Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Avropa Şurasının tədbirində xalqımızın çoxəsrlik tolerant və mehriban birgə yaşama mədəniyyəti və bu sahədə əldə olunan müsbət təcrübələr təbliğ olunmuşdur

30-05-2017 156 dəfə oxunub
Avropa Şurasının tədbirində xalqımızın çoxəsrlik tolerant və mehriban birgə yaşama mədəniyyəti və bu sahədə əldə olunan müsbət təcrübələr təbliğ olunmuşdur

Bu günlərdə Strasburq şəhərində İrqi ayrı-seçkiliyə qarşı Avropa Komissiyasının illik seminarı keçirilmişdir.

Seminarın əsas məqsədi ayrı-seçkiliyə qarşı mübarizə sahəsində həyata keçiriləcək tədbirlərlə bağlı İrqi ayrı-seçkiliyə qarşı Avropa Komissiyasının hazırladığı ümumi tövsiyələrin müzakirəsi və bu istiqamətdə əməkdaşlığa dair təcrübə mübadiləsindən ibarət olmuşdur. 

Mötəbər toplantıya Avropa Şurasının üzv-dövlətlərinin nümayəndə heyətlərinin, beynəlxalq qurumların, müxtəlif qeyri-hökumət təşkilatlarının, milli insan hüquqları təsisatlarının nümayəndələri  qatılmışlar. 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı həmin tədbirdə iştirak etmişdir. O, müvafiq sessiyalarda çıxış edərək Azərbaycan Respublikasının çoxmillətli və çoxdinli bir ölkə olduğunu, bu ölkənin milli siyasətinin müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş vermədiyini, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olduğunu qeyd etmişdir.

Xalqımızın çoxəsrlik tolerant və mehriban birgə yaşama mədəniyyətinin dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərildiyi, Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin mədəni müxtəlifliyə dəstəyin bariz nümunəsi olmaqla, dünya dövlətlərinin bu müsbət təcrübədən yararlanmasına imkan yaratdığı diqqətə çatdırılmışdır.

Çıxışda həmçinin ölkəmizdə ayrı-seçkiliklə mübarizə sahəsində təkmil qanunvericilik bazasının formalaşdırıldığı, Azərbaycan Respublikası Konstitusiyasına əsasən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyi vurğulanmışdır.

A.Səfixanlı insan hüquqlarının müdafiəsi sahəsində milli fəaliyyət planlarının, proqramlarının və strategiyaların ayrı-seçkiliklə mübarizə sahəsində rolunu qeyd edərək Azərbaycanın müstəqillik tarixində insan hüquqlarının müdafiəsi sahəsində bir sıra strateji sənədlərin qəbul olunduğunu, həmin sənədlərdə ayrı-seçkiliklə mübarizə sahəsində müvafiq tədbirlərin nəzərdə tutulduğunu və ötən müddət ərzində uğurla həyata keçirildiyini vurğulayaraq, ölkəmizin bu müsbət təcrübəsinin hazırlanacaq ümumi tövsiyələrdə nəzərə alınmasını təklif etmişdir. 

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.10 və 4.11-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin ayrıseçkiliyin aradan qaldırılması, nifrət zəminində törədilən cinayətlərin qarşısının alınması baxımından əhəmiyyəti diqqətə çatdırılmışdır. 

A.Səfixanlı çıxışında həmçinin Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təmini istiqamətində hüquqi islahatların davam etdirildiyini, Ombudsman Elmira Süleymanovanın insan hüquqları istiqamətində səmərəli fəaliyyət göstərdiyini, o cümlədən ölkəmizdə milli və dini azlıqların kompakt yaşadığı ərazilərdə Müvəkkilin regional mərkəzlərinin, habelə resurs mərkəzlərinin fəaliyyətini vurğulamışdır.

Tədbir çərçivəsində Ombudsman Aparatının rəhbəri ECRI-nin üzvləri və iştirak edən müxtəlif ölkələrin ombudsmanları ilə fikir mübadiləsi aparmış və Müvəkkilin insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti ilə bağlı geniş məlumat vermişdir.