Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttoneni qəbul etmişdir.
Görüşdə Müvəkkil Azərbaycanda 15 ildən artıqdır fəaliyyət göstərən Ombudsman təsisatının yaradılması, mandatı, insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, bu sahədə dövlət qurumları və vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələri haqqında geniş məlumat vermişdir.
E.Süleymanova fəaliyyət dövrü ərzində ATƏT-lə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu qurumla birlikdə seminar və treninqlərin keçirildiyini, bir sıra tanınmış beynəlxalq ekspertlərin bu tədbirlərə qatıldığını, səmərəli təcrübə mübadiləsinin aparıldığını söyləmişdir. ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşlərində Ombudsmanın nümayəndəsinin mütəmadi olaraq iştirak etdiyi qeyd olunmuşdur.
Ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edildiyi, proqramın icrasının əlaqələndirilməsi üzrə İşçi Qrupun rəhbəri kimi Müvəkkilin təyin olunduğu diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşlərində də sənəd üzv dövlətlərin nümayəndələri arasında paylanılmış və maraqla qarşılanmışdır.
Ombudsmanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədris proqramı haqqında da geniş məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, fəaliyyət dövrü ərzində Ombudsman müxtəlif müvafiq qurumlara 600-dək təklif ünvanlamışdır ki, bunların 60 faizdən çoxu təmin olunmuş və ya icraya yönəldilmişdir.
Fəaliyyət dövründə Müvəkkil erməni təcavüzü, Xocalı soyqırımı, insan hüquqları ilə bağlı 122 bəyanat qəbul edərək, BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, digər beynəlxalq qurumlara, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycan diaspor təşkilatlarına ünvanlanmış, bu qurumlar tərəfindən rəsmi qeydə alınmış, bəzilərinin saytlarında yerləşdirilmiş və tədbirlərində istifadə olunur. Həmçinin Müvəkkilin 44 Bəyanatı ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşlərində səsləndirilmiş, qeydə alınaraq qurumun saytında yerləşdirilmişdir.
E.Süleymanova Azərbaycanın Dağlıq Qarabağ ərazisinin, eləcə də yeddi ətraf rayonun Ermənistan tərəfindən işğal edildiyini, ölkəmizin 20 faiz ərazisinin zəbt olunduğunu, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, onların hüquqlarının kütləvi şəkildə kobudcasına pozulduğunu bildirmişdir.
Son günlər cəbhə bölgəsində baş verən hadisələr, təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən mülki azərbaycanlı əhalisinin, o cümlədən uşaqların və qadınların ağır artilleriyadan və iriçaplı silahlardan atəşə tutularaq öldürülməsi və ağır yaralanması, erməni hərbçiləri tərəfindən mülki və sosial obyektlərin atəşə tutulması və dağıdılması barədə qonaqlara ətraflı məlumat verilmişdir. Ermənilər tərəfindən Azərbaycanın mülki əhalisini atəşə tutulması faktının beynəlxalq sənədlərə zidd olması, beynəlxalq qurumların nəticəsiz fəaliyyətinin və hərəkətsizliyinin cəzasızlıq mühiti yaratdığı və münaqişənin həllinə yardımçı olmadığı diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, 2017-ci ilin iyul ayının 4-də Azərbaycan Respublikasının Fizuli rayonunun Alxanlı kəndində yaşayış məntəqələrinin bir daha atəşə tutularaq 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyevanın, onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətl edilməsi, 1965-ci il təvəllüdlü Səlminaz Quliyevanın ağır yaralanması, 2017-ci ilin avqust ayının 7-də Tovuz rayonunun Qaralar kəndinin atəşə tutularaq 2004-cü il təvəllüdlü Ramin Yusifovun ağır yaralanması ilə bağlı Müvəkkilin Bəyanatları çoxsaylı nüfuzlu beynəlxalq təşkilatlara və xarici ombudsmanlara göndərilmişdir.
BMT İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən qəbul edilən Həqiqətə çatım hüququ üzrə insan hüquqları qətnaməsinin müvafiq müddəalarına diqqət çəkən Müvəkkil, sənəddə cəzasızlığa son qoyulması və insan hüquqlarının müdafiəsi və təbliği işinə tövhə vermək üçün həqiqətə çatım hüququna hörmətin və onun təmin edilməsinin əhəmiyyətinin xüsusi olaraq vurğulandığını qeyd etmişdir.
Müvəkkil artıq 25 ildir ki, fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinin və hər bir tövsiyəsinin nəticəsiz olduğunu nəzərə alaraq yeni mexanizmlərin işlənib hazırlanmasının məqsədəmüvafiq olduğunu qeyd etmişdir.
Qonaq ətraflı məlumat verdiyi üçün Müvəkkilə təşəkkür etmiş, onun fəaliyyətinin önəmini vurğulamışdır. Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan qonaq bu istiqamətdə “İnsandan-İnsana (People to People)” dialoq formatının daha səmərəli olacağını, bu baxımdan hər iki ölkənin vətəndaşlarının bir araya gətirilməsinin və dialoq mühitinin yaradılmasının əhəmiyyətini qeyd etmiş və bu istiqamətdə ATƏT Parlament Assambleyası olaraq istənilən köməyi etməyə hazır olduqlarını bildirmişdir.
Xanım Kristin Muttonen insan hüquqlarının çox geniş bir sahə olduğunu, Müvəkkilin bu sahədə fəaliyyətini, xüsusilə təsisat tərəfindən hazırlanan hüquqi nəşrləri, əhalinin müxtəlif qrupları arasında aparılan maarifləndirmə tədbirlərinin, o cümlədən uşaq hüquqlarının pilləli tədris proqramını yüksək qiymətləndirmiş, sözügedən istiqamətdə Azərbaycan Ombudsmanı ilə Kopenhagen Ofisi arasında əməkdaşlığın və təcrübə mübadiləsinin çox faydalı olacağını qeyd etmişdir.
Görüşdə qonağı maraqlandıran suallar ətraflı cavablandırılmışdır.