Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında magistrantların elmi-tədqiqat təcrübəsi başa çatmışdır

12-04-2017 176 dəfə oxunub
Ombudsman Aparatında magistrantların elmi-tədqiqat təcrübəsi başa çatmışdır

İnsan hüquqlarının müdafiəsi və həyata keçirilməsi ilə yanaşı, tələbə və magistrantların səmərəli istehsalat və elmi-tədqiqat təcrübəsi keçməsi, ixtisaslaşmış kadrların hazırlanması, əməkdaşların bilik və bacarıqlarının artırılması Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin diqqət yetirdiyi məsələlərdəndir.

16 mart 2017-ci il tarixdən Ombudsman təsisatında təcrübə keçən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin “Hüquqşünaslıq” ixtisasının “Dövlət hüququ” ixtisaslaşması üzrə II kurs magistrantlarının elmi-tədqiqat təcrübəsi başa çatmışdır. 

Təcrübə keçmiş magistrantlarla yekun görüşdə Ombudsman Elmira Süleymanova çıxış edərək, ötən il 25 illiyini qeyd etdiyimiz müstəqil ölkəmizin memarı Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi islahatların həyata keçirildiyini, dövlətimizin bir çox beynəlxalq konvensiyalara qoşulduğunu bildirmiş, həmin islahatların bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. Müvəkkil Azərbaycanda Ombudsman təsisatının yaranması, mandatı, səlahiyyətləri və insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti diqqətə çatdırmışdır. 

Ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi üzrə üç mühüm strateji sənəd - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006), habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011) və bu sənədin beş istiqamətinin hər biri üzrə Ombudsmanın fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. 

Müvəkkilin təşəbbüsü ilə Bakı Dövlət Universitetində “İnsan hüquqları” və “Genderə giriş” fənlərinin tədris olunduğu, “İnsan hüquqları” üzrə mühazirələr toplusunun dərs vəsaiti kimi nəşr edildiyi, digər fənn üzrə isə vəsaitin hazırlandığı vurğulanmışdır. 

Təcrübə müddətində Aparatın əməkdaşları magistrantlara həm nəzəri, həm də praktiki dərslər keçərək, insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, beynəlxalq və milli müdafiəsi mexanizmləri, Ombudsmanın hüquqi maarifləndirmə, elmi-analitik, informasiya təminatı, ictimaiyyətlə və beynəlxalq əlaqələr sahəsində fəaliyyəti, habelə qaçqın və məcburi köçkünlərin, miqrantların, uşaqların, qadınların, ahılların, əlilliyi olan şəxslərin, hərbi qulluqçuların, məhkumların hüquqlarının müdafiəsi, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların həyata keçirilməsi sahəsində gördüyü işlər, İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə baxışların həyata keçirilməsi, o cümlədən həmin müəssisələrdə insanların saxlanılma şəraiti, onlarla rəftar, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili ilə bağlı başçəkmələr barədə mühazirələr oxumuşlar. 

Elmi-tədqiqat təcrübəsi keçən magistrantlar təsisatın hər bir struktur bölməsinin işi ilə tanış olmuş, ərizəçilərin qəbulu və vətəndaşların şikayətlərinə baxılması prosesində iştirak edərək, İnsan hüquqları kitabxanasının fondundakı hüquqi nəşrlərdən faydalanmışlar.

Qeyd olunmuşdur ki, Ombudsman Aparatında ümumilikdə 290 tələbə və magistrant istehsalat və elmi-tədqiqat təcrübəsi keçərək xasiyyətnamələr almışlar. Əsas etibarilə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və digər  universitetlərin Hüquq, Beynəlxalq hüquq və beynəlxalq münasibətlər, Siyasi idarəetmə, Regionşünaslıq və beynəlxalq münasibətlər, İqtisadiyyat və idarəetmə, Beynəlxalq münasibətlər fakültələrinin tələbə və magistrantları olmuşlar. 

Müvəkkil magistrantlara xasiyyətnamələri təqdim etmiş və hüquq elminin dərinliklərinə yiyələnərək gələcəkdə dövlətimizin inkişafı, insan hüquqlarının təmin olunması istiqamətində çalışmağı tövsiyə etmişdir. 

Magistrantlar tərəfindən təcrübə kursunun yüksək səviyyədə təşkili, onlar üçün yaradılmış şəraitə görə Ombudsmana minnətdarlıq bildirilmişdir.