Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının dinləyiciləri üçün mühazirə oxumuşdur

26-05-2017 169 dəfə oxunub
Ombudsmanın nümayəndəsi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının dinləyiciləri üçün mühazirə oxumuşdur

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə sıx əməkdaşlıq əlaqələri yaratmışdır. Müvəkkil və Ombudsman Aparatının əməkdaşları bu Akademiyanın dəvəti ilə mütəmadi olaraq həmkarlar ittifaqlarının kadr və fəallarının ixtisasartırma kursları və treninqlərində dinləyicilər üçün insan hüquqları, o cümlədənəmək və sosial təminat hüquqları üzrə silsilə mühazirələr oxuyurlar. 

Bu əməkdaşlığın məntiqi davamı olaraq, Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov həmin ali təhsil müəssisəsi tərəfindən sahə həmkarlar ittifaqları respublika komitələrinin baş mühasibləri üçün təşkil edilmiş növbəti kursda “Əmək sahəsində beynəlxalq hüquq standartları və onların Azərbaycanda tətbiqi” mövzusunda  mühazirə oxumuşdur.  

Müvəkkilin nümayəndəsi universal və regional beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilən və əməyin beynəlxalq-hüquqi tənzimlənməsinin mənbələri kimi çıxış edən beynəlxalq əmək standartları, o cümlədən əmək siyasəti ilə bağlı ratifikasiya edilmiş beynəlxalq sənədlər, habelə ölkəmizdə Ombudsman təsisatının inkişafı, Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri, səlahiyyətləri, vəzifələri, onun əmək hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

BMT-nin bəyan etdiyi əsas insan hüquqları sırasında əmək hüquqlarının kompleks şəkildə iki mühüm aktda - BMT-nin 1948-ci il 10 dekabr tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannaməsində və 1966-cı il 19 dekabr tarixli BMT-nin İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktında təsbit edildiyi, bu aktların fərqli hüquqi qüvvəyə malik olduğu vurğulanmışdır. Eyni zamanda Pakdan fərqli olaraq Bəyannamənin BMT-yə üzv olan dövlətlər üçün məcburi deyil, tövsiyə xarakteri daşıdığı, lakin onun nüfuzunun və mənəvi gücünün böyük olması ilə əlaqədar insan hüquq və azadlıqlarının beynəlxalq müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılmışdır. 

Adı çəkilən Bəyannamədə, ölkəmizin tərəfdar çıxdığı İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda və digər bu kimi sənədlərdə beynəlxalq hüquq standartları ilə bağlı mühüm müddəların təsbit edildiyi bildirilmişdir.

Sonra ölkəmizin Beynəlxalq Əmək Təşkilatının (BƏT) 58 konvensiyasına qoşulduğu, bu qurumun bütün fundamental və prioritet konvensiyalarını ratifikasiya etdiyi qeyd olunmuşdur. Belə ki, BƏT-in fundamental sənədlərindən olan “Məcburi əmək haqqında”, “Assosiasiya azadlığı və təşkilatlanma hüququnun müdafiəsi haqqında”, “Təşkilatlanma və kollektiv danışıqların aparılması hüququ haqqında”, “Bərabər dəyərli əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqıda”, “Məcburi əməyin qadağan edilməsi haqqında”, “İşə qəbul etmək üçün minimum yaş haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsi haqında”, habelə BƏT-in prioritet sənədləri kimi qəbul edilən “Əmək müfəttişliyi haqqında”, “Kənd təsərrüfatında əmək müfəttişliyi haqqında”, “Məşğulluq sahəsində siyasət haqqında”, “Üçtərəfli məsləhətləşmələr haqqında”, “İnkişaf etmiş ölkələri xüsusi nəzərə almaqla minimum aylıq əmək haqqının müəyyən edilməsi haqqında” konvensiyaları və digər sənədlər bu qəbildəndir. 

Eyni zamanda Dəyişdirilmiş Avropa Sosial Xartiyasının 31 maddəsindən 18-nin ölkəmiz tərəfindən ratifikasiya edildiyi və Müvəkkilin həmin Xartiyanın digər müvafiq maddələrinin də ratifikasiya edilməsi ilə bağlı təkliflər irəli sürdüyü diqqətə çatdırılmışdır.   

Bundan əlavə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əmək hüquqlarının səmərəli təminə yönəlmiş tədbirlərin nəzərdə tutulduğu, habelə Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında işləyən vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə iqtisadiyyatın inkişafından asılı olaraq minimum əməkhaqqı məbləğinin tədricən minimum yaşayış standartlarına və Avropa ölkələrində müəyyən edilmiş normativə - orta aylıq əməkhaqqının 60 faizi məbləğinə çatdırılması istiqamətində tədbirlər görülməsi ilə bağlı vəzifələrin müəyyən edildiyi bildirilmişdir.

Kursda Ombudsmana müraciət qaydaları, vətəndaşların pozulmuş əmək hüquqlarının bərpası və digər məsələlərlə bağlı dinləyicilərin sualları ətraflı cavablandırılmışdır.

Akademiyanın nümayəndələri səmərəli əməkdaşlıq, mühazirə, fikir və məlumat mübadilələri üçün yaratdığı şəraitə görə Ombudsmantəşəkkürlərini bildirmişlər.