Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın MPM fəaliyyəti çərçivəsində ölkədə Yuvenal Ədliyyə islahatlarına dəstək sahəsində işlər davam etdirilir

14-12-2017 194 dəfə oxunub
Ombudsmanın MPM fəaliyyəti çərçivəsində ölkədə Yuvenal Ədliyyə islahatlarına dəstək sahəsində işlər davam etdirilir

Xəbər verildiyi kimi, üçüncü ildir ki, Ombudsman, YUNİSEF, Ədliyyə və Polis Akademiyalarının birgə əməkdaşlığında hakimlər, prokurorluq, polis, ədliyyə və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarına ünvanlanan “Uşaqlar üçün Ədliyyə”, “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi” mövzularında hüquqi maarifləndirmə və bacarıqların artırılması məqsədi daşıyan fəaliyyət çərçivəsində işlər davam etdirilir. 

Bu əməkdaşlıq çərçivəsində silsilə treninqlər, dövlət uşaq müəssisələrində birgə monitorinqlər həyata keçirilmiş, yuvenal ədliyyə sistemində islahatların qanunla münaqişədə olan uşaqlara təsirinin qiymətləndirməsi vəziyyəti araşdırılmış, yerli icra hakimiyyəti orqanları nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaların fəaliyyətinə yeni yanaşmalar, xarici ölkələrinin bu sahədə müsbət təcrübəsi, mövcud çətinliklər Ombudsmanın illik məruzələrində və  Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hesabatlarında yer almış və aidiyyəti qurumlar qarşısında qaldırılmışdır. 

Qeyd olunmalıdır ki, Ombudsman Elmira Süleymanovanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti çərçivəsində ölkədə yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi sisteminə, milli qanunvericiliyin və bu sahədə təcrübənin təkmilləşdirilməsinə, ümumilikdə isə hüquqi islahatlara dəstək vermək məqsədilə çoxsaylı təşəbbüsləri olmuş, həyata keçirdiyi işlər və preventiv tədbirlər mövcud çətinliklər və ehtiyacların qiymətləndirilməsinə və müvafiq tədbirlərin həyata keçirilməsinə öz töhfəsini vermişdir. 

Bu gün keçirilmiş tədbir də YUNİSEF-in Ombudsman və digər dövlət qurumları ilə əməkdaşlıqda həyata keçirdiyi “Uşaqlar üçün Ədliyyə” layihəsinin yekun qiymətləndirilməsi olmuşdur. Tədbirdə Ombudsmanı Aparatın şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə təmsil etmiş və birgə həyata keçirilən fəaliyyət barədə geniş məlumat vermişdir.

O, layihə çərçivəsində hüquq mühafizə orqanlarının bu sahədə məlumatlılığının artırılması, hüquqazidd davranış nümayiş etdirən və saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə işin təkmilləşdirilməsi sahəsində fəaliyyət barədə danışmış, ehtiyac duyulan sosial yanaşmalar, reabilitasiya tədbirləri, habelə sosial adaptasiyası və davam etdiriləcək əməkdaşlıq çərçivəsində yeni hədəflərlə bağlı fikirlərini bildirmişdir.

R.Rumzadə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli müvafiq Sərəncamının əhəmiyyəti vurğulamış, cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş yetkinlik yaşına çatmayan şəxslərin də azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud təcrübədən danışmış, həyata keçirilən işlərin Yuvenal Ədliyyə sisteminə və yetkinlik yaşına çatmayanlara münasibətdə hüquqi islahatlara da öz töhfəsini verdiyini vurğulamışdır. 

O, Ombudsmanın ölkəmizdə start verdiyi BMT-nin “İnsan hüquqlarının müdafiəsinə qalx!” çağırışı üzrə ümumdünya kampaniyası üzrə birgə fəaliyyət çərçivəsində də əməkdaşlığın yeni yanaşmalarla avam etdirilməsinin əhəmiyyətini qeyd etmiş, həyata keçirilmiş işlərdə Yuvenal Ədliyyə prinsiplərinin nəzərə alınması, BMT-nin Uşaq Hüquqları Komitəsi, İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsi və digər beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş bir sıra tövsiyələrin icrası baxımından da mühüm əhəmiyyət daşıdığını bildirmişdir.

Qeyd olunmalıdır ki, bu kimi hüquqi maarifləndirmə tədbirləri Ombudsman təşəbbüsü ilə, YUNİSEF-lə əməkdaşlıqda MPQ üzvlərinin və Müvəkkilin regional mərkəzləri əməkdaşları tərəfindən respublikanın regionlarında da davam etdirilməklə yanaşı, uşaq hüquqları sahəsində fəaliyyət göstərən məhkəmə, polis, təhsil, səhiyyə, yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarını geniş şəkildə əhatə etməklə uşaq hüquqlarının etibarlı müdafiəsi və təmini işinə öz töhfəsini verməkdədir.