Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycanın qaçqın, məcburi köçkün, o cümlədən də miqrantların hüquqlarının təmini sahəsində təcrübəsi digər ölkələr üçün nümunədir

18-01-2017 174 dəfə oxunub
Azərbaycanın qaçqın, məcburi köçkün, o cümlədən də miqrantların hüquqlarının təmini sahəsində təcrübəsi digər ölkələr üçün nümunədir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ekspertləri Aydoğan Asar və Murat Öğdü ilə görüş keçirilmişdir. 

Görüşün məqsədi hazırda BMqT tərəfindən ölkəmizdə icra olunan “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” (2014-2017) layihəsi çərçivəsində qanunsuz miqrantların saxlama mərkəzlərinin əməkdaşları üçün hazırlanacaq tədris vəsaiti və təlim kurikulumunun müzakirəsi, bununla bağlı yeni strategiyalarının müəyyən edilməsi sahəsində təcrübənin tətbiqinə dair fikir və məlumat mübadiləsi aparmaq olmuşdur.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqları salamlayaraq qeyd etmişdir ki, ölkəmizdə uğurla həyata keçirilən islahatlar nəticəsində davamlı miqrant axınının tənzimlənməsi ilə bağlı bir sıra işlər görülmüş, miqrantların hüquq və azadlıqlarının müdafiəsi üzrə qanunvericiliyə əlavə və dəyişikliklər edilmiş, institusional sahədə bir sıra tədbirlər həyata keçirilmişdir. O, həmçinin, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunduğunu, bir milyondan artıq azərbaycanlının insan hüquqlarının kütləvi surətdə pozulduğunu, öz yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini, bu ağır vəziyyətin uzun illərdir ki, davam etdiyini bildirmişdir.

Habelə, Azərbaycanın qaçqın, məcburi köçkün, o cümlədən də miqrantların hüquqlarının təmini sahəsində təcrübəsinin digər ölkələr üçün nümunə ola biləcəyi xüsusi vurğulanmışdır.

A.Səfixanlı müvafiq sahədə Ombudsman təsisatının gördüyü işlər barədə qonaqlara məlumat verərək, heç bir ayrı-seçkiliyə yol verilmədən bu əhali qrupundan olan şəxslərə fərdi yanaşmanın Müvəkkilin insan hüquqları sahəsində fəaliyyətinin prioritet istiqamətlərindən birinin olduğunu bildirmişdir.

Qeyd edilmişdir ki, Müvəkkil və Aparatın əməkdaşları mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlama Mərkəzlərinə baş çəkərək, orada saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması, onlara qarşı rəftar və problemləri öyrənir, həmin şəxslərə Ombudsmanın səlahiyyətləri çərçivəsində kömək göstərilir. Səlahiyyətli dövlət orqanlarına təkliflər verildiyi və müsbət nəticələr əldə olunduğu vurğulanmışdır.

Həmçinin bildirilmişdir ki, Ombudsman Aparatının əməkdaşları tərəfindən miqrasiya orqanlarında qulluq keçənlərin nəzəri bilik və bacarıqlarının artırılması məqsədilə Dövlət Miqrasiya Xidmətinin Təlim-tədriz mərkəzində mütəmadi olaraq seminarlar keçirilir.

Müvəkkilin illik məruzələrində və aidiyyəti dövlət qurumlarına ünvanladığı müraciətlərdə əhalinin müdafiəyə daha çox ehtiyacı olan qruplarının, o cümlədən miqrantların hüquqlarının daha səmərəli təmini, bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində Ombudsmanın Konstitusiya Qanunu ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində irəli sürülmüş təkliflərinin nəzərə alındığı bildirilmişdir.

A.Səfixanlı Ombudsmanın müvafiq sahədə təcrübəsini nəzərə alaraq vəsaitin hazırlanması istiqamətində bir sıra təkliflərini vermiş və bu .prosesdə təsisatın lazımi köməklik göstərə biləcəyini vurğulamışdır. Həmçinin, həmin vəsaitə Ombudsmanın sözügedən sahə üzrə fəaliyyəti ilə bağlı xüsusi bölmənin daxil edilməsi məqsədəmüvafiq hesab edilmişdir. 

Qonaqlar faydalı fikir mübadiləsinə və tövsiyələrə görə minnətdarlığını bildirərək, Ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu söyləmişlər.