Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində əlilliyi olan şəxslərin hüquqlarına həsr olunmuş tədbir keçirilmişdir

05-12-2017 9620 dəfə oxunub
Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsində   əlilliyi olan şəxslərin hüquqlarına həsr olunmuş tədbir keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə yaradılmış və Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbində bu günlərdə, əlilliyi olan şəxslərin hüquqlarına həsr olunmuş maarifləndirmə tədbiri keçirilmişdir.

Həmin tədbirdə Ombudsman Aparatının əməkdaşlarıHemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova, “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin sədri  Aydın Xəlilov, uşaqlar və valideynlər iştirak etmişlər. 

Ombudsmanın nümayəndəsi Müqalib Mahmudov tədbirdə çıxış edərək bu il qəbul edilməsinin 10 ili tamam olan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 2006-cı il 13 dekabr tarixli Konvensiyasının məqsədi, ümumi prinsipləri, iştirakçı dövlətlərin öhdəlikləri və ölkəmiz tərəfindən 2008-ci ildə ratifikasiya edilmiş həmin beynəlxalq sənədin icrası istiqamətində görülən işlər, o cümlədən Müvəkkilin bu sahədəki çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat vermişdir. 

Ombudsmanın fəaliyyətində sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının təmini və müdafiəsinə də önəm verildiyi, Müvəkkilin irəli sürdüyü təkliflər nəzərə alınmaqla qəbul edilmiş bir sıra normativ hüquqi aktların, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının “Funksionallıq, Əlillik və Sağlamlığın Beynəlxalq Təsnifatı”na uyğunlaşdırılmaqla yeni redaksiyada təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tətbiqi nəticəsində uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi mexanizminin asanlaşdırıldığı bildirilmişdir.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova öz təqdimatında ölkəmizdə qan xəstəliklərindən əziyyət çəkən, sağlam insan qanına kəskin ehtiyacı olan minlərlə uşağın müalicəsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat vermişdir. O, təmsil etdiyi ictimai təşkilatın da bu istiqamətdə iş apardığını, ictimaiyyətin diqqətini həmin ağrılı problemə yönəltdiyini, müxtəlif vaxtlarda qanvermə aksiyaları keçirdiyini, Ombudsmanın da bu məsələni diqqətdə saxladığını və belə aksiyaları təşkil etdiyini, ötən illərdə təsisatın bir qrup əməkdaşının hemofiliyalı, talassemiyalı və leykemiyalı insanlar üçün qanvermə aksiyasında iştirak edərək, donor qanı verdiklərini söyləmişdir. Eyni zamanda uşaqlara düzgün qidalanma, şəxsi gigiyena qaydalarına əməl etmə ilə bağlı tövsiyələrini bildirmişdir.

“Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin sədri Aydın Xəlilov inklüziv təhsilin anlayışı, əsas xüsusiyyətləri, prinsirləri və inklüziv təhsilə cəlb olunan uşaqlarla pedaqoji işin təşkili barədə danışmışdır. O, qeyd etmişdir ki, dünyanın bir çox ölkələrində sağlamlıq imkanları məhdud uşaqlar digər uşaqlarla birlikdə ümumtəhsil məktəblərində təhsil alır və uşaq bağçalarına gedirlər ki, bu cür təhsil də inklüziv təhsil adlanır. İnklüziv təhsilin əsas məqsədini xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün digər həmyaşıdları ilə birgə maneəsiz təlim mühitinin yaradılması və onların psixoloji hazırlığının təmin olunması təşkil edir.  Son illər ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərin həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması ilə bağlı müddəaları özündə əks etdirən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində görülən işlərin öz uğurlu nəticələrini verəcəyi vurğulanmışdır.

Qonaqlar belə bir aktual mövzuya həsr olunmuş tədbirin təşkilinə və faydalı fikir mübadiləsinə, xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin də hüquqlarının müdafiəsinə, onlarla əməkdaşlığa önəm verdiyinə, Liderlik məktəbi yetirmələrinin intellektual səviyyəsinin inkişafına göstərdiyi qayğıya görə Ombudsmana təşəkkürlərini bildirmiş, uşaqların çoxsaylı suallarını cavablandırmışlar.