Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri “Ünvanlı sosial yardım institutunun sosial hüquqların qorunmasında əhəmiyyəti” mövzusunda təlimdə iştirak etmişdir

13-03-2017 9396 dəfə oxunub
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri “Ünvanlı sosial yardım institutunun sosial hüquqların qorunmasında əhəmiyyəti” mövzusunda təlimdə iştirak etmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) dəvəti ilə Gəncə şəhərində “Sosial İnkişaf Naminə Alyans: Azərbaycanda sosial siyasətin keyfiyyəti, effektivliyi və şəffaflığının artırılması” layihəsi çərçivəsində təşkil olunmuş “Ünvanlı sosial yardım institunun sosial hüquqların qorunmasında əhəmiyyəti' mövzusunda təlimdə iştirak etmişdir. 

Təlimə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Aleksandra Nerisanu, BMT-nin İnkişaf Proqramının nümayəndəsi Gülşən Rzayeva, Gəncə Şəhər İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun yerli şöbəsinin, habelə QHT və KİV-in nümayəndələri, yerli sakinlər qatılmışlar.

Səbuhi Abbasov çıxışında qeyd etmişdir ki, bütün dünyada iqtisadi böhranın mövcud olduğu bir vaxtda ölkəmizdə siyasi-iqtisadi sabitlik yeni enerji layihələrinin reallaşdırılmasına, maliyyə vəsaitlərinin cəlb edilməsinə, uğurlu islahatlar həyata keçirilməsinə imkanlar yaratmışdır. Belə islahatlardan biri də  Ünvanlı Dövlət Sosial Yardımı sahəsinə aiddir. Bu sahədə aşkar edilmiş çatışmazlıqların, o cümlədən hüquqi boşluqların və süründürməçiliyə səbəb olan halların aradan qaldırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış layihə əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli Qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiqi mövcud sahədə olan problemlərin həlli yönümündə mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılmışdır. 

Qeyd olunmuşdur ki, Ünvanlı dövlət sosial yardımlarının təyin edilməsi ilə bağlı əvvəlki illərdə müşahidə edilən çətinlik və süründürməçilik halları aradan qaldırılmışdır. Belə ki, sosial yardımın alınması üçün elektron formada müraciət edən təmsilçi fərdi kommunikasiya vasitələrindən istifadə edərək, öz müraciətini “Elektron hökumət” və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron xidmətlər” portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) göndərir ki, bu da süründürməçiliyin və qanun pozuntularının baş verməsinin qarşısını alır. Həmçinin Ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə bağlı Müvəkkilə ünvanlanan hər bir müraciət üzrə araşdırma aparılır və bu da sosial hüquqların müdafiəsinə əlverişli şərait yaradır. 

Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmi məruzəçi tərəfindən ətraflı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırılmış, onların mövzu ilə bağlı sualları ətraflı cavablandırılmış, təlim interaktiv şəkildə davam etdirilmişdir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov əhalinin sosial hüquqlarının qorunması və maarifləndirmə istiqamətində Azərbaycan Ombudsman təsisatının fəaliyyətini yüksək qiymətləndirərək, Müvəkkil Elmira Süleymanovaya təşəkkürünü bildirmişdir.