vətəndaşların bərabər hüquqlarının tanınmasının, qadınlara kişilərlə bərabər seçki hüququnun verilməsinin, ayrı-seçkiliyin yolverilməzliyinin və qadınların bərabər hüquqlarla səlahiyyətləndirilməsinin bəyan edildiyini bildirmişdir. Yeri gəlmişkən o, ayrı–seçkiliyin yol verilməzliyi prinsipinin təsbit olunduğu BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin bütün dünyada məhz  bu il  70 illiyinin qeyd edildiyini vurğulayıb.

Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra imzaladığı Əsrin müqaviləsinin respublikamızın ağır iqtisadi vəziyyətdən çıxarılmasında, o cümlədən erməni təcavüzü nəticəsində ölkəmizdə bir milyon qaçqın və məcburi köçkünün ki, onların da çoxunu qadın və uşaqlar təşkil etmiş, problemlərinin aradan qaldırılmasında həlledici rolu olub.

Müvəkkil insan hüquqları sahəsində də əhəmiyyətli tədbirlər görüldüyunü, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında bütün vətəndaşlara, o cümlədən qadınların bərabər hüquqlu olduğu və seçki hüquqlarının həyata keçirilməsinə konstitutsion təminat verildiyini bildirib.

Sonra o, ölkəmizdə insan hüquqlarının təmini sahəsində üç strateji sənədlərin –Prezident Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın, ölkə Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın və həmin planın məntiqi davamı kimi 27 dekabr 2011-ci il tarixli Sərəncam ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiqləndiyini vurğulamışdır. Bu strateji sənədlərin hər birində prioritet olaraq, qadınların səlahiyyətləndirilməsi, onların idarəetmədə qərar qəbul olma səviyyəsində iştirakının artması böyük rol oynayıb. 

Eyni zamanda, o, Cümhuriyyətin 23 ay gərgin şəraitdə müstəqil demokratik dövlətin ilk dəfə olaraq idarəetmə orqanlarının yaradılmasının və fəaliyyətinin özülünün qoyulduğunu, onların varisi olan bugunki Parlamentin, ədliyyə, daxili işlər, prokurorluq və dövlətin başqa idarəetmə orqanlarının, habelə Milli ordumuzun yaranmasının bu il 100 illiyinin qeyd olunacağını vurğulamışdır. Artıq bütün bu sahələrdə Azərbaycan təcrübəsi bir çox ölkələrə örnək olaraq, dövlətimiz uğurla inkişaf edir.

İstanbul və Yedditəpə universitetlərinin professoru İbrahim Yıldırım çıxışı zamanı bildirib ki, Azərbaycan əsilli bir ailənin övladıdır. O, Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən tədbirə qatılmaqdan məmnunluğunu dilə gətirərək, o dövrə aid çoxsaylı hadisələri təsdiqləyən sənədləri iştirakçıların diqqətinə çatdırıb.

Bakı Dövlət Universtitenin, AMEA-nın  Tarix İnstitutunun,  Gəncə Dövlət Universitetinin,  Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Texnologiya Universitetinin alimləri  və mütəxəssisləri Cümhuriyyətin yaranması və fəaliyyəti ilə bağlı məruzələrlə çıxış ediblər.

Beynəlxalq elmi-praktik konfransda “Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar” adlı  film nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə respublikanın ictimai-siyasi, sosial-mədəni həyatında fəallıq göstərən qadınlar, həmçinin Gəncə, Yevlax, Mingəçevir şəhərlərinin, Ağdam, Bərdə, Tərtər, Samux, Göygöl, Şəmkir və Kəlbəcər rayonlarının icra hakimiyyəti başçılarının müavinlərinə diplomlar təqdim olunub.