Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman “Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndələrini qəbul etmişdir

14-03-2017 9419 dəfə oxunub
Ombudsman “Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndələrini  qəbul etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkəmizdə səfərdə olan yəhudi və müsəlman qadınlardan ibarət “Salaam Şalom Qardaşlığı” təşkilatının üzvlərini qəbul etmişdir. Görüşdə həmçinin vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının və KİV-lərin nümayəndələri iştirak etmişlər. 

Ombudsman qonaqları salamlamış və ölkəmizin müstəqilliyi haqqında, Azərbaycana qarşı erməni təcavüzü, Xocalı Soyqırımının 25-ci ildönümü, 31 Mart – Azərbaycanlıların Soyqırımı günü və bunlarla bağlı silsilə tədbirlər barədə məlumat vermişdir. O, ölkəmizdə qısa müstəqillik dövründə aparılan islahatlar nəticəsində əldə edilmiş iqtisadi, sosial və mədəni sahələrdə nailiyyətlər, habelə hüquqi və institusional islahatlar, ölkədə ilk Ombudsman təsisatının yaradılması, insan hüquqları sahəsində əldə edilmiş uğurlar, ölkəmizin 250-dən çox beynəlxalq konvensiyalara qoşulması, milli qanunvericiliyin daha da təkmilləşdirilməsini diqqətə çatdırmış, ölkəmizdə yüksək səviyyədə multikultural şəraitinin, dini və milli tolerantlığın hökm sürdüyünü vurğulamış, bununla əlaqədar dünya üzrə müxtəlif dini konfessiyaların nümayəndələrinin də iştirakı ilə silsilə forumlar, dini və milli azlıqların hüquqlarının müdafiəsi istiqamətində görülmüş işlər barədə qonaqlara məlumat vermişdir. Müvəkkil Ümumdünya İnsan Hüquqları Bəyannaməsində insan hüquqlarının müdafiəsində ayrı-seçkiliyə yol verilməzliyi prinsipinin ölkəmizdə tək Konstitusiya və digər qanunvericilik aktlarda təsbit olunmaqla deyil, həmçinin praktiki olaraq riayət olunmasını söyləmişdir.

Elmira Süleymanova Ombudsman təsisatının Paris Prinsiplərinə tam uyğun olaraq müstəqil fəaliyyəti, onun ən yüksək “A” Statusuna malik olması, fəaliyyətinin müxtəlif sahələri barədə, əhalinin bütün qruplarının, o cümlədən qadınların, uşaqların, qaçqın və məcburi köçkünlərin, miqrantların, ahılların, milli azlıqların, məhkumların, əlilliyi olan insanların və digər həssas kateqoriyaya aid əhali qruplarının hüquqlarının müdafiəsi, bunların hüquqlarının səmərəliliyinin artmasına yönəlmiş qanunvericilik aktlarının və təcrübənin təkmilləşməsi haqqında danışmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixində “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncam imzaladığını qeyd edərək, bu sərəncamda nəzərdə tutulmuş Probasiya xidmətinin yaradılması və mahiyyəti, Ombudsman təsisatında bununla bağlı ictimai müzakirənin keçirildiyi bildirilmişdir.

Ölkəmizdə cəza icra sahəsində humanizm prinsipinin nümunəsi olaraq bu günə kimi 61 əfv sərəncamlarının verildiyini, 11 amnistiya aktlarının qəbul olunduğunu, bunların nəticəsində minlərlə məhbusun azadlığa buraxıldığı, o cümlədən Ombudsmanın vəsatəti ilə 500-dən artıq məhkumun ailələrinə qovuşduğu qeyd edilmişdir.

İnteraktiv tərzdə təşkil olunmuş görüş zamanı qonaqlar onları qəbul etdiyinə görə Müvəkkilə öz dərin minnətdarlığını bildirmiş, təmsil etdikləri təşkilat barədə tədbir iştirakçılarına məlumat vermişlər. Onlar qonaqpərvər ölkəmizdə insan hüquqları sahəsində çox yenilikləri öyrəndikləri, təcrübə mübadiləsi vasitəsi ilə ölkəmizin modelindən yararlanmaq zərurətini bildirmiş, həmçinin onları maraqlandıran sualları səsləndirmişlər.

“Salaam Şalom Qardaşlığı” təşkilatının nümayəndələrinin suallarını cavablandıraraq Elmira Süleymanova təsisatın vəzifələri, müraciətlərə baxılması, dövlət qurumları, vətəndaş cəmiyyəti, QHT və KİV-lərlə əməkdaşlıq, eyni zamanda, beynəlxalq əlaqələr, Müvəkkilin İşgəncələrə qarşı Milli Preventiv Mexanizm kimi fəaliyyəti, əhalinin müxtəlif qruplarının hüquqlarının, o cümlədən qadın hüquqları, dini etiqad azadlığının  müdafiəsi və gender bərabərliyinin təmini üzrə gördüyü işlər, dövlət qurumlarında və idarəetmədə qadınların təmsilçiliyinin artırılması üzrə tədbirlər, respublikanın bütün regionlarını əhatə etməklə dövlət qurumları və yerli icmaların iştirakı ilə keçirilmiş ictimai dinləmələr, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində Ombudsmanın təklif və tövsiyələri haqqında  geniş məlumat vermişdir.

Görüşdə iştirak edən Ombudsman yanında Ekspertlər Şurasının üzvləri olan QHT-lərin nümayəndələri də qonaqların suallarını cavablandırmışlar.

Belə ki, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin sədri Səadət Bənənyarlı, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin Sədri Mehriban Zeynalova, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli Ombudsmanla əməkdaşlığı yüksək qiymətləndirərək, təmsil etdikləri təşkilatların fəaliyyəti, əhalinin müvafiq qruplarının nümayəndələri ilə gördükləri işlər barədə məlumat vermiş, ölkəmizdə əldə edilmiş nailiyyətləri dəyərləndirərək, təcrübə mübadiləsi, daha geniş hüquqi maarifləndirmənin zəruriliyini vurğulamışlar.

Görüşün yekununda Müvəkkil dünyanın müxtəlif ölkələrindən gələn qonaqların ölkəmizdə yüksək multikultural dəyərlərlə qarşılaşdıqlarını bildirərək, multikultural mühitin yalnız dözümlülük və tolerantlıq nümayiş etdirməklə deyil, həmçinin qarşılıqlı və səmərəli əməkdaşlıq nəticəsində əldə olunaraq, qorunub saxlanmasının mühüm əhəmiyyətini önə çəkmişdir. O, sülhün bərqərar olunması, qorunub saxlanması, sülh mədəniyyətinin, sivilizasiyalar arası dialoqun təşviq edilməsi prosesində fəal iştirakın vacibliyini vurğulayaraq, qonaqları bu sahədə əməkdaşlığa çağırmışdır.

Qonaqlara Ombudsman təsisatı haqqında nəşrlər, xatirə suvenirləri, ölkəmizdəki milli azlıqların mədəniyyətini və musiqisini özündə əks etdirən disklər hədiyyə edilmişdir.