Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Sığınacaq və miqrasiya məsələlərinə cəlb olunan dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər davam etdirilir

13-06-2017 172 dəfə oxunub
Sığınacaq və miqrasiya məsələlərinə cəlb olunan dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər davam etdirilir

Məlum olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova qaçqın statusunun müəyyənləşdirilməsi, sığınacaq axtaran şəxslərin hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq təşkilatlar və aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində davamlı tədbirlər həyata keçirir. Belə ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi ilə birgə 2013-cü ildən icra olunan “Şərqi Avropada və Cənubi Qafqazda Sığınacaq Sistemlərinin Keyfiyyətinin Artırılması Təşəbbüsü” (ŞACQKT) layihəsi gerçəkləşdirilir.

Bu günlərdə sözügedən layihə çərçivəsində BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Ombudsman təsisatının birgə təşkilatçılığı ilə Gəncə şəhərində respublikanın qərb bölgəsini əhatə edən regional təlim keçirilmişdir.

Tədbirə Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının və Gəncə Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri ilə yanaşı, yerli hüquq-mühafizə, gömrük və sərhəd xidməti orqanlarının əməkdaşları da qatılmışlar.

Tədbiri giriş sözü ilə açan təşkilatçılar təlimin məqsəd və məramını iştirakçıların diqqətinə çatdırmış, gündəlikdə duran mövzularla bağlı məruzəçilərin çıxışları dinlənildikdən sonra mövzu üzrə müzakirələrə yer verilmişdir. 

Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova tədbirdə müvafiq məruzə-təqdimatla çıxış edərək, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmini sahəsində həyata keçirilmiş hüquqi islahatlar, təmsil etdiyi təsisatın qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsində rolu, Müvəkkilin bu istiqamətdə çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, müasir dövrdə dünyada baş verən müxtəlif siyasi və iqtisadi proseslər sosial-iqtisadi miqrasiyanın genişlənməsində təsirli rol oynamaqdadır. Miqrantlar əhalinin kifayət qədər dinamik və mobil qrupu olması səbəbindən onların sayı və gəlmə səbəbləri ilə yanaşı həm də tərkibinə nəzər yetirilməsi və problemlərinə həssas yanaşma zəruridir. Belə ki, sığınacaq axtaran şəxslər arasında müxtəlif yaş və sosial qruplara aid olan şəxslərin, eyni zamanda müxtəlif dillərə, dinlərə, millətlərə və fərqli mədəniyyətə malik olması səbəbindən onların bütün zəruri ehtiyaclarının ən yaxşı formada həyata keçirilməsi vacibdir. Bu səbəbdən miqrasiya və sərhəd idarəçiliyi sisteminin davamlı olaraq təkmilləşdirilməsinin vacibliyini diqqətə çatdıran Ombudsmanın nümayəndəsi emiqrasiya, immiqrasiya, tranzit və sığınacaqla təmin etmə prosedurlarının düzgün tətbiq edilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsinin daim Ombudsmanın diqqət mərkəzində saxlanıldığını bildirmişdir. 

Həmçinin vurğulanmışdır ki, Azərbaycan Ombudsmanı miqrantların hüquqlarının daha effektiv müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirərək xarici ölkələrin Ombudsmanları ilə insan hüquqları sahəsində ikitərəfli əməkdaşlıq haqqında 14 saziş imzalamışdır. Həmin sazişlərin əsas məqsədinin təsisatların Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrin ərazilərində, hüquqi sənədin tərəfi olan ölkənin vətəndaşlarının isə ölkəmizdə hüquqlarının pozulması halları ilə əlaqədar bir-birini vaxtında onların bərpasına Ombudsmanların öz səlahiyyətləri daxilində yardım göstərməkdən ibarət olduğu diqqətə çatdırılmışdır.

Müvəkkilin nümayəndəsi “qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət etmiş şəxsin hüquqlarının milli və beynəlxalq qanunvericiliyə uyğun təmin edilməsi, həmçinin insan alveri cinayətlərinin profilaktikası məqsədilə Ombudsmanın Milli Preventiv Qrupunun DMX-in Bakı və Yevlax şəhərlərində Qanunsuz Miqrantların Saxlanılma mərkəzlərinə mütəmadi baxışlar keçirdiyini, orada saxlanılanların vəziyyətinin araşdırıldığını və lazımi tədbirlərin görüldüyünü bildirmişdir.

T.Cahangirova qeyri-leqal miqrasiyanın qarşısının alınması məqsədilə sərhədi qanunsuz keçən miqrantların yerlərinin müəyyən edilməsi, ayrı-ayrı informasiya kampaniyaların təşkili də daxil olmaqla buraxılış məntəqələrinə və vizaların verilməsi üzərinə nəzarətin gücləndirilməsi, geniş maarifləndirmə işinin aparılması, o cümlədən qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı prosedur qaydalarının və sığınacaq sisteminin inkişaf etdirilməsi sahəsində ölkədə fəaliyyət göstərən dövlət orqanları, beynəlxalq təşkilatlar, QHT-lər və icmalarla birgə əməkdaşlığın vacibliyini vurğulamışdır.

Müvəkkilin nümayəndəsi sığınacaq axtaran miqrantlara hüquqi və psixoloji yardımların göstərilməsinin, miqrantların müxtəlif qrupları üzrə təlim-tədris mərkəzlərinin yaradılmasının, habelə saziş qurumlarına və başqa beynəlxalq təşkilatlara dövlət hesabatlarının hazırlanmasına vətəndaş cəmiyyətinin iştirakı ilə, ictimai dinləmələr şəklində, konkret aspektlər üzrə miqrantları da cəlb etməklə müzakirələrin  keçirilməsinin, həmçinin iş yerlərində qeyri-leqal miqrantların aşkar edilməsi məqsədilə birgə yoxlamaların həyata keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Tədbirdə müzakirələr zamanı səmərəli fikir və təcrübə mübadiləsi aparılmışdır.

Eyni zamanda təlim çərçivəsində Ombudsmanın nümayəndəsi tərəfindən digər həmtəşkilatçılar ilə birgə Gəncə Beynəlxalq Hava Limanına baş çəkilmiş, müvafiq sahənin təkmilləşdirilməsi məsələsi müzakirə edilmişdir.