Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı tərəfindən hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

20-02-2017 9464 dəfə oxunub
Ombudsman Aparatı tərəfindən hüquqi maarifləndirmə   tədbirləri davam etdirilir

Əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqi maarifləndirilməsi, onların hüquqi düşüncə və mədəniyyətinin inkişaf etdirilməsi, habelə pozulmuş hüquqlarının bərpası Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətində geniş yer tutur.

Bu məqsədlə həyata keçirilmiş növbəti tədbir şagirdlərin, müəllimlərin, məktəbin direktor və müavinlərinin, həkim və psixoloqun geniş tərkibdə iştirakı ilə Bakı şəhər Nizami rayonu 214 saylı orta məktəbdə baş tutmuşdur. 

Uşaq hüquqları mövzusunda təşkil olunmuş tədbirdə Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadə iştirak edərək, uşaq hüquqları, təmini vəziyyəti, həyata keçirilməsi prosesində qarşıda duran vəzifələr, insan hüquqlarının tərkib hissəsi kimi uşaq hüquqlarının təmin olunması istiqamətində ölkədə həyata keçirilən islahatlar, dövlət siyasəti və bu sahəyə dəstək məqsədilə Müvəkkil tərəfindən həyata keçirilən fəaliyyətindən ətraflı söz açmışdır.

R.Rumzadə tərəfindən uşaqların hüquqlarının, onların qanuni maraqlarının təmini və müdafiəsi, problemlərinin həllinə dəstək məqsədilə canlı diskussiyalar aparılmış, Azərbaycan Respublikasının Konstitusiyası, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında seçilmiş mövzular, onlara hüquqları, habelə hüquqlarının müdafiəsi yolları, bu sahədə fəaliyyət göstərən qurumların səlahiyyətləri və onlara müraciət etmə formaları izah olunmuş, uşaq və gənclərin, müəllimlərin sualları cavablandırılmışdır.

Tədbirdə kütləvi hüquq pozuntusu kimi Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü, bunun nəticəsində törədilmiş faciə və soyqırımı aktlarına diqqət yetirilmişdir. Qeyd olunmuşdur ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət milli və beynəlxalq hüquq baxımından məhz soyqırımı aktlarından biridir. Xalqımızın başına gətirilmiş Xocalı soyqırımı zamanı 613 nəfər insanın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulmuş, yüzlərlə dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilmiş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir.

Mövzular üzrə məktəb kollektivi fəallıq göstərmiş, şagirdlər tərəfindən hazırlanmış materiallar əsasında təqdimatlar edilmişdir.

Uşaq hüquqlarının tədrisi baxımından orta ümumtəhsil məktəblərində Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçirilən Uşaq hüquqlarının pilləli tədrisi proqramı”nın Bakı şəhəri ilə yanaşı, regionlarda da həyata keçirilməklə uşaq hüquqlarının effektiv müdafiəsinə və təbliğinə töhfə verdiyi, bu proseslərdə uğurlu iştirakçılıq baxımından şagird və müəllimlərin rolu, onlarla əməkdaşlıq əlaqələri təşəbbüsləri vurğulanmışdır. Bu məktəbə də adı çəkilən proqrama qoşulmaq tövsiyə edilmişdir.

Tədbir canlı diskussiya və müzakirələrlə davam etmiş, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

İştirakçılar tədbirin təşkilinə görə Müvəkkilə təşəkkürlərini bildirmişlər.

Yekunda Ombudsmanın qaynar xəttlərinin qeyd olunduğu plakatlar, uşaq hüquqlarına dair nəşrləri, “Uşaq hüquqları üzrə Pilləli Tədrislə bağlı Seçilmiş Mövzular” və “Uşaq Hüquqları Konvensiyası” adlı tədris vəsaitlərinin nüsxələri  məktəbin kitabxanasına təqdim olunmuşdur.