Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman BMT-nin gender üzrə eksperti Linda Virti qəbul etmişdir

13-06-2017 197 dəfə oxunub
Ombudsman BMT-nin gender üzrə eksperti Linda Virti qəbul etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova UNAPF çərçivəsində BMT Agentlikləri tərəfindən həyata keçirilən fəaliyyətdə genderə həssas yanaşmanın tətbiq edilməsi işində kömək etmək məqsədilə Azərbaycana səfər edən gender üzrə ekspert Linda Virti qəbul etmişdir.

Qonağı salamlayan Müvəkkil gender bərabərliyinin insan hüquqlarının mühüm tərkib hissəsi olduğunu qeyd etmiş, təsisatın qadın hüquqlarının müdafiəsi istiqamətində gördüyü işlər barədə ətraflı məlumat vermişdir.

E.Süleymanova Ombudsman  təsisatı və vaxtilə yaratdığı Azərbaycan Qadın və İnkişaf Mərkəzinin fəaliyyətində qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində mühüm işlər görüldüyünü, ölkənin ayrı-ayrı bölgələrində əhali arasında bu istiqamətdə  maarifləndirmə işi apardığını söyləmişdir. O, tarixi əhəmiyyətli Vyana, Qahirə və Pekin konfranslarında iştirakını, adı çəkilən beynəlxalq tədbirlərin də əhalinin, o cümlədən qadınların bu mühüm məsələlərə həsr olunduğunu diqqətə çatdırmışdır.

Ölkədə sözügedən sahədə bir sıra tədbirlərin görüldüyü, çoxsaylı qanunvericilik aktlarının qəbul edildiyi, beynəlxalq standartların milli qanunvericiliyə implementasiyası sahəsində, o cümlədən institutlaşma islahatlarının aparıldığı, Azərbaycan qadınlarının parlamentdə, dövlət və yerli özünüidarəetmə orqanlarında idarəetmədə və qərar qəbuletmədə fəal iştirakının təmin edildiyi qonağın diqqətinə çatdırılmışdır. Qeyd edilmişdir ki, yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 35 faizə yüksəlmişdir.

Müvəkkil bildirmişdir ki, fəaliyyəti dövründə insan hüquq və azadlıqlarının effektivliyinin artırılması məqsədilə verdiyi 600-dən çox təklif və tövsiyələrin yarıdan çoxu öz həllini tapmış və ya icraya yönəldilmişdir ki, bunların içərisində qadın hüquqlarının effektiv təmini, qanunvericilik islahatları, məişət zorakılığı və qadınlara qarşı zorakılıqla mübarizə sahəsində təklifləri də vardır. O həmçinin  Əhalinin Reproduktiv Sağlamlığı və Ailə Planlanması haqqında Qanunun qəbulunun sürətləndirilməsi təklifi ilə çıxış etdiyini, bu istiqamətdə müvafiq dövlət qurumları, və Milli Məclisin deputatları ilə vəkillik işi apardığını diqqətə çatdırmış və bildirmişdir ki, hazırlanmaqda olan 2017-2025-ci illər üzrə Reproduktiv sağlamlığa dair Milli Strategiyaya tövsiyələrini vermişdir.

Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən imzalandığını nəzərə alaraq,  Müvəkkilin bu konvensiyanın, həmçinin Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının  Milli Məclis tərəfindən ratifikasiya edilməsini, habelə “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunmasını təklif etdiyi diqqətə çatdırılmışdır. 

Müvəkkil onun təklifləri də nəzərə alınmaqla Milli Məclisdə Ailə, qadın və uşaq komitəsinin yaradılmasının yüksək qiymətləndirildiyini bildirmişdir.

E. Süleymanova mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsinin, qanunvericilik aktlarında implementasiya mexanizmlərinin aydın şəkildə ifadə edilməsinin,  dövlət və yerli özünüidarəetmə orqanlarında çalışan qadınların bilik və bacarıqlarının artırılmasının önəmini vurğulamış, həmçinin qadınların polis orqanlarında işə cəlb edilmələri ilə bağlı təkliflə çıxış etdiyini, bunun məişət zorakılığı probleminə daha həssas yanaşılmasına əsas verəcəyini qeyd etmişdir. 

Müvəkkil  mövcud problemlərin aradan qaldırılması və qarşısının alınması üçün bu sahə üzrə statistikanın daha da təkmilləşdirilməsinin, spesifik istiqamətlər üzrə daha müfəssəl məlumatların hazırlanmasının, həmçinin mövcud vəziyyəti və ehtiyacları müəyyən etmək üçün bütün ölkə ərazisində sorğuların keçirilməsinin və qiymətləndirmənin aparılmasının zəruri olduğunu bildirmişdir. 

E.Süleymanova qadına qarşı zorakılıq probleminin həlli, ümumiyyətlə qadın hüquqularının daha səmərəli müdafiəsi üçün yeni kompleks şəkildə yanaşmanın, hər bir ölkənin xüsusiyyətlərinin nəzərə alınmasının,  qadın sahibkarlığının təşviqinin, ixtisaslaşmış QHT-lərin sayının artmasının, dövlət qurumları, yerli və beynəlxalq QHT-lər ilə birgə şəbəkə şəklində fəaliyyətin, eyni zamanda insan hüquqları, xüsusilə qadın və uşaq hüquqları və gender bərabərliyi mövzusunda əhalinin kütləvi inkluzivliyinin təmin edilməsi ilə regionlarda geniş maarifləndirmə işinin, ixtisaslaşmış treninqlərin, icma əsaslı fəaliyyətin, həmçinin  qadın liderliyi ilə bağlı davamlı kursların təşkilinin, icmalarda bilavasitə qadınların özləri ilə görüşlərin keçirilməsinin, müvafiq beynəlxalq sənədlərin Azərbaycan dilinə tərcümə edilməsinin və geniş əhali kütlələri arasında təşviqinin, o cümlədən ölkələr arasında bu sahədə mövcud olan müsbət təcrübələrin bölüşdürülməsinin əhəmiyyətini qeyd etmişdir. 

Müvəkkil insan hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmini sahəsində BMT –nin qurumları ilə əlaqələndirilmiş əməkdaşlığın önəmini vurğulamışdır.

Qonağı maraqlandıran digər suallar da Müvəkkil tərəfindən ətraflı cavablandırılmışdır. 

Linda Virt Müvəkkilin bu sahədə fəaliyyətini, xüsusilə apardığı təşviqat işini, təklif və tövsiyələrini yüksək qiymətləndirmiş, aparılan müzakirələrin ona yeni ideyalar verdiyini  bildirmişdir. O qeyd etmişdir ki, gender məsələsi BMT üçün çox önəmlidir, bu baxımdan genderin bütün sahələrə inteqrasiya edilməsi üçün hər bir ölkənin ehtiyaclarının, spesifik xüsusiyyətlərinin öyrənilməsi çox vacibdir. 

Sonda qonaq səmimi qəbul və səmərəli fikir mübadiləsi üçün   E.Süleymanovaya  minnətdarlığını bildirmişdir.