Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “Gender problemi və müasir Azərbaycan” mövzusunda tədbirdə çıxış etmişdir

27-11-2017 10308 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “Gender problemi və müasir Azərbaycan” mövzusunda tədbirdə çıxış etmişdir

Bu günlərdə Azərbaycan Universitetində “Gender problemi və müasir Azərbaycan” mövzusunda respublika elmi konfransı keçirilib. Tədbirin keçirilməsinin məqsədi ölkəmizdə gender bərabərliyinin təmini məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək olmuşdur.

Konfransda müvafiq dövlət qurumlarının nümayəndələri, gender problemi sahəsində tanınmış alimlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı, Ombudsmanın gender məsələləri üzrə müşaviri Lamiyə Zeynalova tədbirə qatılıb.

Açılış mərasimində Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva giriş sözü ilə çıxış edərək, konfransın məqsəd və məramı barədə ətraflı məlumat verib. Qeyd olundu ki, Azərbaycan qadınının uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin qurduğu qadın siyasəti amili və hazırda bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Birinci vitse-prezident, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva yalnız ictimai-siyasi fəaliyyəti ilə deyil, həm də milli mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunmasında ardıcıl fəaliyyəti ilə bütün Azərbaycan qadınları üçün örnəkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri İsaxan Vəliyev, professorlar Rəna İbrahimbəyova, Asif Hacıyev, Rəna Mirzəzadə və Fuad Məmmədov, digər iştirakçılar konfransın aktuallığını vurğulayıb, mövzu ilə əlaqədar fikir və mülahizələrini bildiriblər.

Ombudsman Aparatının əməkdaşı Lamiyə Zeynalova çıxışında BMT tərəfindən 2015-ci ilin sentyabr ayında qəbul edilən, Minilliyin İnkişaf Məqsədlərinin davamı olan, qarşıdakı dövr üçün inkişafın istiqamətlərini müəyyənləşdirən və özündə 17 məqsədi ehtiva edən 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci məqsədinin məhz gender bərabərliyinə nail olmaq və bütün qadın və qızlara səlahiyyət verməkdən ibarət olduğunu bildirib. 

Qeyd olundu ki, bu gün hər iki cinsdən olan insanların bərabər hüquqa malik olması beynəlxalq və milli sənədlərdə qəbul edilsə də, cəmiyyətdə qadınlara və kişilərə münasibət hələ də eyni deyil. Onlar şəxsi və ictimai sahələrdə özlərini ifadə etmələri üçün bərabər imkanlara malik deyillər və sosial diskriminasiya böyük bir problem olaraq qalır. Qadınların qarşılaşdıqları problemlər sırasında selektiv abortlar, erkən nikah və təhsildən yayınma, məişət zorakılığı, intihar halları da yer tutur.

L.Zeynalova qadın hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini, qadınların pozulmuş hüquqlarının bərpasının daima Ombudsman Elmira Süleymanovanın diqqətində olduğunu vurğuladı. O, bildirdi ki, Müvəkkil qadın hüquqlarını özündə ehtiva edən və əsas beynəlxalq sənədlərdən olan  Pekin Fəaliyyət Platformasının 12 prioritet istiqamətləri  üzrə öz fəaliyyətini həyata keçirməkdədir. Ombudsmanın fəaliyyətinə Azərbaycan qanunvericiliyinin gender baxımından təhlili, gender nəzəriyyəsinin orta və ali məktəblərdə tədrisinin təşkil edilməsi, gender bərabərliyi sahəsində maarifləndirmə işinin aparılması, qadınların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadın və kişilər arasında bərabər imkanlara nail olunması üçün dövlət proqramlarının işlənib hazırlanması, habelə bir sıra digər məsələlər də daxildir.

Qeyd olundu ki, ildən-ilə bu sahədə qanunvericilik bazasının daha da güclənməsi və mövcud boşluqların aradan qaldırılması ilə yanaşı, qadınların iqtisadi asılılığının azalması, qadınların regionlarda fəallığının və gender siyasətinə diqqətin artırılması, habelə onların idarəetmədə, qərar qəbuletmədə, seçkilərdə fəal iştirakı, vəzifələrə irəli çəkilməsi, qadın sahibkarlığının genişləndirilməsi, onlara güzəştli kreditlərin verilməsi, stereotiplərə qarşı mübarizənin gücləndirilməsi, qadın hüquqları ilə bağlı nəşrlərin hazırlanması, mövcud qanunların düzgün dərk edilməsi sahəsində ardıcıl və sistemli maarifləndirici işlərin aparılması zəruridir. 

Sonda L.Zeynalova Ombudsmanın “Genderə giriş” dərs vəsaiti-mühazirələr toplusunu Azərbaycan Universitetinin kitabxanasına hədiyyə etmişdir.