Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın nümayəndəsi Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş tədbirdə iştirak etmişdir

01-12-2016 9007 dəfə oxunub
Ombudsmanın nümayəndəsi Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə  həsr olunmuş tədbirdə iştirak etmişdir

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə birgə 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə həsr olunmuş tədbir keçirmişdir.

Millət vəkillərinin, aidiyyəti dövlət qurumlarının, QHT və KİV nümayəndələrinin qatıldığı həmin tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilin əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov iştirak etmişdir.

Ombudsmanın nümayəndəsi tədbirdə çıxış edərək adı çəkilən günün tarixi və əhəmiyyəti, bu il qəbul edilməsinin 10 ili tamam olan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2006-cı il 13 dekabr tarixli Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edilməsi və Müvəkkil Elmira Süleymanovanın bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti barədə məlumat vermişdir.

BMT Baş Məclisinin 1992-ci il 14 oktyabr tarixli qətnaməsinə əsasən                            3 dekabrın Beynəlxalq Əlillər Günü kimi elan olunduğu və bütün dünya ictimaiyyəti tərəfindən, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 27 noyabr tarixli Qərarına uyğun olaraq, ölkəmizdə də hər il geniş qeyd olunmağa başladığı bildirilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın qəbulundan cəmi bir il sonra, yəni BMT Baş Məclisinin 2007-ci il 18 dekabr tarixli qətnaməsi ilə “Beynəlxalq Əlillər Günü”nün adında dəyişiklik edilərək “Beynəlxalq Əlilliyi olan Şəxslər Günü” adlandırılması məqsədəmüvafiq hesab edilmişdir.

Ölkəmizin 2008-ci il 2 oktyabr tarixli müvafiq qanunu ilə ratifikasiya edilmiş BMT-nin həmin Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil mexanizmin funksiyalarının da həyata keçirilməsinin Ombudsmana həvalə olunduğu və bu istiqamətdə zəruri tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılmışdır.

Belə ki, Müvəkkilin və onun tapşırığı əsasında Ombudsman Aparatı əmək­daş­larının müntəzəm olaraq sosial xidmət, təhsil, səhiyyə və digər müəssisələrdə monitorinqlər keçirdiyi, əlilliyi olan şəxslərin vəziyyəti ilə maraqlandığı, onların saxlanma şəraitinin daha da yaxşılaşdırılması, sosial problemlərinin, sağlamlıq və təhsil hüquqlarının təmini ilə bağlı məsələlərin həlli üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrin verildiyi,  eyni zamanda bu qəbildən olan insanların hüquqi cəhət­dən maarifləndirilməsi, onlara qarşı yol verilən hər hansı bir ayrı-seçkilik, qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftar və digər hüquqpozmaların aradan qaldırılması istiqamətində də zəruri tədbirlər görüldüyü vurğulanmışdır.