Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında gender əsaslı zorakılıq məsələləri müzakirə olunmuşdur

14-02-2017 9427 dəfə oxunub
Ombudsman Aparatında gender əsaslı zorakılıq məsələləri   müzakirə olunmuşdur

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında gender məsələləri üzrə beynəlxalq ekspert Silviya Spureklə görüş keçirilmişdir. Görüşdə BMT-nin Əhali Fondunun Qanunvericilik və siyasət üzrə layihə əməkdaşı Xalisə Şahverdiyeva da iştirak etmişdir.

Görüşün məqsədi məişət zorakılığının qarşısının alınması, qurbanların müdafiəsi, bu istiqamətdə effektiv cavab mexanizmlərinin yaradılması ilə bağlı qanunvericiliyin və icra mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinin müzakirəsi olmuşdur.

Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova qonaqları salamlayaraq, ölkə Ombudsmanı Elmira Süleymanovanın insan hüquqları sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin prioritet istiqamətlərindən birinin məhz gender əsaslı zorakılıqla mübarizə sahəsinə aid olduğunu diqqətə çatdırmış, Ombudsman təsisatının bu istiqamətdə gördüyü işlər barədə qonaqlara ətraflı məlumat vermişdir. 

O, həmçinin bu istiqamətdə dövlət qurumları, QHT-lər, vətəndaş cəmiyyəti, KİV və icmalarla əməkdaşlıq ələqələrinin qurulduğunu, Müvəkkilin regional mərkəzlərinin yaradıldığını, şikayətlərə dərhal reaksiya verilməsi məqsədilə qaynar xətlərin fəaliyyət göstərdiyini, habelə müxtəlif sahələr, o cümlədən də qadın hüquqları üzrə ixtisaslaşmış müşavirlərin fəaliyyət göstərdiyini bildirmişdir.

T.Cahangirova Ombudsmanın təklifləri də nəzərə alınmaqla, ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 2.15-ci bəndində qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılmasının təsbit olunduğunu, habelə əhalinin məlumatlılığının artırılması məqsədilə aidiyyəti icra qurumları ilə birgə tədbirlər görüldüyünü bildirmişdir.

Zorakılığın qarşısının alınması üzrə beynəlxalq təcrübəyə əsaslanan yeni strategiyalarının müəyyən edilməsi, bu məqsədlə əməkdaşlıq imkanlarının artırılması sayəsində BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış qurumları ilə birgə layihələrin həyata keçirilməsinin daim diqqətdə saxlanıldığı vurğulanmışdır. 

Daha sonra, beynəlxalq ekspert Silviya Spurek Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Əhali Fondu ilə birgə həyata keçirdiyi layihənin icrası ilə bağlı Azərbaycanda məişət zorakılığı sahəsində mövcud qanunvericiliyin və hazırki vəziyyətin öyrəniləcəyi barədə məlumat vermiş, layihə çərçivəsində hazırlanacaq hesabatda Ombudsmanın müsbət təcrübəsindən istifadə olunacağını bildirmişdir.

Görüşdə qonaqları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.