Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi Tbilisidə keçirilmiş beynəlxalq tədbirdə iştirak etmişdir

10-04-2017 194 dəfə oxunub
Ombudsmanın nümayəndəsi Tbilisidə keçirilmiş beynəlxalq tədbirdə iştirak etmişdir

Bu günlərdə  Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa İttifaqının texniki yardım aləti çərçivəsində “Bərabərliyin təmin edilməsi üzrə qurumların səlahiyyətlərinin artırılması və qadınlara qarşı zorakılıqla mübarizə” mövzusunda seminar təşkil olunmuşdur. 

Beynəlxalq seminarda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatını şöbə müdiri Rəşid Rumzadə təmsil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları da nümayəndə heyəti tərkibində bu tədbirdə iştirak etmişlər.

Aidiyyəti dövlət qurumlarının, Milli İnsan Hüquqları Təsisatlarının, gender bərabərliyi sahəsində müstəqil mandata malik təsisatların  əməkdaşları üçün təşkil olunmuş seminarın məqsədi beynəlxalq konvensiyalar, gender yanaşmaları və formalaşmış müsbət ölkə təcrübələri əsasında Şərq Tərəfdaşlığı ölkələrində mövcud problemlərin müzakirəsi, “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiyası sahəsində uğurlu yanaşmaların və fəaliyyətin inkişaf etdirilməsi ilə yeni mandatın formalaşdırılmasının nəzərdən keçirilməsi olmuşdur.

Seminarda qadın hüquqlarının təmini, məişət zorakılığı və qadınlara qarşı zorakılıqla mübarizə sahəsində İspaniya, Belçika, Rumıniya, Çexiya, Xorvatiya, Gürcüstan təcrübəsi, bu fəaliyyət çərçivəsində istinad edilən beynəlxalq standartlar, milli qanunvericilikdə islahatlar, hesabatlılıq və qazanılmış müsbət təcrübə ilə bağlı Avropa İttifaqının, Bristol Universitetinin və digər ixtisaslaşmış müstəqil beynəlxalq ekspertlərin təqdimatları dinlənilmiş, bu sahədə qarşıya çıxan çətinliklər və onların həlli yolları üzrə geniş müzakirələr aparılmışdır.

Azərbaycan Ombudsmanının nümayəndəsi qadın hüquqlarının təmini, məişət zorakılığı və qadınlara qarşı zorakılıqla mübarizə sahəsində ölkədə beynəlxalq standartların milli qanunvericiliyə implementasiyası sahəsində həyata keçirilən islahatlar, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, ölkə Ombudsmanının bu proseslərdə fəal iştirakı, gender yanaşmaları, gender və insan hüquqları təhsili baxımından təşəbbüsləri və həyata keçirdiyi fəaliyyət, Müvəkkilin 24 saat fəaliyyət göstərən qaynar xətlərinə bu mövzuda daxil olmuş zənglər, müraciətlərin dərhal araşdırılması və təmini istiqamətində yanaşmalar, əlaqəli şəkildə məhkum qadınların hüquqlarının müdafiəsi, onların qəbulu, hüquqi maarifləndirmə tədbirləri, eləcə də fəaliyyətin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən Tvinninq, Şərq Tərəfdaşlığı, TAİEX proqramları haqqında məlumat vermişdir.

Yeri gəlmişkən qeyd olunmalıdır ki, Azərbaycan Ombudsmanı region ölkələri sırasında ilk dəfə “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının (İstanbul Konvensiyasının) ratifikasiyası məsələsini ölkəmizdə önə çəkmiş və bunu öz illik məruzəsində də vurğulamaqla ölkə parlamentinə təqdim etmiş, habelə təbliği məsələsinə diqqət yetirmişdir.

Bununla yanaşı mövzular üzrə müzakirələrdə Azərbaycan Ombudsmanının öz fəaliyyətini Paris Prinsiplərinə uyğun şəkildə həyata keçirməsi, bu baxımdan ən yüksək “A” statusu ilə akkreditasiya olunduğu, onun BMT-nin saziş qurumlarına hökumət tərəfindən təqdim olunan hesabatların hazırlanmasında fəal iştirak etdiyi, BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların sessiyalarında mütəmadi iştirak edərək müzakirə olunan tematik mövzular, gender yanaşmaları, məişət zorakılığı və qadınlara qarşı zorakılıqla mübarizə sahəsində fəaliyyətin də yer aldığı məsələlər üzrə yazılı və şifahi bəyanatlarını, əlavə hesabatlarını təqdim etdiyi iştirakçıların diqqətinə çatdırılmışdır.

Qeyd edilməlidir ki, Ombudsmanın fəaliyyətinə dair hesabatlarında təqdim etdiyi 600-dən çox təklif və tövsiyələrin yarıdan çoxu öz həllini tapmış və ya icraya yönəldilmişdir ki, bunlar içərisində qadın hüquqlarının effektiv təmini, qanunvericilik islahatları, məişət zorakılığı və qadınlara qarşı zorakılıqla mübarizə sahəsində təklifləri də vardır.

Bu isə başqa ölkələrlə müqayisədə əldə olunmuş nəticələr, həyata keçirilən islahatlar baxımından olduqca fərqlənir və müsbət ölkə təcrübəsi kimi qiymətləndirilir. Şəffaflığın təmin olunması baxımından isə həyata keçirilən fəaliyyətlə bağlı mətbuat açıqlamaları, həmçinin Ombudsmanın illik fəaliyyətinə dair hesabatlar, Müvəkkilin rəsmi internet saytında yaradılmış xüsusi bölmədə Azərbaycan və İngilis dillərində yerləşdirilmişdir.

Seminarın proqramına uyğun olaraq mövzular üzrə keçirilən görüşlərdə, canlı diskussiya və fikir mübadilələrində qaldırılan məsələlər üzrə Azərbaycan Ombudsmanının nümayəndəsi fəal iştirak etmiş, ölkə təcrübəsi və təsisatda bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat vermişdir. 

Seminar Milli İnsan Hüquqları Təsisatlarının da gələcək əməkdaşlığına mühüm töhfə verməklə yanaşı, fəaliyyət istiqamətləri üzrə səmərəli müzakirələr və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olmuşdur.