Bu günlərdə Fransanın Strasburq şəhərində Avropa Şurası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Ofisinin birgə təşkilatçılığı ilə Avropa və digər regionlarda fəaliyyət göstərən Milli Preventiv Mexanizmlərin əlaqələndiricilərinin məsləhətləşmə görüşü keçirilmişdir.
30 may – 1 iyun tarixlərini əhatə edən tədbirdə Avropa Şurasının, ATƏT-in, BMT-nin İşgəncələrin və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə Altkomitəsinin (SPT), Avropa Şurasının İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin (CPT), İşgəncələrin qarşısının alınması üzrə Assosiasiyanın (APT), Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRİ), Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinın (ENNHRİ), müstəqil ekspertlərin təqdimatları dinlənilmiş, sessiyalarda mövzular üzrə fikir mübadilələri aparılmışdır.
Təbirdə Azərbaycan Ombudsmanını Aparatın şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə təmsil etmişdir.
Çoxsaylı Milli İnsan Hüquqları Təsisatlarının nümayəndələrinin, Milli Preventiv Mexanizm (MPM) mandatına malik təsisatların, MPM mandatının formalaşdırılmasına namizəd ölkələrin nümayəndələrinin qatıldığı tədbirdə, gündəlikdə olan ilk məsələ yeni sənəd olan “Miqrantlarla bağlı Avropa qaydaların”ın layihəsinin müzakirəsi olmuşdur. Sənəd layihəsi MPM nümayəndələrinin, beynəlxalq təşkilatların iştirakı ilə verilmiş təklif və tövsiyələr əsasında təkmilləşdirilmiş, Azərbaycan MPM-nin də təklifləri sənəddə yer almış və yeni qaydalar Avropa Şurası çərçivəsində növbəti mərhələyə tövsiyə edilmişdir.
Tədbirdə Ombudsmanın nümayəndəsi tərəfindən sənədin bölmələri üzrə fikirlər səsləndirilmiş, həbs edilmiş şəxslər, eləcə də miqrantlarla bağlı beynəlxalq standartların milli qanunvericiliyə implementasiyası sahəsində ölkəmizdə həyata keçirilən islahatlar, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Ombudsmanın MPM qismində bu proseslərdə fəal iştirakı və həyata keçirdiyi fəaliyyət, verdiyi təkliflər, əvvəlcədən xəbərdarlıq etmədən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə keçirilən başçəkmələr, ölkədə formalaşmış müsbət təcrübə, beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələr, eləcə də fəaliyyətin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən işlər barədə geniş məlumat vermişdir.
Növbəti müzakirə mövzusu isə, Milli Preventiv Mexanizm mandatına malik təsisatların, Milli İnsan Hüquqları İnstitutlarının birgə əməkdaşlıq istiqamətləri, mövcud çətinliklər, gələcək hədəflərlə bağlı olmuş və proqrama uyğun olaraq mövzular üzrə keçirilən sessiyalar və görüşlər canlı diskussiya və fikir mübadiləsi şəraitində davam etmişdir.
Bildirilmişdir ki, Ombudsman haqqında Konstitusiya Qanununa MPM mandatı ilə bağlı edilmiş mütərəqqi dəyişikliklər, beynəlxalq sənədlərə uyğun şəkildə Müvəkkilin fəaliyyətinin effektivliyinə imkan vermiş, nəticədə bu fəaliyyət istiqaməti üzrə hesabatlarında təqdim edilmiş təklif və tövsiyələrin yarıdan çoxu öz həllini tapmış və ya icraya yönəldilmişdir. Bu da başqa ölkələrlə müqayisədə əldə olunmuş nəticələr, həyata keçirilən islahatlar baxımından olduqca fərqlənir və müsbət ölkə təcrübəsi kimi qiymətləndirilir. Şəffaflığın təmin olunması baxımından isə, həyata keçirilən işlərlə bağlı mətbuat açıqlamaları, həmçinin MPM-in fəaliyyətinə dair hesabatlar, Müvəkkilin rəsmi internet saytında yaradılmış xüsusi bölmədə Azərbaycan və İngilis dillərində yerləşdirilmişdir.
Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli müvafiq Sərəncamı əsasında cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxslər sırasında miqrantların da azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud təcrübənin inkişafı əsas məqsədlərdən olduğundan, bu istiqamətdə də müsbət ölkə təcrübəsinin formalaşdırılmasına öz töhfəsini verəcəkdir.
Səfər çərçivəsində Ombudsmanın nəşrləri, illik məruzəsi, Müvəkkilin İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm qismində fəaliyyətinə dair hesabatlarının nüsxələri Avropa Şurasının Ofisinə təqdim olunmuşdur.