Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Xocalı soyqırımı ilə əlaqədar Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən tədbirlər keçirilmişdir

21-02-2017 9491 dəfə oxunub
Xocalı soyqırımı ilə əlaqədar Ombudsmanın Şəki Regional Mərkəzi tərəfindən tədbirlər keçirilmişdir

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şəki Regional Mərkəzi tərəfindən Qax rayonunun Qıpçaq və Şəki rayonunun Baş Zəyzid kəndlərində, Qax rayon 4 saylı və Zaqatala rayon 3 saylı tam orta məktəblərdə, habelə Mingəçevir şəhərində silsilə tədbirlər keçirilmişdir. 

Yerli icra və özünüidarəetmə orqanları nümayəndələrinin, çoxsaylı sakinlərin, müəllim və şagirdlərin iştirakı ilə keçirilmiş tədbirlərdə ilk öncə  Xocalı faciəsi qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Şəki Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov çıxış edərək, 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi, analoqu olmayan cinayət nəticəsində 613 nəfərin, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulduğu, yüzlərlə dinc sakinin yaralanaraq əlil olduğu, 1275 nəfərin girov götürüldüyü barədə məlumat vermiş, Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin genosid aktı olduğunu qeyd etmişdir.

Ümummilli liderimiz Heydər Əliyevin Xocalı soyqırımının əsl mahiyyətini açıqladığı, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Xocalı soyqırımına hüquqi siyası qiymət verildiyi vurğulanmışdır. Həmçinin bildirilmişdir ki, dünyanın bir sıra dövlətlərinin parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımış, habelə ABŞ-ın 21 ştatının qanunverici orqanlarında müvafiq qətnamələr qəbul olunmuşdur. 

Ombudsman Elmira Süleymanovanın Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirliklərinə, diaspor təşkilatlarımıza göndərilmiş Bəyanatında Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsinin təəssüf və hiddət hissi doğurduğu vurğulanmaqla, beynəlxalq qurumların ikili standartlara yol vermədən bir daha bu soyqırımı pisləməyə, onu törədənlərin ədalətli cəzalarını almaları üçün səylərini artırmağa çağırıldığı bildirilmişdir. 

Respublikamızın xarici ölkələrdəki səfirlikləri və Azərbaycanın diaspor təşkilatları tərəfindən Xocalı faciəsi ilə bağlı təşkil edilmiş konfranslarda və anım mərasimlərində, habelə ölkəmizdə keçirilən çoxsaylı tədbirlərdə Müvəkkilin Bəyanatının səsləndirildiyi və iştirakçılara paylanıldığı vurğulanmışdır.

Bu silsilə tədbirlərdə də  Ombudsmanın  Bəyanatı səsləndirilmişdir.

İştirakçılar tədbirlərin təşkilinə görə Müvəkkilə təşəkürlərini ifadə etmişlər.