Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzi Xocalı soyqırımı ilə bağlı növbəti tədbir keçirmişdir

23-02-2017 9552 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzi Xocalı soyqırımı ilə bağlı növbəti   tədbir keçirmişdir

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə Regional Mərkəzi tərəfindən Goranboy Rayon Gənclər və İdman İdarəsinin akt zalında  Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. “Xocalı soyqırımı insan hüquqları müstəvisində” mövzusunda keçirilmiş tədbirdə rayon idarə, müəssisə və təşkilatların nümayəndələri, fəal gənclər iştirak etmişlər.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Bu faciə ilə bağlı təqdimatla çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov vurğulamışdır ki, 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən dəhşətli hadisələrdən biri Xocalıda baş vermiş soyqırımı olmuşdur. Öz qurbanlarının məruz qaldığı açıq vəhşilik və qeyri-insani hərəkətlərin, pozulmuş insan hüquqlarının miqyasına görə Xocalı soyqrımı dünya tarixində baş vermiş Xatın, Lidisa, Oradur kimi faciələr ilə eyni səviyyədə durur. 

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmiş, nəticədə bir gecənin içərisində bu qədim şəhər yerlə yeksan olunmuş, hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, qətlə yetirmiş, onlara amansız divan tutmuş, habelə meşələrə, dağlara qaçmağa çalışan əliyalın soydaşlarımızın çoxu soyuqdan, şaxtadan məhv olmuşlar.

Tədbirdə qeyd edilmişdir ki, Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və işgəncələri ilə birmənalı olaraq, genosid faktıdırBelə ki, beynəlxalq hüquqa əsasən genosid ən ağır cinayətlərdəndir. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir. Bu baxımdan Xocalıda baş vermiş soyqırımı zamanı insan hüquqları kobud və kütləvi şəkildə pozulmuş, dünyanın gözü qarşısında insan hüquqlarına zidd kəskin əməllərə yol verilmişdir.

Ombudsman Elmira Süleymanovanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəyanatının dünya ictimaiyyətinə, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlara, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarımıza göndərildiyi vurğulanmışdır. Eyni zamanda Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diaspor təşkilatlarımız tərəfindən Xocalı faciəsi ilə bağlı təşkil edilmiş anım mərasimlərində və konfranslarda, o cümlədən Norveçdə, Danimarkada, İndoneziyada, Malayziyada və başqa xarici dövlətlərdə, habelə ölkəmizdə keçirilən çoxsaylı silsilə tədbirlərdə Ombudsmanın Bəyanatının səsləndirilərək iştirakçılara paylanıldığı diqqətə çatdırılmışdır. 

Goranboy rayonunda keçirilən bu tədbirdə də həmin Bəyanat səsləndirilmişdir.

Sonda Xocalı soyqırımının canlı şahidlərinin danışdığı hadisələrin video görüntüləri  nümayiş etdirilmişdir. İştirakçılar faciə ilə bağlı silsilə tədbirlərin təşkilinə görə Ombudsmana minnətdarlıqlarını bildirmişlər. 

Yeri gəlmişkən, Müvəkkilin adı çəkilən regional mərkəzinin əməkdaşları Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən həmin şəhərdəki Gənclər Evində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı təşkil olunmuş tədbirdə çıxış etmişlər.