Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının rəhbəri ATƏT-in İnsan Ölçüsü üzrə İllik Görüşündə iştirak etmişdir

18-09-2017 10166 dəfə oxunub
Ombudsman Aparatının rəhbəri ATƏT-in İnsan Ölçüsü üzrə İllik Görüşündə iştirak etmişdir

2017-ci il 11-22 sentyabr tarixlərində Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə İllik Görüşü keçirilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı 11-13 sentyabr tarixlərində həmin tədbirdə iştirak etmişdir.

Gündəliyə əsasən İllik görüşdə demokratik institutlar, informasiya və media azadlığı, ifadə və birləşmək azadlığı, vətəndaş cəmiyyətinin insan hüquqlarının müdafiəsində rolu, humanitar məsələlər, insan alverinə qarşı mübarizə, qadınlar və kişilər üçün bərabər imkanlar, uşaq hüquqlarının müdafiəsi və digər mövzulara həsr olunmuş işçi sessiyalar keçirilmişdir.

Ombudsman Aparatının rəhbəri 2-ci və 5-ci işçi iclasda müvafiq mövzularla bağlı məruzə ilə çıxış etmişdir. 

Aydın Səfixanlı 2-ci sessiyadakı çıxışında insan hüquqları və əsas azadlıqlarına hörmət prinsipinin beynəlxalq hüququn əsas prinsiplərindən biri kimi dövlətlərarası münasibətlərin əsasını təşkil etdiyini, insan hüquq və azadlıqlarına hörmətin beynəlxalq təhlükəsizlik sisteminin tərkib hissəsi olduğunu qeyd edərək, ATƏT-i bir qurum kimi, o cümlədən ATƏT-ə üzv olan dövlətləri harada baş verməsindən və hansı dövlət tərəfindən törədilməsindən asılı olmayaraq beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinin, insan hüquqlarının, beynəlxalq humanitar hüququn davamlı olaraq pozulması faktlarına biganə qalmamağa, səssizlik nümayiş etdirməməyə, yeni-yeni hüquq pozuntularının baş verməməsi üçün bu pozuntulara yol verən Ermənistan dövlətinin cəzalandırılmasında səylərini birləşdirməyə səsləmişdir.

Qeyd olunmuşdur ki, 2017-ci ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər hədəflənmiş şəkildə, qəsdən ağır silahlardan atəşə tutulmuş, nəticədə Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olmuş, digər mülki şəxs Quliyeva Səlminaz ağır yaralanmış və mülki obyektlər dağıdılmışdı.

Eyni zamanda Ermənistan silahlı qüvvələri bölmələrinin 2017-ci il avqust ayının 7-də Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə törətdikləri növbəti təxribat nəticəsində Qaralar kənd sakini 13 yaşlı uşaq Yusifov Ramin Sabir oğlunun qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. 

Bildirilmişdir ki, bu son hadisələr Ermənistan silahlı qüvvələri tərəfindən minlərlə günahsız insanın həyatına son qoyulması, kütləvi şəkildə insan hüquqlarının kobudcasına pozulması, dünya mədəniyyətinə mənsub tarixi, dini və mədəni abidələrin tam dağıdılması ilə nəticələnən, Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı olan növbəti bir cinayət aktı kimi qiymətləndirilməlidir və beynəlxalq hüquq normalarına əsasən həmin cinayətləri törədənlərin cəzalandırılması istiqamətində təsirli tədbirlər görülməlidir. 

Cəzasızlıq mühitinin arxayınçılığı o səviyyəyə çatıb ki, Ermənistan beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizlik nümayiş etdirərək mülki əhalini, xüsusilə azyaşlı uşaq və qadınları qətlə yetirməkdən çəkinmir.

A.Səfixanlı çıxışında BMT-nin İnsan Hüquqları Şurasının “Həqiqət hüququ” Qətnaməsinin tələblərini bir daha tədbir iştirakçılarının diqqətinə çatdıraraq, həmin qətnaməyə əsasən insan hüquqlarının, humanitar hüququn kobud pozuntu hallarına qarşı mübarizə, bu kimi pozuntuların qarşısının alınması və cəzasızlıq mühitinin aradan qaldırılması sahəsində üzv dövlətlərin, beynəlxalq təşkilatların, milli insan hüquqları təsisatlarının, qeyri hökumət təşkilatlarının səylərinin birləşdirilməsinin vacibliyinin vurğulandığını və Azərbaycan Ombudsmanının BMT-nin İnsan Hüquqları Şurasının məlum qətnaməsinin də tələblərini rəhbər tutaraq, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, dinc əhalinin qətlə yetirilməsinə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması məqsədilə dünya birliyinə, mötəbər beynəlxalq qurumlara və həmkarlara ünvanlanan bəyanat və müraciətlər qəbul etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Çıxışda həmçinin Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının, Uşaq Hüquqları Konvensiyasının və digər beynəlxalq sənədlərin ciddi şəkildə pozulduğu, Azərbaycanın çoxəsrlik tarixi ərzində tolerant və mehriban birgə yaşama mədəniyyəti, ümumqəbul olunmuş dəyərlərə, sülhə sadiqliyi dünya dövlətləri üçün nümunə kimi göstərildiyi, Ermənistanın isə yalnız Azərbaycanda deyil, həm də bütün regionda sülh və inkişaf üçün mühüm təhlükə mənbəyi olduğu qeyd olunmuş, ölkəmizin BMT və dünya tərəfindən tanınmış dövlət sərhədlərinin bərpa olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün ATƏT və üzv dövlətlər birgə qətiyyətli səylər  göstərməyə və tədbirlər görməyə çağırılmışdır.

A.Səfixanlı həmçinin tədbirin 5-ci sessiyasında çıxış edərək Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətin ictimai-siyasi həyatında iştirakının təmin edilməsi və bu sahədə Ombudsmanın rolu barəsində tədbir iştirakçılarına geniş məlumat vermişdir. 

Onun hər iki sessiyadakı çıxışı tədbirin rəsmi sənədləri sırasına daxil edilmiş və ATƏT-in rəsmi saytında yayımlanmışdır.