Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin nümayəndələrini qəbul etmişdir

24-10-2017 10256 dəfə oxunub
Ombudsman İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin nümayəndələrini qəbul etmişdir

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Gnatovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Qonaqları salamlayan Müvəkkil 02 dekabr 2008-ci ildə BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının Fakültativ Protokoluna qoşulduqdan sonra, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2009-cu il tarixli Sərəncamı əsasında Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində Müvəkkilin müəyyən olunması, bu səlahiyyətlərlə bağlı Ombudsman haqqında Konstitusiya Qanununa dəyişikliklərin edilməsi haqqında məlumat vermişdir. 

Bu istiqamətdə sistemli fəaliyyətin təşkili məqsədilə təsisatda müvafiq struktur bölmənin, həmçinin Milli Preventiv Qrupun yaradıldığı, qrup tərəfindən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərə müntəzəm olaraq planlı və plandan kənar başçəkmələr həyata keçirildiyi qonaqların diqqətinə çatdırılmışdır. 

Qeyd edilmişdir ki, başçəkmələr zamanı saxlanılan şəxslər konfidensial şəkildə qəbul edilir, onların müraciətləri qəbul olunur, müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilir, bundan başqa hər bir başçəkmədən sonra müvafiq qurumlara müraciət edilir, tövsiyələr verilir, keçirilən başçakəmələrin nəticələri təhlil edilərək hesabat şəklində dərc edilir.

Hər bir polis şöbəsində, o cümlədən penitensiar müəssisələrdə və şəxslərin öz iradəsi ilə tərk edə bilmədikləri yerlərdə işgəncələr və uşaq hüquq pozuntusu ilə bağlı məlumatları qəbul edən 24 saat fəaliyyət göstərən qaynar xətt lövhələrinin asıldığı qeyd edilmişdir.

E.Süleymanova ölkə Prezidentinin 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncam imzaladığını, vaxtilə Müvəkkilin də alternativ cəza metodlarının tətbiqi üzrə bir sıra təkliflər verdiyini diqqətə çatdırmışdır. 

Ombudsman və təsisatın əməkdaşları tərəfindən insan hüquqlarının müxtəlif sahələri üzrə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası, hakimliyə namizədlər, penitensiar xidmətə və tibb xidmətinə yeni qəbul edilmiş əməkdaşlara, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında müdavimlərə və xidmət əməkdaşlarına mütəmadi olaraq hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsinin Ombudsman təsisatı ilə əməkdaşlığın qurulması baxımından önəmli olduğunu bildirmişdir. 

Eyni zamanda qeyd edilmişdir ki, Azərbaycan Ombudsmanı Avropa İttifaqının Tvinninq layihələrində fəal iştirak etməkdədir. 

Əlavə edilmişdir ki, ilk Tvinninq Light layihəsi çərçivəsində Ombudsmanın MPM kimi fəaliyyətinin inkişaf etdirilməsi xüsusi bir komponent kimi nəzərdə tutulmuş və MPM-in Nizamnamə və təlimatlarının hazırlanması prosesində iki CPT nümayəndəsi ekspert qismində iştirak etmişdir.

Hal-hazırda davam edən və sayca ikinci Tvinninq layihəsində də əsas komponentlərdən birini Ombudsmanın MPM kimi fəaliyyətinin inkişaf etdirilməsi təşkil edir və bu layihə çərçivəsində Yunanıstanın, Polşanın, Portuqaliyanın Ombudsman təsisatlarının MPM qismində fəaliyyətləri ilə yaxından tanış olunmuş, təcrübə mübadiləsi aparılmışdır. Qeyd olunmuşdur ki, adı çəkilən ölkələrin ombudsman təsisatlarının nümayəndələri Azərbaycan Ombudsmanının MPM qismində fəaliyyətini yüksək dəyərləndirmiş, bəzi müsbət iş təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını bildirmişlər.

Mikola Gnatovski Müvəkkilə ətraflı məlumat üçün təşəkkür etmiş, aparılan səmimi fikir mübadiləsini, MPM-in fəaliyyətini qiymətləndirmiş, Ombudsman təsisatı ilə CPT arasında əməkdaşlığın önəmini vurğulamışdır. 

Qonaqların Ombudsmanın MPM mandatı, Milli Preventiv Qrupun fəaliyyəti, tərkibi, başçəkmələrin formatı və digər məsələlərlə bağlı sualları ətraflı cavablandırılmışdır.