Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

“Uşaqlar üçün Ədliyyə” mövzusunda növbəti treninq keçirilmişdir

21-07-2017 233 dəfə oxunub
“Uşaqlar üçün Ədliyyə” mövzusunda növbəti treninq keçirilmişdir

Artıq üç ildir ki, Ombudsman, YUNİSEF, Ədliyyə və Polis Akademiyaları ilə birgə əməkdaşlıqda hakimlər, prokurorluq, polis, ədliyyə və yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarına ünvanlanan “Uşaqlar üçün Ədliyyə”, “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi” mövzularında hüquqi maarifləndirmə və bacarıqların artırılması məqsədi daşıyan treninqlər keçirilməkdədir.

Bu əməkdaşlıq çərçivəsində növbəti treninq Xəzər, Suraxanı və Pirallahı rayonlarının hakimləri, prokurorluq, polis, ədliyyə və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təşkil olunmuşdur.

Treninqdə Ombudsmanın Milli Preventiv Qrupunun rəhbəri Rəşid Rumzadə də ekspert qismində iştirak etmiş, mövzu üzrə milli qanunvericilik, beynəlxalq standartlar və təcrübə əsasında təqdimatlar etmiş, geniş müzakirələr və hüquqi maarifləndirmə işi aparılmışdır.

Yuvenal ədliyyə sistemində islahatların qanunla münaqişədə olan uşaqlara təsirinin qiymətləndirməsi vəziyyəti, yerli icra hakimiyyəti orqanları nəzdində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaların fəaliyyətinə yeni yanaşmalar, xarici ölkələrinin bu sahədə müsbət təcrübəsi, mövcud çətinliklər əsas müzakirə mövzularından olmuşdur.

R.Rumzadə Ombudsman Elmira Süleymanovanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti, ölkədə yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi sisteminə, milli qanunvericiliyin və bu sahədə təcrübənin təkmilləşdirilməsinə, ümumilikdə isə hüquqi islahatlara dəstək vermək məqsədilə təşəbbüsləri, həyata keçirdiyi işlər və preventiv tədbirlər, eləcə də bu sahədə mövcud çətinliklər və ehtiyaclar haqqında geniş məlumat vermişdir.

Treninqdə ədalətli qərarların qəbulu üçün polis, prokurorluq, məhkəmə və digər səlahiyyətli orqanların məlumatlılığının artırılması, hüquqazidd davranış nümayiş etdirən və saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə işin təkmilləşdirilməsinə olan ehtiyac, onların reabilitasiyası, habelə sosial adaptasiyası ilə bağlı müzakirələr aparılmışdır.

Ombudsmanın nümayəndəsi mövzu üzrə milli və beynəlxalq təcrübə, normativ-hüquqi aktlar, BMT-nin Uşaq Hüquqları Konvensiyası, Pekin qaydaları və Ər-Riyad təlimatları əsasında həyata keçirilməli olan preventiv tədbirlər haqqında fikirlərinmi bölüşmüşdür. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli müvafiq Sərəncamının əhəmiyyəti vurğulamış, cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş yetkinlik yaşına çatmayan şəxslərin də azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud yerli və xarici ölkələrin təcrübəsinə misallar əsasında müzakirəsi təşkil olunmuşdur.

Bu Sərəncamın effektiv tətbiqi Yuvenal Ədliyyə sisteminə və yetkinlik yaşına çatmayanlara münasibətdə hüquqi islahatlara da öz töhfəsini verəcəkdir. Fəaliyyət prosesində Yuvenal Ədliyyə prinsiplərinin nəzərə alınması, BMT-nin Uşaq Hüquqları Komitəsi, İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsi və digər beynəlxalq təşkilatlar tərəfindən ölkəyə verilmiş bir sıra tövsiyələrin icrası baxımından da mühüm əhəmiyyət daşıyır. 

Treninq proqram üzrə mövzuların canlı diskussiya şəraitində müzakirəsi və qarşılıqlı əməkdaşlıq şəraitində başa çatmışdır. 

Qeyd olunmalıdır ki, bu kimi hüquqi maarifləndirmə tədbirləri Müvəkkilin təşəbbüsü ilə, YUNİSEF-lə əməkdaşlıqda MPQ üzvlərinin və Müvəkkilin regional mərkəzləri əməkdaşları tərəfindən respublikanın regionlarında da davam etdirilməklə yanaşı, uşaq hüquqları sahəsində fəaliyyət göstərən məhkəmə, polis, təhsil, səhiyyə, yerli icra hakimiyyəti orqanlarının əməkdaşlarını geniş şəkildə əhatə etməklə uşaq hüquqlarının etibarlı müdafiəsi və təmini işinə öz töhfəsini verməkdədir.