Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Kişinyovda keçirilmiş beynəlxalq konfransda Azərbaycanda dünyəvilik və tolerantlıq prinsiplərinə əməl edildiyi vurğulanmışdır

06-12-2016 9321 dəfə oxunub
Kişinyovda keçirilmiş beynəlxalq konfransda Azərbaycanda dünyəvilik və tolerantlıq prinsiplərinə əməl edildiyi vurğulanmışdır

1-2 dekabr 2016-cı il tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa İttifaqı və Avropa Şurasının birgə dəstəyi ilə “Ayrı-seçkiliklə mübarizə demokratik dövlətlərin prioritetidir” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 

Konfransda Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsinə cəlb olunmuş ölkələr olan Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovanın dövlət rəsmiləri, milli insan hüquqları təsisatlarının və ictimai təşkilatlarının nümayəndələri iştirak etmişlər. 

Altı ölkədən 60-dan artıq iştirakçının qatıldığı konfransın əsas məqsədi müxtəlif ölkələrin ayrı-seçkiliklə mübarizə sahəsində əldə etdikləri müsbət təcrübənin öyrənilməsi, Avropa İttifaqının bu sahədə həyata keçirdiyi siyasət, Avropa İnsan Hüquqları Məhkəməsinin bununla bağlı qəbul etdiyi qərarlarla tanışlıq və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində gələcək əməkdaşlıq istiqamətlərinin müzakirəsi olmuşdur. 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı, Aparatın əməkdaşları Zaur Vəliməmmədli və Turan Cahangirova bu tədbirdə iştirak etmişlər.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə məruzə ilə çıxış edərək, Azərbaycan Respublikasının çoxmillətli və çoxdinli bir ölkə olduğunu, bu ölkənin milli siyasətinin müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş vermədiyini, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olduğunu qeyd etmişdir.

Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə ölkəmizi dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə ölkəmizdə Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təsis edildiyi, 15 may 2014-cü il tarixli Sərəncamı ilə isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığı, Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlərin, elmi konfransların keçirildiyi qeyd olunmuşdur.

Çıxışda həmçinin Azərbaycan Respublikası Konstitusiyasına əsasən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyi, insan və vətəndaş hüquq və azadlıqlarının irqi, milli, dini və digər əsaslara görə məhdudlaşdırılmasının yolverilməzliyi prinsipinin Konstitusiya ilə yanaşı, Cinayət, Cinayət-Prosessual, Mülki-Prosessual, Ailə, Əmək məcəllələrində və digər qanunvericilik aktlarında təsbit edildiyi iştirakçıların diqqətinə çatdırılmışdır.

A.Səfixanlı çıxışında həmçinin Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təmini istiqamətində hüquqi islahatların davam etdirildiyini, Ombudsman təsisatının bu istiqamətdə səmərəli fəaliyyət göstərdiyini vurğulamışdır.

Dövlət başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) uğurla icra olunduğu, bu sənəddə nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi sahəsində müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlərin həyata keçirildiyi, vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu bildirilmiş, habelə MFP-nin 4.10 və 4.11-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin ayrı-seçkiliyin aradan qaldırılması, nifrət zəminində törədilən cinayətlərin qarşısının alınması baxımından əhəmiyyəti diqqətə çatdırılmışdır.          

Aparatın rəhbəri BMT sistemində ən yüksək A statusuna malik Milli İnsan Hüquqları İnstitutu kimi çıxış edən Azərbaycan Ombudsman təsisatı tərəfindən MFP-yə uyğun olaraq mədəniyyətlər və dinlərarası dialoqun, eləcə də dini tolerantlığın gücləndirilməsi mövzularında müxtəlif tədbirlərin keçirildiyini bildirmişdir. 

   Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyi, müvafiq Tədbirlər Planının təsdiq edilərək uğurla icra olunduğu vurğulanmışdır. Cari ilin sonunda Azərbaycan Ombudsmanı tərəfindən “Multikulturalizm ili” çərçivəsində görülən işlərə yekun vurulması məqsədilə “Multikulturalizm və insan hüquqları” mövzusunda konfransın təşkil olunacağı da xüsusi diqqətə çatdırılmışdır

Müvəkkilin nümayəndələri Zaur Vəliməmmədli və Turan Cahangirova tədbir çərçivəsində keçirilən müzakirələr zamanı çıxış edərək, qaçqın və məcburi köçkünlərin hüquqlarının təmininin Azərbaycan dövlətinin prioritet vəzifəsi olduğunu və bu hüquqların müdafiəsində Ombudsmanın xüsusi rol oynadığını, etnik təmizləmə nəticəsində öz doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın hüquqlarının kütləvi və kobud şəkildə pozulduğunu beynəlxalq tribunalardan dəfələrlə diqqətə çatdırdığını vurğulamışlar. Bununla yanaşı, Azərbaycan Ombudsmanının əhalinin digər həssas qrupları ilə yanaşı qadınların, ahılların, uşaqların, milli azlıqların, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təbliği, gender bərabərliyinin təmini istiqamətində həyata keçirdiyi fəaliyyət barədə iştirakçılara məlumat verilmişdir. Eyni zamanda Azərbaycan Ombudsmanı miqrantların hüquqlarının daha etibarlı müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirərək xarici ölkələrin ombudsmanları ilə insan hüquqları sahəsində ikitərəfli əməkdaşlıq haqqında 14 sazişin imzalandığı qeyd olunmuşdur. 

Konfrans çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinin və Avropa Şurasının ekspertləri tərəfindən edilən təqdimatlarda Azərbaycanın tolerant və dünyəvi ölkə olduğu dəfələrlə vurğulanmışdır. Belə ki, çıxış edən ekspertlər Şərq Tərəfdaşlığı layihəsinə cəlb olunmuş ölkələr sırasında yalnız Azərbaycana qarşı “İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 14-cü maddəsinin pozulması ilə bağlı Avropa Məhkəməsinin qərarının olmadığını, Azərbaycanda dinin siyasətə qarışmadığını, dünyəvilik və tolerantlıq prinsiplərinə əməl edildiyini xüsusi vurğulamışlar.