Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfransda çıxış etmişdir

01-05-2017 147 dəfə oxunub
Ombudsman “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfransda çıxış etmişdir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının təşkilatçılığı ilə “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolu” mövzusunda konfrans keçirilmişdir. 

Konfransda Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, BMT-nin ölkəmizdəki Rezident-əlaqələndiricisi Qulam İshaqzai, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Milli Məclisin deputatları, digər dövlət qurumlarının, beynəlxalq təşkilatların, QHT-lərin və KİV-lərin nümayəndələri iştirak etmişlər.

Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov giriş nitqi ilə çıxış edərək, konfransın məqsəd və məramı barədə ətraflı məlumat vermiş, bu sahədə əməkdaşlığın vacibliyini vurğulamışdır. O, Azərbaycan hökumətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulduğunu, qarşıya ciddi hədəflər qoyulduğunu və bu istiqamətdə işlər aparıldığını, ölkənin ilk könüllü hesabatının hazırlandığını söyləmişdir.

BMT-nin Azərbaycandakı Rezident-əlaqələndiricisi Qulam İshaqzai mövzu ilə bağlı fikirlərini bölüşərək bildirmişdir ki, əgər hökumət DİM-lərlə bağlı üzərinə öhdəliklər götürübsə, burada şəffaflığı, monitorinqi vətəndaş cəmiyyəti institutları da həyata keçirməlidir.

Ombudsman E.Süleymanova məruzə ilə çıxış edərək diqqətə çatdırmışdır ki, Dayanıqlı İnkişaf Məqsədləri demək olar ki, hər biri bilavasitə inkişaf prioritetləri sırasında insan hüquqlarının təmin olunmasında xüsusi yer tutur. 

Dövlətimizdə müstəqillik dövründə insan hüquqlarının müdafiəsi və təmini üzrə qəbul edilmiş üç mühüm strateji sənəd - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011), habelə qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər haqqında ətraflı məlumat verilmişdir.  

Müvəkkil Minilliyin İnkişaf Məqsədlərinin və bu sənədin məntiqi davamı kimi qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətini vurğulamış, son illər dövlət başçısının sərəncamları ilə qəbul olunmuş qanunvericilik aktlarının, xüsusən “İctimai iştirakçılıq haqqında”, QHT və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı sənədlərin, habelə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasının böyük təkan olduğunu söyləmişdir. O,  Azərbaycan Milli QHT Forumu, bu quruma üzv olan və olmayan, o cümlədən regionlarda fəaliyyət göstərən QHT-lərin, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında vətəndaş cəmiyyətinin rolunun əhəmiyyətini qeyd etmişdir.

Bildirilmişdir ki, 2011-ci il tarixli adıçəkilən Milli Fəaliyyət Proqramının (MFPr) təsdiq edilməsi haqqında ölkə Prezidentinin  müvafiq Sərəncamında bütün icraçı dövlət orqanlarına birbaşa tapşırılmışdır ki, bu proqramın həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etsinlər, habelə Ombudsmana müvafiq işçi qrupunun fəaliyyətinə rəhbərlik tövsiyə olunmuşdur. Ombudsman fəaliyyətini QHT-lərlə sıx əməkdaşlıqda qurur, təsisat nəzdində Müstəqil Ekspertlər Şurası yaradılmış, ölkənin hər bir şəhər və rayonunda müntəzəm olaraq MFPr üzrə monitorinqlər və ictimai dinləmələr təşkil edilir, yerli QHT-lər, media nümayəndələri, icmalarla birgə insan hüquqları ilə bağlı silsilə tədbirlər keçirilir, habelə təklifləri və ehtiyacları öyrənərək səlahiyyətli dövlət qurumlarına tövsiyələr verilir.

