Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Ümumdünya İnsan Hüquqları Gününə həsr olunmuş konfransda çıxış etmişdir

15-12-2017 175 dəfə oxunub
Ombudsman Ümumdünya İnsan Hüquqları Gününə həsr olunmuş konfransda çıxış etmişdir

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunda 10 dekabr - Ümumdünya İnsan Hüquqları Gününə həsr olunmuş konfrans keçirilmişdir. Tədbirdə həmin institutun direktoru, millət vəkili Aytən Mustafayeva, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və digər rəsmilər çıxış etmiş, müvafiq məruzələr dinlənilmişdir. 

Tədbirdə Ombudsman çıxış edərək, BMT tərəfindən bəyan edilmiş, İnsan Hüquqları üzrə Ali Komissarın çağırışı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyinə həsr olunmuş “İnsan hüquqlarının müdafiəsinə qalx” devizi ilə artıq 10 dekabrdan başlanan və bir il davam edəcəyi kampaniyanın mahiyyətinin hüquq bərabərliyinə, ayrı-seçkiliyə yol verilməzlik, iştirakçılıq, əməkdaşlığa çağırış olduğunu vurğulamışdır.

O, bildirmişdir ki, əgər Bəyannamə BMT-nin İnsan Hüquqları üzrə bütün dünya üçün təməl sənədi oldusa, Azərbaycanda belə bir sənəd ölkəmizdə hər bir kəsin hüquqlarının təmin olunmasına, insan hüquqları sahəsində ardıcıl, sistemli işin aparılmasının özülü Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı İnsan Hüquqları sahəsində ilk Dövlət Proqramı olmuş, daha sonra təklifimizlə ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış 2006-cı ildə İnsan Hüquqları üzrə ilk Milli Fəaliyyət Planı, 2011-ci ildə ilk Milli Fəaliyyət Proqramı olmuş, bu sənədlərin icrası mütəmadi olan vəzifələri müəyyən etmişdir. 

Bu sənədlərlə bağlı bütün dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları, KİV-lər qatılmaqla müntəzəm olaraq fəaliyyət davam etdirilir. Ombudsman tərəfindən bu sənədin icrası üzrə ölkəmizin 57 rayonunun hər birində geniş monitorinqlər, ictimai dinləmələr keçirilmiş, bu tədbirlər zamanı əhalidən toplanmış müraciətlər, ehtiyaclar, tövsiyələr də nəzərə alınmaqla hökumətə, dövlət qurumlarına 600-dən çox təkliflər verilmişdir ki, kitab şəklində çap edilmiş və Müvəkkilin saytında yayımlanmış, yarısından çoxu artıq təmin olunmuşdur. 

Həmçinin qeyd olunmuşdur ki, Ombudsmanın fəaliyyəti və nəticələri haqqında geniş və hərtərəfli məlumat təsisatın saytında, 180-dən çox publikasiyalarında, elektron kitabxanasının fondunda, illik məruzələrində, işgəncələr əleyhinə Milli Preventiv Mexanizminin illik hesabatlarında, Azərbaycan həqiqətlərini əks etdirən və nüfuzlu qurumlara göndərilmiş 120-dən çox bəyanatlarda, habelə ictimaiyyətə gündəlik təqdim edilmiş, qəzetlərdə çap olunmuş və ingilis, bəziləri isə həm də rus dilində yayımladığımız cəmi 4100-dən çox, bu ildə hələ ki, 230 press-relizlərdə, çoxsaylı məqalələrdə əks etdirilmişdir. 

Eyni zamanda bildirilmişdir ki, bu nəticələr müstəqil olaraq, hakimiyyətin heç bir qoluna tabe olmadan hər bir qolu ilə - qanunvericilik, icra və məhkəmə qurumları ilə, habelə hər bir dövlət orqanı, çoxsaylı QHT-lər, regionları əhatə etməklə milli azlıqların və başqa icmaların, əhalinin hər bir qrupu ilə, xüsusilə həssas qruplarla, o cümlədən qadınlar, uşaqlar, ahıllar, qaçqın, məcburi köçkün, miqrantlar, əlilliyi olan şəxslərlə sıx işgüzar əməkdaşlıqda əldə olunmuşdur.

Həmçinin bu ilin yekunları ilə yanaşı, Müvəkkil gələn ilin vacib hadisələrinə də toxunularaq diqqətə çatdırmışdır ki, insan hüquqları sahəsində bir sıra beynəlxalq sənədlər, o cümlədən Universal Dövri İcmal, Uşaq Hüquqları və Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması Konvensiyaları, həmçinin İqtisadi, Sosial və Mədəni hüquqlar haqqında Beynəlxalq Pakt üzrə BMT-nin saziş qurumlarına dövlət hesabatları, Ombudsman da öz növbəsində paralel hesabatlarını təqdim edəcəkdir ki, bu sahədə də dövlət qurumlarını, elmi-tədqiqat sahəsində çalışan alimləri, beynəlxalq təşkilatları və QHT-ləri əməkdaşlığa dəvət etmişdir.

Bundan başqa qeyd olunmuşdur ki, Müvəkkil beynəlxalq qurumlarla prioritet problemlər üzrə fəaliyyətini genişləndirir, bunlardan ölkəmizin əməkdaşlığının bu il 25 illiyini qeyd etdiyimiz BMT və onun bütün qurumları ilə, xüsusilə BMT QAK, UNİCEF, həmçinin ATƏT, Avropa Şurası, Avropa İttifaqı, habelə Avropa Ombudsmanlar İnstitutu, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Ombudsmanlar İnstitutu, 15 ölkənin Ombudsmanları ilə ikitərəfli müqavilələr üzrə əməkdaşlıq davam etdirilir.

Yeri gəlmişkən, Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş və 08 dekabr 2017-ci ildə keçirilmiş “Bərabər hüquqların təmin edilməsi üçün bərabər imkanlar: iştirakçılıq və tərəfdaşlıq” mövzusunda konfransda adı çəkilən kampaniya ilk dəfə ölkəmizdə bəyan olunmuş, həmin tədbirdə Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini Bahar Muradova, BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İshaqzai, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov, YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin müavini Min Yuan və digər beynəlxalq təşkilatların, dövlət qurumların, yerli QHT-lərin, icmaların və KİV-lərin nümayəndələri iştirak etmiş və birgə fəaliyyətə dəvət edilmiş, hər bir kəsin həmin kampaniyaya qatılmasına start verilmişdir.