Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Polşada keçirilmiş beynəlxalq tədbirdə iştirak etmişdir

06-06-2017 204 dəfə oxunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Polşada keçirilmiş beynəlxalq tədbirdə iştirak etmişdir

29 may – 2 iyun 2017-ci il tarixlərdə Polşanın Poznan şəhərində Milli İnsan Hüquqları Təsisatlarının Akademiyası keçirilmişdir. Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsi (ENNHRI) və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) birgə təşkilatçılığı, Polşa İnsan Hüquqları Komissarı və Poznan İnsan Hüquqları Mərkəzinin dəstəyi ilə keçirilmiş Akademiyada 27 ölkədən Milli İnsan Hüquqları Təsisatlarının üzvləri iştirak etmişdir. 

Akademiyanın keçirilməsində əsas məqsəd MİHT-lərin gündəlik fəaliyyətləri zamanı qarşılaşdıqları problemlərin həlli yolları və milli səviyyədə insan hüquqlarının təşviq və təmin olunmasında belə təsisatların əhəmiyyətinin artırılması barədə praktiki məlumatların təmin edilməsindən ibarət olmuşdur.

Sayca 4-cü olan Akademiyanın sessiyaları Paris Prinsipləri, çətin şəraitdə insan hüquqlarının təşviq edilməsi və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) kimi mövzulara həsr olunmuşdur. 

Tədbirdə giriş nitqi ilə çıxış edən DTİHB Direktorunun birinci müavini Katarzina Qardapkadze və Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) rəhbəri, eyni zamanda Almaniya İnsan Hüquqları İnstitutunun direktoru Beate Rudolf akademiyanın əhəmiyyətindən danışmış və iştirakçılara uğurlar arzulamışlar. 

ATƏT DTİHB-nin İnsan Hüquqları Departamentinin rəhbəri Omer Fişerin, ENNHRI baş katibi Debbie Kohnerin, Avropa İttifaqı Fundamental Hüquqlar Agentliyinin sədri Frauke Seidenstikerin, Polşa İnsan Hüquqları Komissarı Ofisinin departament rəhbəri Miroslav Vroblevskinin, ENHHRI-nin keçmiş sədri Alan Millerin, BMT və ATƏT-dən və müxtəlif MİHT-lərdən dəvət olunmuş digər ekspertlərin tematik mövzulara uyğun olaraq təqdimatları dinlənilmişdir.

Akademiyada Azərbaycanın milli insan hüquqları təsisatı funksiyalarını icra edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Hüquqi-maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin Beynəlxalq əlaqələr sektorunun baş məsləhətçisi Elmin Cəfərov da iştirak etmişdir.

Ombudsman Aparatının nümayəndəsi təmsil etdiyi təsisatın BMT-nin Paris Prinsiplərinə uyğun olaraq fəaliyyət göstərdiyini və “A” statusu ilə akkreditasiya olunduğunu, Azərbaycan Ombudsmanının DİM-lərlə bağlı əhatəli fəaliyyət göstərdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Qeyd olunmuşdur ki, hələ 2012-ci ildə keçirilmiş Rio+20 konfransında DİM-lərin yaradılması prosesinə başlamaq barədə qərar qəbul olunduqdan sonra, Azərbaycan Ombudsmanının təşəbbüsü ilə ölkənin paytaxtında və regionlarında milli məsləhətləşmələr keçirilmişdir. Bütün əhali qruplarının iştirakı ilə təşkil olunmuş milli məsləhətləşmələrin keçirilməsi 2015-ci ildən sonrakı dövr üçün inkişaf məqsədlərinin yeni nəslinin müəyyənləşdirilməsi məqsədi daşımışdır. Geniş tərkibdə keçirilmiş məsləhətləşmələrdə səsləndirilmiş təkliflər DİM-lərdə öz əksini tapmışdır.

Ombudsmanın milli insan hüquqları təsisatı kimi vətəndaş cəmiyyəti və hökumət arasında “körpü” rolunu oynadığını nəzərə alaraq, DİM-lərin implementasiyası prosesinə qeyri-hökumət təşkilatlarının cəlb edilməsinin təmin olunmasını təklif etməsi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılmış və onun işçi qruplarında Ombudsmanın üç nümayəndəsi aktiv şəkildə iştirak edir. 

Müvəkkil milli insan hüquqları təsisatı olaraq, DİM-lər üzrə ölkənin ilk könüllü hesabatının hazırlanması ilə bağlı özünün rəy və təkliflərini bildirmişdir. Beləliklə, Ombudsmanın DİM-lərin müəyyən edilməsində, əsas hədəf və göstəricilərin müəyyən olunmasında, icrasında, onların monitorinq və qiymətləndirilməsində, habelə hesabatların tərtib olunmasında yaxından iştirak etməsi qeyd olunmuşdur.

Vurğulanmışdır ki, Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı 16-17 iyun 2017-ci il tarixlərində “Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq” mövzusunda keçiriləcəkdir.

Azərbaycan Ombudsmanının Dayanıqlı İnkişaf Məqsədləri sahəsindəki fəaliyyəti və bununla bağlı təklifləri Akademiya iştirakçıları tərəfindən maraqla qarşılanmış və yüksək qiymətləndirilmişdir.

Yekunda Ombudsmanın nümayəndəsi Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin təsis etdiyi Akademiyanın sertifikatı ilə təltif olunmuşdur.