Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri keçirilir

24-05-2017 176 dəfə oxunub
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri keçirilir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova fəaliyyətinin ilk illərindən əhalinin müxtəlif qrupları ilə yanaşı, onlarla çalışan şəxslərin də hüquqi maarifləndirilməsi işinə, tədris müəssisələri ilə əməkdaşlığa diqqət yetirir. 

Bu istiqamətdə hüquq-mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələri, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə də səmərəli əməkdaşlıq əlaqələri davam etdirilir.

Qarşılıqlı əməkdaşlıq çərçivəsində Ombudsman Aparatının şöbə müdiri, Mili Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə Ədliyyə Nazirliyinin Tibb Xidmətində və Penitensiar Xidmətinin orta rəis heyətində qulluq keçən, habelə ilk dəfə qulluğa qəbul olunmuş müdavimlərin peşə fəaliyyətinə buraxılması ilə bağlı Akademiyada keçirilən icbari təlim kursunda “Ombudsmanın insan hüquqlarının müdafiəsi və Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzusunda mühazirə oxumuşdur.

O, respublikamızda həyata keçirilən hüquqi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, bu sahədə əldə olunmuş nailiyyətlər, habelə Ombudsman təsisatının effektiv hüquqi mexanizm kimi fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Ombudsmanın nümayəndəsi BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Ombudsman Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən baxışlar, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair məlumatlar mili və xarici ölkə təcrübəsindən misallar gətirməklə dinləyicilərin diqqətinə çatdırılmışdır.

Mühazirədə 10 fevral 2017-ci il tarixdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış məlum Sərəncamın insan hüquqlarının effektiv təmini baxımından həyata keçirilən islahatlar prosesində yeni mərhələ olduğu vurğulanmış, sənədin şəxsiyyətin toxunulmazlığı hüququnun təmin edilməsi, cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxslərin də azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud təcrübə və çətinliklərlə bağlı müddəaları canlı diskussiya şəraitində əsas müzakirə mövzularından olmuşdur.

Dinləyicilərə Ombudsmanın təşəbbüsləri və təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyində həyata keçirilən islahatlar, Müvəkkilin  insan hüquqlarının müdafiəsi və Milli Preventiv mexanizm qismində fəaliyyəti, beynəlxalq standartlar əsasında məhkumlarla rəftar məsələləri və saxlanma şəraiti, onlara ünvanlanan islah modelləri haqqında geniş məlumat verilmiş, habelə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun müddəaları tədris olunmuşdur.  

Ölkə Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən MPM qismində fəaliyyəti müdavimlər tərəfindən maraqla qarşılanmış, onların çoxsaylı sualları ətraflı cavablandırılmışdır. 

Qeyd olunmalıdır ki, xidmət əməkdaşlarının bacarıqlarının artırılmasına ünvanlanmış bu fəaliyyət Ombudsman da tərəfdaş çıxdığı, Avropa Şurasının ölkə üzrə Fəaliyyət Planının bir komponenti olaraq davam etdirilən “Azərbaycanda penitensiar xidmətin islahatlarına dəstək” proqramının icrasına, “Penitensiar sistemdə idarəetmənin inkişafı və tibbi xidmətin professionallığının artırılması istiqamətində aparılan işlərə mühüm töhfə verir.