Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndələri zorakılığa qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirində iştirak etmişlər

15-03-2017 9465 dəfə oxunub
Ombudsmanın nümayəndələri zorakılığa qarşı mübarizə ilə bağlı  maarifləndirmə tədbirində iştirak etmişlər

“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyi məişət zorakılığına səbəb olan halların aradan qaldırılması, ailədaxili münasibətlərdə mülkiyyət məsələlərinin tənzimlənməsi, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi və bu sahədə gənclərin maarifləndirilməsi məqsədilə “Bərabər hüquqlar, bərabər imkanlar” adlı ictimai müzakirə təşkil etmişdir.

Aidiyyəti dövlət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, KİV-in nümayəndələrinin qatıldığı həmin tədbirdə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Müqalib Mahmudov və Lamiyə Zeynalova iştirak etmişlər. 

M.Mahmudov tədbirdə çıxış edərək, zorakılığın insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən, insan ləyaqəti ilə bir araya sığmayan və həyat üçün ciddi təhlükə yaradan qlobal problemlərdən biri olduğunu, buna görə də zorakılıq halları ilə mübarizədə müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bərabər, hüquqi maarifləndirmə tədbirlərinin də mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Zorakılığa səbəb olan halların aradan qaldırılması və ona qarşı mübarizə məsələlərinin Ombudsman Elmira Süleymanovanın daim diqqətində olduğu, Müvəkkil tərəfindən Bakıda və regionlarda müxtəlif maarifləndirmə tədbirlərinin keçirildiyi, bu sahədə qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüldüyü qeyd olunmuşdur. 

Müvəkkilin təqdim etdiyi təkliflərin böyük əksəriyyəti nəzərə alınmaqla “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunduğu, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında, “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında sözügedən problemin həllinə yönəlmiş müddəaların nəzərdə tutulduğu və hazırda uğurla həyata keçirildiyi vurğulanmışdır. 

Tədbirdə BMT tərəfindən qəbul edilmiş 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci məqsədinin məhz gender bərabərliyinə nail olmaq, bütün qadın və qızlara səlahiyyət vermək olduğu diqqətə çatdırılmış, Müvəkkilin “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının, “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ratifikasiyası edilməsi, “Uşaqların cismani cəzadan qorunması haqqında” Azərbaycan Respublikası Qanununun  qəbulu prosesinin sürətləndirilməsi, məişət zorakılığına məruz qalmış qadın və uşaqların, insan alveri qurbanlarının sosial müdafiəsi məqsədi ilə sosial-reabilitasiya, habelə cəmiyyətə uyğunlaşmaya yönəlmiş proqramların hazırlanması və tətbiqi, həmçinin ixtisaslaşmış sosial-psixoloji reabilitasiya xidməti göstərən regional sosial sığınacaq komplekslərinin yaradılması və s. təklifləri barədə də məlumat verilmişdir.