Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusundakı konfransda çıxış etmişdir

25-10-2017 10249 dəfə oxunub
Ombudsman “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusundakı konfransda çıxış etmişdir

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, BMT-nin Əhali Fondunun (UNFPA) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) birgə layihəsi çərçivəsində “Məişət zorakılığı ilə mübarizədə effektiv cavab mexanizminin yaradılması” mövzusunda konfrans təşkil olunmuşdur. 

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, müvafiq dövlət qurumlarının, o cümlədən Prezident Administrasiyasının, nazirlik və dövlət komitələrinin nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların təmsilçiləri iştirak etmişlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, UNFPA nümayəndəsi Qulam İshaqzai, ABŞ-ın ölkəmizdəki missiya rəhbərinin müavini Vilyam Gil çıxış edərək, konfransın məqsəd və məramı barədə məlumat vermişlər. Qeyd edilmişdir ki, əsas məqsəd Azərbaycanda Gender əsaslı zorakılıqla mübarizə sahəsində qurumlararası əlaqələndirmə şurasının yaradılması, habelə ölkəmizdə Məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair Milli Fəaliyyət Planının qəbulu üzrə müzakirələrin keçirilməsi olmuşdur.

Sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı tədbirin mövzusu ilə əlaqədar fikir və mülahizələrini bildirmişdir.  

Ombudsman konfransda çıxış edərək, Ümummilli liderimiz Heydər Əliyevin dövlətimizin inkişafının bünövrəsini qoyduğunu və respublikamızın geniş islahatlar məkanına çevrildiyini, bu məqsədyönlü siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləmişdir. O,  ötən illər ərzində ölkəmizin keçdiyi inkişaf yolu, xüsusilə də insan hüquqları sahəsində görülən işlər, habelə milli qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və bu sahədə əldə olunmuş nailiyyətlər barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, insanların, o cümlədən qadınların hüquq bərabərliyi məfhumunun özülünü insan hüquqları üzrə ilk təməl sənədi olan BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi qoymuşdur. İcrası mütləq olmayan, hər-hansı bir fərqə görə ayrı-seçkiliyin yolverilməzliyi prinsipini bəyan etmiş bu sənəd bir çox konvensiyalarda, ölkələrin konstitusiyalarında təsbit olunmuş və bundan sonra həmin müddəaların icrası mütləqdir, bunların arasında CEDAW Konvensiyası xüsusi əhəmiyyət kəsb edir. 

Azərbaycanla tərəfdaşlığının 25-ci ildönümü qeyd edilən BMT-nin 1993-cü ildə Vyanada keçirilmiş insan hüquqları üzrə ilk qlobal konfransında fəaliyyət proqramı qəbul edilib. Burada göstərilir ki, qadınlara münasibətdə zorakılıq BMT-nin qarşısında qoyulan məqsədlər, bərabərlik, inkişaf və sülhə nail olmaqda ən çətin maneələrdəndir. Nəhayət 20 dekabr 1993-cü ildə BMT-nin Baş Assambleyası Qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair Bəyannamə qəbul edir, bu sənəd 1995-ci il qadınların IV Ümumdünya Konfransının Pekin platforması ilə birgə bütün dünyada zorakılıqla mübarizənin təməl əsasıdır. Vyana konfransı həm də hər bir dövlətə insan hüquqları ilə bağlı milli fəaliyyət planı qəbul etməyi tövsiyə etmişdir. 

Ombudsman bildirmişdir ki, Azərbaycanda bu qəbildən üç mühüm strateji sənəd qəbul olunmuş, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011), həmçinin qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, bu sənədlər gender əsaslı zorakılığın, o cümlədən məişət zorakılığının qarşısının alınması üzrə hazırlanacaq Məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair Milli Fəaliyyət Planı üçün bir model kimi istifadə oluna bilər, çünki hər birində qadın hüquqlarının, habelə cinslər arasında hüquq bərabərliyi üzrə qanunvericiliyin təkmilləşməsi və bərabər imkanlar yaratmaqla təmin olunması üzrə konkret təkliflər və tövsiyələr özünə yer tapmışdır.

Ölkə Prezidenti tərəfindən təsdiqlənmiş Milli Fəaliyyət Proqramının 2.15-ci bəndində qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə bağlı mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılması bir məqsəd kimi qarşıya qoyulmuşdur.

Müvəkkil bu sahədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini və Ombudsman təsisatı ilə əməkdaşlığını yüksək dəyərləndirmişdir. O, Komitənin BMT-nin Əhali Fondu ilə həyata keçirdiyi yeni uğurlu layihəsini xüsusi vurğulamış, regionlardakı qadınların iqtisadi və sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş qadın resurs mərkəzlərinin məişət zorakılığının əsas səbəblərindən olan iqtisadi asılılığının aradan qaldırılmasına imkan yaradacağını bildirmişdir.

Ombudsmanın qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinə yönəlmiş Azərbaycan Qadın və İnkişaf Mərkəzi ilə birgə həyata keçirdiyi icma səviyyəsində reproduktiv sağlamlıq və ailə planlaşması layihələri və tədbirləri barədə ətraflı məlumat verilmişdir. Məişət zorakılığı, zərərli vərdişlər, narkomaniya, QİÇS və digər yoluxucu xəstəliklərlə mübarizənin bütövlükdə ailənin möhkəmlənməsinə, sağlam və layiqli həyata yol açdığı diqqətə çatdırılmışdır.

Müvəkkil qarşıya qoyulan məqsədlərə nail olmaq üçün hüquqi maarifləndirmənin rolunun ölçüyəgəlməz olduğunu vurğulamış, bunun üçün isə çoxsaylı tirajda vəsaitlərin yazılması və paylanmasının vacibliyini vurğulamışdır. O, qadınlarımızın zəngin potensialının olduğunu söyləmiş və Azərbaycan qadınlarının, yeni nəslə qədəm qoyan qızların layiqli gələcəyi naminə səylərin birləşdirilməsinin, səmərəli əməkdaşlığın zəruriliyini bildirmişdir.

E.Süleymanova Azərbaycanda Gender əsaslı zorakılıqla mübarizə sahəsində qurumlararası əlaqələndirmə şurasının yaradılmasının, habelə ölkəmizdə Məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair Milli Fəaliyyət Planının qəbul olunmasının vacibliyini bir daha qeyd etmiş, bu layihələri dəstəklədiyini nəzərə çatdırmışdır.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Prezident Administrasiyası Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin məsləhətçisi Əli Ağayev, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Daxili İşlər Nazirliyinin Baş ictimai təhlükəsizlik idarəsinin rəisi Oqtay Kərimov və digər iştirakçılar mövzu ilə bağlı mülahizələrini bildirmişlər.

Sonra müzakirələr fikir mübadiləsi şəraitində başa çatmışdır.