Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının bir qrup əməkdaşı Polşada təcrübə mübadiləsi keçmişlər

10-05-2017 172 dəfə oxunub
Ombudsman Aparatının bir qrup əməkdaşı Polşada təcrübə mübadiləsi keçmişlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində Almaniya və Polşanın birgə iştirakı ilə 24 ay davam edəcək “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) imkanlarının gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsinin icrasını uğurla davam etdirməkdədir. Bununla əlaqədar icra planında nəzərdə tutulmuş komponentlərə uyğun olaraq müvafiq təcrübəyə malik Avropa İttifaqına üzv olan dövlətlər, o cümlədən Polşa Respublikası həmin layihənin icrasına cəlb olunmuşdur.

Bu günlərdə Ombudsman Aparatının bir qrup əməkdaşı Tvinninq layihəsinin ikinci komponentin icrası ilə əlaqədar Müvəkkilin uşaqların, əlilliyi olan şəxslərin və ahlların insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin gücləndirilməsinə dair təcrübə mübadiləsi keçmək üçün Polşada bir həftəlik xidməti ezamiyyətdə olmuşlar.

Səfərin ilk günü Polşa Ombudsmanı və onun Bərabər Davranış üzrə müavini ilə görüş keçirilmiş, bu təsisatın fəaliyyət istiqamətləri üzrə tanışlıq olmuş və geniş fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı görüşdə çıxış edərək, ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş islahatlar, Ombudsman təsisatının yaranması, fəaliyyəti, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrin qurulduğu, birgə proqramlarda iştirak, dövlət qurumları və vətəndaş cəmiyyəti institutları, o cümlədən əlilliyi olan şəxsləri təmsil edən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq haqqında geniş məlumat vermişdir.

A.Səfixanlı həmçinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərinin işğal edildiyi, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan etnik təmizləmə nəticəsində yerli azərbaycanlı əhalinin qovulduğunu, bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, 20 min nəfərin şəhid olduğunu, 50 min nəfərin əlillik dərəcəsi, 100 min nəfərin müxtəlif bədən xəsarətləri aldığını, həmin insanların, eləcə də dinc əhalinin hüquqlarının kobud şəkildə pozulduğunu, işğal edilmiş ərazilərdə tarixi, dini, mədəni abidələrin, sosial obyektlərin, bütün infrastrukturun dağıdıldığını, münaqişənin həlli ilə bağlı Azərbaycan dövlətinin irəli sürdüyü sülh təşəbbüslərinin işğalçı dövlət tərəfindən dəstəklənmədiyini Polşa həmkarlarının diqqətinə çatdırmışdır.

Görüşdə iştirak edən Azərbaycan Ombudsmanının nümayəndələri Müvəkkilin uşaqların, əlilliyi olan şəxslərin və ahıların sosial-hüquqi vəziyyətini, hüquqlarının təmini və müdafiəsi ilə bağlı məsələləri həmişə diqqət mərkəzində saxladığını, onların problemlərinin həll edilməsi məqsədi ilə çoxsaylı tədbirlər gördüyünü söyləmişlər. 

Qeyd olunmuşdur ki, Müvəkkilin də təklifləri nəzərə alınmaqla ölkəmizin 2008-ci ildə qəbul etdiyi müvafiq qanununa əsasən ratifikasiya edilmiş BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası istiqamətində zəruri addımlar atılmış, beynəlxalq təcrübəyə uyğun olaraq, həmin Konvensiyanın 33.2-ci maddəsində yaradılması nəzərdə tutulan müstəqil mexanizmin funksiyalarının “A” Statusu ilə akkreditasiya olunmuş milli insan hüquqları institutu olan Ombudsman təsisatı tərəfindən həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Müvəkkil tərəfindən bu funksiyaların həyata keçirilməsi istiqamətində zəruri işlərin görüldüyü, bu məqsədlə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin verildiyi bildirilmişdir. 

Bundan əlavə, Müvəkkilin və onun tapşırığı əsasında Ombudsman Aparatı əməkdaşlarının müntəzəm olaraq sosial xidmət, təhsil, səhiyyə və digər müəssisələrdə monitorinqlər keçirdiyi, əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların, əlilliyi olan şəxslərin və ahılların vəziyyəti ilə maraqlandığı, onların saxlanma şəraitinin daha da yaxşılaşdırılması, sosial təminat, sağlamlıq, təhsil və digər hüquqlarının təmini ilə bağlı məsələlərin həlli üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrin verildiyi, eyni zamanda bu qəbildən olan insanların hüquqi cəhət­dən maarifləndirilməsi, onlara qarşı yol verilən hər hansı bir ayrı-seçkilik, qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftar və s. hüquqpozmaların aradan qaldırılması istiqamətində də zəruri tədbirlər görüldüyü vurğulanmış, ölkəmizin müsbət təcrübəsindən misallar gətirməklə Polşa ilə təcrübə mübadiləsi məqsədilə çoxsaylı suallar verilmişdir.

Bununla yanaşı, Azərbaycan Ombudsmanının dövlət orqanları və parlamentlə əməkdaşlığı, uşaqların, əlilliyi olan şəxslərin və ahılların insan hüquqlarının daha səmərəli müdafiəsi istiqamətində irəli sürdüyü təkliflər və onların təmini vəziyyəti barədə ətraflı məlumat verilmiş, həmin mövzular üzrə geniş fikir və təcrübə mübadiləsi aparılmışdır.

Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının həyata keçirilməsi vəziyyətinin təhlili, bu sənədin əhali arasında, dövlət qurumlarında təbliğ edilməsi məqsədilə bütün şəhər və rayonlarda yerli icra hakimiyyəti, məhkəmə, polis və prokurorluq orqanlarının, bələdiyyələrin, yerli QHT-lərin, KİV-lərin, icmaların, dairə və məntəqə seçki komissiyalarının nümayəndələrinin iştirakı ilə Müvəkkil tərəfindən keçirilmiş ictimai dinləmələrdə əlilliyi olan şəxslərin də hüquqlarının təmini məsələlərinə diqqət yetirildiyi, onlar barəsində ayrı-seçkiliyə yol verilməməsi məsələsi önə çəkildiyi barədə məlumat verilmişdir.

Azərbaycan Ombudsmanının əlilliyi olan şəxslərin və ahlların hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti Polşa mütəxəssisləri tərəfindən maraqla qarşılanaraq müsbət qiymətləndirilmiş, qarşılıqlı əməkdaşlıq çərçivəsində təqdim olunmuş məlumatların onların da işinin təkmilləşdirilməsində faydalı olacağı qeyd edilmişdir. 

Polşada Uşaq hüquqları üzrə Ombudsman və onun əməkdaşları ilə də görüş keçirilmiş, həmin təsisatın mandatı, səlahiyyətləri barədə məlumat verilmiş, uşaqlara qarşı zorakılıq və sağlamlıq imkanları məhdud uşaqlara dair müsbət təcrübələrini bölüşmüşlər. Azərbaycan Ombudsman Aparatının nümayəndələri də Müvəkkilin uşaq hüquqları sahəsində fəaliyyəti, Təhsil Nazirliyi ilə əməkdaşlıqda icra olunan Uşaq hüquqları üzrə pilləli tədris layihəsi barədə məlumat vermiş, ENOC çərçivəsində Polşanın Uşaq hüquqları üzrə Ombudsman Təsisatı ilə əməkdaşlığına toxunmuş, təcrübələrini bölüşərək fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində Aparatın əməkdaşları Polşanın İnsan hüquqları, eləcə də  Uşaq hüquqları üzrə Ombudsman təsisatları ilə yanaşı, Ailə, Əmək və Sosial Müdafiə Nazirliyinin əlilliyi olan şəxslər və ahıllar üzrə səlahiyyətli nümayəndələri, İnsan hüquqları üzrə Ombudsmanın yanında həmin kateqoriyadan olan şəxslərin hüquqları üzrə Ekspert Komissiyasının üzvləri, Varşavada bələdiyyələrin və ali təhsil müəssisəsinin nümayəndələri ilə görüşlər keçirilmişdir.

Bununla yanaşı Polşada fəaliyyət göstərən əlilliyi olan şəxslər üçün “Syrena” sosial evinin, İntellektual əlilliyi olan şəxslər üçün Polşa Assosasiyasının, Əlilliyi olan İnsanlar Yardım Fondunun, Sakinlərlə ünsiyyətə dair Varşava mərkəzinin (ahıllar evi), inklüziv təhsilin tətbiq olunduğu ibtidai təhsil müəssisəsinin və s. fəaliyyəti ilə tanışlıq maraq doğurmuşdur. 

Səfər zamanı Polşa Ombudsman təsisatında əlilliyi olan şəxslərin və ahıllar üçün yaradılmış müyəssər şərait, onların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər, bu sahədə prioritetlər, çətinliklər və müsbət təcrübələr, müraciətlərin qəbulu və araşdırılması, elektron sənədləşmə prosesi, Ombudsmanın saytının əlilliyi olan insanlara müyəssərliyi barədə ətraflı məlumatlar əldə edilmişdir.

 Səfər çərçivəsində müxtəlif qurumlarla görüşlər zamanı BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrası olaraq bu qəbildən olan şəxslərin sosial-hüquqi müdafiəsi, onlar üçün yaradılmış xidmətlər, sosial reabilitasiya proqramları, intellektual baxımdan əlilliyi olan insanların işlə təmin olunmasına yardım, inklüziv təhsil, universal dizayn, infrastrukturun müyəssərliyi, ahıl şəxslərlə bağlı həyata keçirilmiş dövlət siyasəti, onlar üçün yaradılmış dəstək xidmətləri, yaşlanma, yaşlıların təhsili, nəsillərarası körpü, yerli büdcədən səmərləi istifadə edərək bir sıra sosial layihələrin həyata keçirilməsində əhalinin iştirakçılığının (iştirak büdcəsi) təmin olunması və s. müzakirə olunan məsələlərdən olmuşdur.

Aparatın əməkdaşları ölkəmizin Polşadakı Səfirliyində də olmuş, səfir Həsən Həsənovla görüşmüş, faydalı fikir mübadiləsi aparılmışdır.

Səfər qarşılıqlı əməkdaşlıq, müzakirələr və təcrübə mübadiləsi baxımından səmərəli olmuşdur.