Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi beynəlxalq konfransda iştirak etmişdir

20-10-2017 10154 dəfə oxunub
Ombudsmanın nümayəndəsi beynəlxalq konfransda iştirak etmişdir

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi tərəfindən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində mövzusunda beynəlxalq konfransın keçirilməsi” adlı layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunda beynəlxalq konfrans keçirilmişdir.

Milli Məclisin deputatlarının, işğal olunmuş ərazilərin icra hakimiyyətlərinin əməkdaşlarının, Azərbaycanda akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların nümayəndələrinin, hüquqşünas-alimlərin, tədqiqatçıların, QHT sədrlərinin, eləcə də əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların ailə üzvlərinin qatıldığı həmin tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov iştirak etmişdir.

M.Mahmudov tədbirdə çıxış edərək iştirakçıları Ombudsman Elmira Süleymanovanın əhalinin müxtəlif qruplarının, həmçinin əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlər, eləcə də ölkə Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.1-ci bəndinə uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işi davam etdirilməsi barədə ətraflı məlumat vermişdir.

İnsan Hüquqları üzrə Müvəkkilin azərbaycanlı əsir və girovların məsələsini daim diqqətdə saxladığı, onların hüquqlarının müdafiəsində səylər göstərdiyi, əsir və girovluqdan azad olunmaları ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) dəfələrlə rəsmi müraciət etdiyi və həmin təşkilatın mandatı çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq, bir neçə hərbi əsirin, o cümlədən ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” şərəfli adına layiq görülmüş hərbi qulluqçularımızın nəşlərinin, habelə erməni hərbçiləri tərəfindən girov götürülmüş 15 yaşlı Cavid Məmmədovun Azərbaycan tərəfinə qaytarıldığı diqqətə çatdırılmışdır.

Ombudsmanın ölkəmizin işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqda olduqları müddətdə işgəncə və ya insan ləyaqətini alçaldan rəftar və ya cəzaya məruz qalmamaları, onlarla  beynəlxalq hüquq normalarına uyğun davranışın təmin edilməsində yardımçı olmaq üçün BQXK-nın Azərbaycandakı nümayəndəliyinin keçmiş rəhbəri Denis Durana müraciət ünvanladığı, Komitənin Cenevrə şəhərində yerləşən baş iqamətgahında bu qurumun vitse-prezidenti xanım Kristina Börli ilə müzakirə etdiyi, həmçinin girovların ailə üzvləri ilə görüşdüyü, problemləri və qayğıları ilə tanış olduğu, Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) D.Əsgərov və Ş.Quliyevin məhkəmə işinə ədalətli baxılmasıı və bu prosesin sürətləndirilməsinin prioritet məsələ kimi nəzərə alması, onların qanunsuz girovluqdan tezliklə azad edilərək, Azərbaycan tərəfinə qaytarılmasına yönəlmiş tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edilməsi məqsədilə AİHM-nin prezidenti cənab Dean Spielmana rəsmi qaydada müraciət etdiyi vurğulanmışdır.

Qeyd edilmişdir ki, 2017-ci ilin iyul ayının 4-də Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində yaşayış məntəqələrinin bir daha atəşə tutularaq 1967-ci il təvəllüdlü Sahibə Allahverdiyevanın, onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, 2017-ci ilin avqust ayının 7-də Tovuz rayonu ərazisində 13 yaşlı Raminin ağır yaralanması ilə bağlı Müvəkkilin Bəyanatları çoxsaylı nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Uşaq Fonduna (UNİCEF) və xarici ombudsmanlara göndərilərək Ermənilər tərəfindən Azərbaycanın  mülki əhalisini atəşə tutulması faktının beynəlxalq sənədlərə zidd olması, beynəlxalq qurumların nəticəsiz fəaliyyətinin və hərəkətsizliyinin cəzasızlıq mühiti yaratdığı və münaqişənin həllinə yardımçı olmadığı diqqətə çatdırılmışdır.

Yeri gəlmişkən, UNİCEF-in direktor köməkçisi Kornelius Uilyams tərəfindən Ombudsmanın ünvanına daxil olmuş məktubda həmin Bəyanata görə təşəkkür edildiyi bildirilmiş və eyni zamanda vurğulamışdır ki, heç bir icmada, heç bir ailə silahlı münaqişə nəticəsində uşaq itkisindən əziyyət çəkməməlidir.

Ümumilikdə fəaliyyət dövrü ərzində Müvəkkilin erməni təcavüzü, Xocalı soyqırımı, insan hüquqları ilə bağlı 122 bəyanat qəbul edərək nüfuzlu beynəlxalq təşkilatlara ünvanladığı, həmçinin onun 44 Bəyanatının ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşlərində səsləndirildiyi, qeydə alınaraq qurumun saytında yerləşdirildiyi bildirilmişdir.