Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirmişdir

22-02-2017 128 dəfə oxunub
Ombudsman Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirmişdir

Xəbər verildiyi kimi, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Bakıda və regionlarda ay ərzində təşkil etdiyi silsilə tədbirlər davam etdirilir. 

Növbəti belə tədbir olaraq, Ombudsman Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirmişdir. Tədbirdə Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Milli Məclisin deputatları, dövlət qurumlarının, beynəlxalq təşkilatların, QHT və KİV-lərin nümayəndələri, Xocalı sakinləri iştirak etmişlər.

Xocalı faciəsi qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Müvəkkil çıxış edərək, dünyada ən dəhşətli faciələrdən olan Xocalı soyqırımı haqqında məlumat vermiş, Dağlıq Qarabağ münaqişəsi zamanı bu qanlı hadisədən əvvəl də erməni millətçiləri tərəfindən Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı və digər kəndlərdə soyqırımlar törədildiyini vurğulamışdır. 

E.Süleymanova Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğınının ağlasığmaz qəddarlığı və işgəncələri ilə birmənalı olaraq, soyqırımı faktı olduğunu diqqətə çatdırmışdır. O, bildirmişdir ki, genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən edilmişdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz hüquqi-siyasi qiymətini almamış, bu hadisəni planlaşdıranlar, təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməmiş, layiqli cəzalarını almamış və bu istiqamətdə hər hansı bir tədbir görülməmişdir.

Qeyd olunmuşdur ki, Ümummilli liderimiz Heydər Əliyev ilk dəfə olaraq Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, hələ 1994-cü ilin fevralında Milli Məclis Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasının, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edir. Xocalı soyqırımının 25-ci ildönümü haqqında dövlət başçısının Sərəncamına əsasən, müvafiq tədbirlər planının icra olunaraq bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Bildirilmişdir ki, ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə böyük işlər görülür, Azərbaycan həqiqətləri haqqında hazırlanmış çoxsaylı kitablar və nəşrlər dünyada yayılır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımın tanınması ilə bağlı müvafiq qərarlar qəbul edilir. 

Müvəkkil artıq 14 ölkə parlamentlərinin Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanıdığını, habelə ABŞ-ın 21 ştatının qanunverici orqanlarında da müvafiq qətnamələrin qəbul olunduğunu söyləmişdir.

Ombudsmanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bəyanatının ölkəmizdə yayıldığı, habelə xaricdə BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyi diqqətə çatdırılmışdır. Respublikamızın xarici ölkələrdəki səfirlikləri və Azərbaycanın diaspor təşkilatları tərəfindən Xocalı faciəsi ilə bağlı təşkil edilmiş anım mərasimlərində və konfranslarda, o cümlədən Norveçdə, Danimarkada, İndoneziyada, Malayziyada və b.,  habelə ölkəmizdə keçirilən çoxsaylı tədbirlərdə Müvəkkilin Bəyanatının səsləndirildiyi və iştirakçılara paylanıldığı bildirilmişdir. 

Ombudsman təsisatının Tədbirlər planına əsasən, Müvəkkil tərəfindən ay ərzində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı paytaxtda və regionlarda Ombudsman Aparatının və Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad regional mərkəzlərinin əməkdaşlarının iştirakı ilə silsilə dəyirmi masalar, seminarlar və digər tədbirlər təşkil edilir. Bu tədbirlərə dövlət qurumlarının, o cümlədən yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, vətəndaş cəmiyyətinin, QHT-lərin, icmaların, KİV-lərin, təhsil müəssisələrinin nümayəndələri, gənclər və məktəblilər cəlb olunur. Yeri gəlmişkən, Ombudsmanın saytında yaradılmış “Xocalı 25” bölməsində Xocalı soyqırımı ilə bağlı məlumatlar və film, Azərbaycan Respublikası Prezidentinin adı çəkilən Sərəncamı və bu sənədə əsasən müvafiq tədbirlər planı barədə məlumatlar, Müvəkkilin bəyanatı yerləşdirilmişdir.

E.Süleymanova hər il olduğu kimi, Azərbaycan həqiqətlərinin, haqq işimizin, ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yorulmadan fəaliyyət göstərilməsinin, informasiya-təbliğat sahəsində mübarizənin davam etdirilməsinin və daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır.

Qeyd olunmuşdur ki, erməni millətçiləri mövcud cəzasızlıq şəraitindən yararlanaraq, çoxsaylı toponimlərimizi dəyişdirməklə, Şuşa şəhəri ətrafında yerləşən, qədim bürünc dövrünə aid yüzlərlə məzarda arxeoloji qazıntılar aparmaqla, beynəlxalq hüquq normalarını pozmaqla daha bir saymazyana münasibət nümayiş etdirmişlər.

BMT-nin İnsan Hüquqları Şurasının bu ilin mart ayında keçiriləcək 34-cü sessiyasına Müvəkkilin “Münaqişə şəraitində uşaq hüquqları” və “Mədəni hüquqlar” mövzusunda bəyanatlarının təqdim olunduğu, hər birinin Xocalı soyqırımı ilə əlaqələndirildiyi diqqətə çatdırılmışdır.

Ombudsman eyni zamanda aprel döyüşlərinin ilk qələbə müjdəsi olduğunu söyləmiş və azərbaycan xalqının Böyük qələbənin şahidi olacağına inandığını ifadə etmişdir.  

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov bu dəyirmi masanın təşkilinə görə Ombudsmana minnətdarlığını bildirmişdir. O, həmin qanlı hadisələr barədə ətraflı məlumat verərək, Xocalı faciəsi dərdinin tək xocalıların deyil, bütün xalqımızın, soydaşlarımızın keçirdiyini vurğulamışdır. Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin xocalılara, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğı diqqətə çatdırılmış, Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində fəaliyyət yüksək dəyərləndirilmişdir.

Milli Məclisin deputatları Elman Nəsirov, Musa Qasımlı, Hikmət Məmmədov, Sahibə Qafarova və Sevinc Fətəliyeva Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsinin, bu qırğını törədənlərin cəzalarının alınmasının vacibliyini bildirmiş, həmin soyqırımı ilə Ermənistanın təkcə Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı ağır cinayət törətdiyini vurğulamış, bu sahədə fəaliyyətləri barədə məlumat vermişlər.  

Xocalı sakinləri olan yazıçı, jurnalist, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı Səriyyə Müslümqızı və Murad Məmmədov bu tədbirin təşkilinə, Xocalı soyqırımının dünyada tanıdılması üzrə ümumi işə verdiyi böyük töhfələrə görə Ombudsmana təşəkkürlərini bildirmiş, şahidi olduqları həmin dəhşətli hadisələr barədə ətraflı danışmış, bu istiqamətdə gördüyü işləri nəzərə çatdırmışlar.

Dəyirmi masada Azərbaycan Respublikası Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Rauf Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, QHT rəhbəri Rafiq Alışov və digər iştirakçılar mövzu ilə bağlı fikir və mülahizələrini bildirmişlər. 

Tədbir çərçivəsində S.Müslümqızının Xocalı soyqırımı ilə bağlı çəkdirdiyi “Onlar heç vaxt böyüməyəcəklər” adlı film, habelə Ombudsman təsisatı tərəfindən təşkil edilmiş uşaq rəsm sərgisi, bu qanlı faciəyə və Azərbaycan həqiqətlərinə həsr olunmuş kitablar və nəşrlər sərgisi  nümayiş etdirilmişdir.