Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatında əlilliyi olan şəxslərin hüquqları ilə bağlı dəyirmi masa keçirilmişdir

03-12-2016 8998 dəfə oxunub
Ombudsman Aparatında əlilliyi olan şəxslərin hüquqları ilə bağlı   dəyirmi masa keçirilmişdir

3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü və BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 13 dekabr 2006-cı il tarixli Konvensiyasının qəbul edilməsinin 10 illiyi münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında dəyirmi masa keçirilmişdir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya – 10 il: görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda olan bu tədbirdə aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, bu qəbildən olan şəxsləri təmsil edən QHT-lərin, habelə KİV-lərin nümayəndələri iştirak etmişlər.

Ombudsman Elmira Süleymanova iştirakçıları salamlamış, Beynəlxalq Əlilliyi olan Şəxslər Gününün tarixi və mahiyyəti, habelə BMT-nin adı çəkilən Konvensiyası və bu sənədin həyata keçirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. 

Qeyd olunmuşdur ki, bu tarixi günün mahiyyəti əlilliyi olan şəxslərin və onları təmsil edən təşkilatların yaxından iştirakı ilə bu qəbildən olan insanların hüquqlarının müdafiəsi sahəsində görülmüş işləri və qarşıda duran vəzifələri birgə müzakirə etməklə, aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, o cümlədən QHT və KİV-lərin, bütövlükdə isə bütün cəmiyyətin diqqətini mövcud problemlərin həllinə yönəltmək və bu qəbildən olan şəxslərin fəal şəkildə cəmiyyətə inteqrasiyasına nail olmaqdan ibarətdir.

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə əhalinin bütün sosial qruplarının, o cümlədən əlilliyi olan şəxslərin hüquqlarının qorunması və onların sosial müdafiəsi məsələləri dövlət siyasətinin mühüm tərkib hissələrindən birini təşkil etmişdir. Bu mühüm sosial siyasət kursu onun layiqli varisi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla davam və daha da inkişaf etdirilir. Məhz bunun nəticəsidir ki, bu qəbildən olan insanların hüquq və azadlıqlarının kompleks şəkildə təmin edilməsi, onların sosial rifah halının yaxşılaşdırılması məsələləri daim dövlətimizin diqqət mərkəzində saxlanılır.

Təqdirəlayiq hal kimi vurğulanmışdır ki, əhalinin, o cümlədən əlilliyi olan şəxslərin sağlamlıq problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” və digər proqramları, müasir standartlara cavab verən tibb müəssisələrinin, reabilitasiya mərkəzlərinin inşası və yenidən qurulması, müxtəlif patologiyalardan əziyyət çəkən uşaqlar üzərində əməliyyatların aparılması, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına xidmət edən layihələrin dəstəklənməsi bu gün öz müsbət nəticələrini verməkdədir.

Ombudsman əlilliyi olan şəxslərin də sosial-hüquqi vəziyyətini, onların hüquqlarının təmini və müdafiəsi ilə bağlı məsələləri həmişə diqqət mərkəzində saxladığını, onların problemlərinin həll edilməsi məqsədi ilə çoxsaylı tədbirlər gördüyünü diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, dövlətimiz tərəfindən 2008-ci ildə ratifikasiya edilmiş BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının icrasının təministiqamətində zəruri addımlar atılmış, müasir beynəlxalq təcrübə nəzərə alınmaqla həmin Konvensiyanın 33.2-ci maddəsində yaradılması nəzərdə tutulan müstəqil mexanizmin funksiyalarının “A” Statusu ilə akkreditasiya olunmuş milli insan hüquqları institutu olan Ombudsman təsisatı tərəfindən həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Müvəkkil tərəfindən bu funksiyaların həyata keçirilməsi istiqamətində zəruri işlərin görüldüyü, bu məqsədlə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflərin verildiyi bildirilmişdir. 

Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının həyata keçirilməsi vəziyyətinin təhlili, bu sənədin əhali arasında, dövlət qurumlarında təbliğ edilməsi məqsədilə bütün şəhər və rayonlarda yerli icra hakimiyyəti, məhkəmə, polis və prokurorluq orqanlarının, bələdiyyələrin, yerli QHT-lərin, KİV-lərin, icmaların, dairə və məntəqə seçki komissiyalarının nümayəndələrinin iştirakı ilə Müvəkkil tərəfindən keçirilmiş ictimai dinləmələrdə əlilliyi olan şəxslərin də hüquqlarının təmini məsələlərinə diqqət yetirilmiş, onlar barəsində ayrı-seçkiliyə yol verilməməsi məsələsi önə çəkilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş, ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini ehtiva edən və həyata keçirilməsi müvafiq dövlət proqramları vasitəsilə gerçəkləşdirilən “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edən müddəaların olduğu, bununla yanaşı, BMT-yə üzv olan dövlətlərin Dayanıqlı İnkişaf Samittində təsdiqlənmiş 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərinin sözügedən Konsepsiyasının prioritet istiqamətləri ilə tam uzlaşdığı qeyd olunmuşdur. 

Ombudsman əlilliyi olan şəxslərin hüquqları ilə bağlı maarifləndirmə tədbirlərinin Bakıda və regionlarda daha da genişləndirilməsinin, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsinin zəruriliyini bildirmiş, tədbir iştirakçılarının mövzu ilə bağlı təkliflərini Müvəkkilə göndərilməsini tövsiyə etmişdir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin əlaqələndirilməsi, öhdəliklərin və tövsiyələrin yerinə yetirilməsi vəziyyəti” mövzusunda məruzə ilə çıxış etmiş, mühüm əhəmiyyət kəsb edən belə bir tədbirin təşkilinə və əlilliyi olan şəxslərin hüquqlarının daim diqqətdə saxladığına görə Ombudsman Elmira Süleymanovaya minnətdarlığını bildirmişdir. 

O, qeyd etmişdir ki, ölkəmizdə əlilliyi olan şəxslərin cəmiyyətimizin layiqli üzvləri kimi yaşaması üçün dövlətimiz tərəfindən davamlı tədbirlər görülür, bu qəbildən olan insanlarla bağlı siyasət ümumbəşəri normalara uyğun olaraq həyata keçirilir. Əlilliyi olan şəxslərin sayının dünya əhalisinin 15 faizini, ölkəmizdə isə bu rəqəmin 6 faiz təşkil etdiyi və digər statistik məlumatlar, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə fəaliyyəti diqqətə çatdırılmışdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Aqil Dadaşov isə öz çıxışında əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu barədə məlumat vermişdir.

 Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, habelə Səhiyyə, Xarici İşlər, Təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşları, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri” İctimai Birliyinin, Azərbaycan Çernobıl Əlilləri İttifaqının, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının, Azərbaycan Diabet Liqasının, “Dan” Beynəlmiləlçi Gənclərİctimai Birliyinin, “Autizm” Defektoloji və Psixoloji Yardim Mərkəzinin, “Müşviq” adına Qaradağın Əlil Uşaqlarına Yardım İctimai Birliyinin, “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin rəhbərləri çıxış edərək əlilliyi olan şəxslərin hüquqları sahəsində görülmüş işlər və qarşıda duran əsas vəzifələr barədə məlumat vermiş, bu sahədə təklif və tövsiyələrini səsləndirmiş, eyni zamanda əhalinin həssas qruplarının hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyətinə görə Ombudsmana minnətdarlıqlarını bildirmişlər.

İnteraktiv formada davam etdirilən tədbirdə əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması üzrə birgə gələcək fəaliyyət istiqamətləri müzakirə olunmuşdur.