Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir

24-02-2017 9466 dəfə oxunub
Ombudsmanın Uşaq hüquqları üzrə pilləli tədris proqramı çərçivəsində  Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində Uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir. 

2016-2017-ci tədris ilində bu proqram paytaxtdakı Binəqədi rayonu 246, Səbail rayonu 7, Sabunçu rayonu 80, Suraxanı rayonu 270, Qaradağ rayonu 319, Nizami rayonu 62, Nərimanov rayonu 177, Yasamal rayonu 153, Nəsimi rayonu 1, Xətai rayonu 254, Xəzər rayonu 136, Pirallahı rayonundakı 243 saylı məktəblərdə, habelə Ombudsmanın regional mərkəzlərinin əhatə etdiyi Qax, Zaqatala, Göygöl, Daşkəsən, Siyəzən, Qusar, Neftçala və Astara rayonlarının hərəsindən bir məktəb seçilməklə, ümumilikdə 20 məktəbdə gerçəkləşdirilir. 

Müvəkkilin tapşırığına əsasən, Ombudsman Aparatının və Gəncə, Şəki, Cəlilabad və Quba regional mərkəzlərinin əməkdaşları həmin məktəblərdə pilləli tədris proqramı çərçivəsində ay ərzində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı tədbirlər keçirmişlər. 

İlk öncə Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Ombudsmanın nümayəndələri Xocalı soyqırımı barədə məlumat verərək qeyd etmişlər ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən dəhşətli hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı oldu. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmiş, nəticədə bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmiş, şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, qətlə yetirmiş, onlara amansız divan tutmuş, erməni silahlılarından yayınıb meşələrə, dağlara qaçmağa çalışan əliyalın soydaşlarımızın çoxu soyuqdan, şaxtadan məhv olmuşlar.

Bildirilmişdir ki, Xocalıda baş vermiş qanlı hadisələr zamanı Ermənistan dövləti Azərbaycan xalqına qarşı soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, işgəncə, girov götürülmə kimi beynəlxalq cinayətləri törətmiş, bunu edən canilər beynəlxalq hüquqi məsuliyyətə cəlb olunmalıdırlar. 

Ombudsman Elmira Süleymanovanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəyanatının dünya ictimaiyyətinə, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarımıza göndərildiyi vurğulanmışdır. Eyni zamanda Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diaspor təşkilatlarımız tərəfindən Xocalı faciəsi ilə bağlı təşkil edilmiş anım mərasimlərində və konfranslarda, o cümlədən Norveçdə, Danimarkada, İndoneziyada, Malayziyada və başqa xarici dövlətlərdə, habelə ölkəmizdə keçirilən çoxsaylı silsilə tədbirlərdə Ombudsmanın Bəyanatının səsləndirilərək iştirakçılara paylanıldığı diqqətə çatdırılmışdır. 

Qeyd olunmuşdur ki, Ombudsman Bakıda və regionlarda ay ərzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər təşkil edir. Bu tədbirlərə Milli Məclisin deputatları, dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, vətəndaş cəmiyyətinin, QHT-lərin, icmaların, KİV-lərin, təhsil müəssisələrinin nümayəndələri, gənclər və məktəblilər qatılır.