Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman və AMEA-nın Tarix İnstitutu tərəfindən 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

30-03-2017 9542 dəfə oxunub
Ombudsman və AMEA-nın Tarix İnstitutu tərəfindən 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Konfransda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Həcər Verdiyeva, Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, Milli Məclisin deputatları Elman Nəsirov və Sevinc Fətəliyeva, nazirliklərin və dövlət komitələrinin, digər dövlət qurumlarının təmsilçiləri, ali təhsil müəssisələrinin rəhbərliyi və əməkdaşları, Tarix İnstitutunun alimləri, qeyri-hökumət təşkilatlarının və KİV-lərin, geniş ictimaiyyətin nümayəndələri, iştirak etmişlər.

İlk öncə 31 Mart Soyqırımı qurbanlarının, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyu uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Ombudsman giriş sözü ilə çıxış edərək, dünya tarixində insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən olan, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş 1918-ci ilin mart soyqırımı haqqında məlumat vermiş, sonrakı dövrlərdə də 1988-ci ildən bu günə kimi erməni təcavüzünün davam etdiyini, Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı şəhərində, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban və digər kəndlərdə xalqımıza qarşı növbəti soyqırımlar törədildiyini diqqətə çatdırmış, lakin uzun illər boyu 31 mart soyqırımına siyasi qiymət verilmədiyini söyləmişdir. O, böyük ehtiram hissi ilə vurğulamışdır ki, Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanda bu hadisələrə ilk dəfə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması rəsmi surətdə bəyan edilmişdir. Eyni zamanda həmin vaxtdan 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri etnik təmizləmə və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir.

Qeyd olunmuşdur ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. 

1918-ci ildəki qanlı hadisələr zamanı silahlı erməni-bolşevik birləşmələri tərəfindən azərbaycanlıların soyqırımı ən çox Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilmiş, yüz minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə amansızcasına, işgəncələrlə öldürülmüşdür. Son dövrdə Qubada həmin hadisələr zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni qatillərinin qəddarlığı və vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmış və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu kompleks ziyarət olunur.

Ombudsman insan hüquqları amilinə diqqəti yönəldərək bildirmişdir ki, beynəlxalq hüquqa görə, soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə yönələn təcavüz, insanlıq əleyhinə, müharibə və beynəlxalq terrorizm kimi cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada müəyyən olunmuşdur. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.

Ermənistanın 1988-ci ildən başladığı təcavüzü nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisini, eləcə də yeddi ətraf rayonu işğal etmiş, beləliklə ölkəmizin 20 faiz ərazisi zəbt edilmiş, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. 

Müvəkkil Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə daim səy göstərdiyini, yüksək səviyyədə fəaliyyət həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər zaman bu münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin, zəbt olunmuş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini qətiyyətlə vurğuladığını diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirir, bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart və Xocalı soyqırımları haqqında faktların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir, bununla əlaqədar çoxsaylı kitablar və nəşrlər dərc olunur. Eyni zamanda soyqırımlar barədə faktların dünya ictimaiyyətinə çatdırılması üçün hər il dövlət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir.

Ombudsman da xalqımızın məruz qaldığı təcavüz, soyqırımlar, o cümlədən 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar fəaliyyət dövrü ərzində 114-dən çox Bəyanatlar verdiyini, həmin bəyanatların hər il ölkəmizdə yayıldığını, habelə BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyini vurğulamışdır. O, iştirak etdiyi çoxsaylı beynəlxalq konfranslarda, BMT-nin İnsan Hüquqları Şurası və İnsan Hüquqları üzrə Ali Komissarlığının sessiyalarında və digər tədbirlərdəki çıxışlarında soyqırımlar barədə ətraflı məlumatlar verdiyini, orada Azərbaycan həqiqətləri ilə bağlı çoxsaylı kitablarını və nəşrlərini iştirakçılara təqdim etdiyini diqqətə çatdırmışdır.

E.Süleymanova hər il olduğu kimi, Azərbaycan həqiqətlərinin, haqq işimizin, ədalətli mövqeyimizin dünya ictimaiyyətinə çatdırılması məqsədilə fəaliyyət göstərilməsinin, informasiya-təbliğat sahəsində işlərin davam etdirilməsinin və daha da gücləndirilməsinin, eyni zamanda xalqımıza qarşı törədilmiş soyqırımlar barədə tarixi bilgiləri, məlumatları uşaqlara, gənclərə, gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulamışdır. 

O, beynəlxalq ictimaiyyəti insan hüquqlarının müdafiəsinə, ədalətə, haqlı mövqeyimizi dəstəkləməyə çağırmış, insanlığa qarşı törədilən bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, Azərbaycanın ərazi bütövlüyünün, bir milyon qaçqın və məcburi köçkün soydaşımızın kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inandığını bildirmişdir. 