Qeyd olunmuşdur ki, DİM-lə bağlı Azərbaycanda keçirilən Milli Məsləhətləşmələr çərçivəsində digər dövlət qurumları ilə yanaşı, Ombudsman təsisatı tərəfindən BMT-nin müvafiq qurumlarını, qeyri-hökumət təşkilatları və yerli icmaların fəallarını cəlb etməklə, əhalinin maraqlarına görə müxtəlif qruplarını, geniş ictimaiyyət və KİV nümayəndələrini, fəal qadınları və gəncləri cəlb etməklə həm Bakıda, həm də regionlarda interaktiv müzakirələr təşkil olunmuşdur. Ölkə üzrə toplanmış tövsiyələr Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin sədrliyi və QHT-lərin iştirakı ilə 2013-cü ildə BMT-nin təşkilatçılığı ilə “Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin nəticələrinin təsdiqi” mövzusunda konfransda təqdim edilmiş, BMT-nin eksperti xanım Şəhrbanu Tacbahş tərəfindən vətəndaş cəmiyyətinin fəaliyyəti yüksək dəyərləndirilmişdir. Həmin təkliflərdən Dayanıqlı İnkişaf Məqsədlərində də nəzərə alınmışdır.  

Ombudsman bu illərin müsbət təcrübəsini nəzərə alaraq, DİM-lərə nail olmaq məqsədilə gələcəkdə fəaliyyəti təkmilləşdirmək üçün konfransda səmərəli təkliflər və QHT-lərə tövsiyələr vermişdir. Belə ki, DİM-ləri, eyni mahiyyəti olan “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasını, milli fəaliyyət proqramlarını, habelə ölkəmizin DİM-lər üzrə ilk könüllü hesabatını, strateji yol xəritələrini öyrənmək; bütün ölkə əhalisi üçün əlçatan olan QHT-lərlə birgə əməkdaşlıqda maarifləndirmə işini, həmçinin QHT-lərin ictimai fəallığının və iştirakçılığının təmin olunmasını gücləndirmək; DİM-lər üzrə vahid məlumatlandırma bazasını və nəşrləri hazırlamaq; Dayanıqlı İnkişaf üzrə Milli Prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi məqsədilə müvafiq sahələr üzrə dövlət qurumlarının nümayəndələrindən ibarət yaradılmış işçi qruplarının tərkibinə ixtisaslaşmış yerli QHT-lərin cəlb olunması və mütəmadi olaraq birgə fikir və təcrübə mübadiləsini keçirmək; təcrübəli QHT-lərin regionlarda liderlik bacarıqlarını inkişaf etdirmək məqsədilə bölmələrinin yaradılması, orta yaşlıların təcrübəsindən faydalanaraq nəsillər arasında körpülərin qurulması, gənclərin iştirakçılığa cəlb olunması; qadın siyasətçilər, sahibkarlar və müxtəlif qeyri-hökumət təşkilatlarında təmsil olunan fəal qadınlar şəbəkəsinin yaradılması və onun gender bərabərliyinin təmin edilməsinə dəstək istiqamətində təşkilatlandırılması; xarici ölkələrin hesabatının təhlil edilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi; hər il DİM-lər üzrə görülən işlərin vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə təhlil edilməsi, müsbət nəticələrlə yanaşı çatışmazlıqların aşkar olunması, buna yönəlik fəaliyyətin qurulması və digər təkliflər bu qəbildəndir. 

E.Süleymanova bu məqsədlərə nail olmaq üçün hamını mütəşəkkil və əlaqələndirilmiş əməkdaşlığa çağırmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev çıxış edərək DİM-nə nail olmaq üçün cəmiyyətin bütün seqmentlərinin iştirakının vacibliyini, QHT-lərin bu proqramın icrasının və monitorinqinin həyata keçirilməsində fəallığının zəruriliyini bildirmişdir. 

Sonra digər iştirakçıların məruzələri dinlənilmiş, mövzu ilə bağlı səmərəli fikir və təcrübə mübadiləsi aparılmışdır.