Ombudsman ümidlərini ifadə etmişdir ki, dövlət səviyyəsində həyata keçirilən zəruri tədbirlər nəticəsində tolerantlıq məkanı olan Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə səylər göstərəcək, uzun illərdir ölkəmizə qarşı davam edən təcavüz siyasətinə son qoyulacaq, hər bir kəsin ümumbəşər miqyasda tanınmış fundamental insan hüquqlarının təmin olunması üçün real imkanlar yaranacaq, respublikamızda və bütövlükdə regionda sülh, davamlı inkişaf və işgüzar əməkdaşlıq naminə zəruri şəraitə nail olunacaqdır.

AMEA-nın müxbir üzvü və Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Ombudsmanın insan hüquqları sahəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səmərəli fəaliyyət göstərdiyini yüksək dəyərləndirmişdir. O, türk-müsəlman əhaliyə qarşı 1918-ci il soyqırımları mövzusunda geniş məruzə etmiş, bu qanlı hadisələrin tarixi, səbəbləri, cərəyan etməsi, bununla əlaqədar olaraq tarixi faktların, zəruri sənədlərin tapılması və ortaya çıxarılması, kitabların dərc edilməsi, habelə əsrlər boyu Azərbaycana qarşı erməni təcavüzünün məqsədi və tarixi, Çar Rusiyasının Şimali-Qərbi Azərbaycanla bağlı köçürmə siyasəti və XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə minlərlə erməni ailələrinin köçürülməsi, İrəvan xanlığının tarixi barədə ətraflı məlumat vermişdir. 

Y.Mahmudov həmmüəllifliyi və baş redaktorluğu ilə Tarix İnstitutunun kollektivi tərəfindən hazırlanmış, xaricdə saxlanılan arxiv materiallarından, rəsmi sənədlərdən, o cümlədən erməni mənbələrindən də istifadə edilmiş və 8 dildə nəşr olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı barədə geniş məlumat vermiş, bu fundamental elmi tədqiqat əsərinin ərsəyə gəlməsinə təşəbbüs göstərən və dəstəkləyən dövlət başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir. O, habelə həmin institutun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun birgə layihəsi əsasında nəşr edilmiş “Soyqırımı muzeyi” kitabı haqqında danışmış, Azərbaycan xalqının böyük xalq olduğunu, ildən-ilə dünya miqyasında nüfuzunun artdığını və bu xalqın tarixini silmək mümkün olmayacağını vurğulamışdır.

Milli Məclisin deputatı Elman Nəsirov konfransa görə təşkilatçılara minnətdarlığını bildirmiş, 31 mart soyqırımı – ermənilərin tarixən yürütdüyü soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir mövzusunda məruzə etmişdir. O, bu dəhşətli hadisələri məhz soyqırımı kimi dünyada tanıtmağın, tarixi, siyasi və hüquqi qiymət verilməsinin əsas məqsəd olduğunu söyləmiş, Ombudsmanın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirmişdir. Millət vəkili ermənilərin Xocalı soyqırımını törətmələrini də bildirmişdir.

Azərbaycan Respublikası Hərbi prokurorunun müavini Rasim Kazımov azərbaycanlılara qarşı soyqırımı cinayətləri haqqında məruzəsində ermənilərin tarixən cəzasızlıq şəraitindən istifadə edərək növbəti ağır, insanlığa qarşı cinayətlərə əl atdığını vurğulamış, bu haqda çoxsaylı faktların olduğunu söyləmiş, təmsil etdiyi qurumun inzibati binasındakı Soyqırımı muzeyi barədə məlumat vermişdir.

Sonra özbək alimi Şöhrət Barlas ölkəmizlə paralel olaraq Türkistanda ermənilərin törətdikləri kütləvi qırğınlar, AMEA-nın Tarix İnstitutunun alimləri tarix sənədləri üzrə elmi axtarışlarının nəticəsi olaraq, Bakı Quberniyasında, Ermənistan (Ararat) Respublikasında, Qarabağda, Zəngəzurda, Şərqi Anadoluda azərbaycanlılara, türk-müsəlman əhaliyə qarşı soyqırımları, 1948-1953-cü illərdə soydaşlarımızın deportasiyası, ölkəmizin Dağlıq Qarabağ ərazisində və ətraf rayonlarında ermənilərin törətdikləri etnik təmizləmə, Azərbaycan Yazıçılar Birliyinin, habelə Şərqşünaslıq İnstitutunun nümayəndələri Cənubi Azərbaycanda soyqırımlar və digər mövzularında məruzələri diqqətə çatdırmışlar. 

Konfrans çərçivəsində yuxarıda qeyd olunan “İrəvan xanlığı” və “Soyqırımı muzeyi” kitablarının təqdimatı keçirilmiş, Hərbi Prokurorluq tərəfindən hazırlanmış “Əsrin faciəsi” adlı qısa metrajlı film nümayiş etdirilmişdir. 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı, Azərbaycan həqiqətlərinə həsr edilmiş çoxsaylı kitablar və nəşrlər sərgisi Ombudsman təsisatı və Tarix İnstitutu tərəfindən təşkil olunmuşdur.

Yekunda Ombudsman Tarix İnstitutunun direktoruna və institutun alimlərinə bu konfransın birgə təşkilinə və fəallıqlarına, habelə bütün iştirakçılara təşəkkürünü bildirmişdir.