Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Türkiyənin İstanbul şəhərində BMT-nin İnkişaf Proqramı və Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan Ombudsman İnstitutunun fəaliyyəti barədə məlumat verilmişdir

10-12-2016 9288 dəfə oxunub
Türkiyənin İstanbul şəhərində BMT-nin İnkişaf Proqramı və Milli İnsan          Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan Ombudsman İnstitutunun fəaliyyəti barədə məlumat verilmişdir

Azərbaycan Ombudsman Aparatının nümayəndəsi Türkiyənin İstanbul şəhərində BMT-nin İnkişaf Proqramı və Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsi tərəfindən təşkil olunmuş Dayanaqlı İnkişaf Məqsədlərinin (DİM) implementasiyasında Milli İnsan Hüquqları İnstitutlarının rolu mövzusunda tədbirdə iştirak etmişdir. BMT-nin,  ATƏT-in həmçinin Avropa, Orta Asiya və yaxın şərq ölkələrində fəaliyyət göstərən Milli İnsan Hüquqları İnstitutlarının nümayəndələrinin iştirak etdiyi bu tədbirdə sözü gedən məqsədlərin implementasiyasında Milli İnsan Hüquqları İsntitularının rolunun gücləndirilməsi ilə bağlı müzakirələr aparılmışdır. 

Sözü gedən tədbirdə iştirak edən Ombudsman Aparatının Beynəlxalq Əlaqələr Sektorunun müdiri Zaur Vəliməmmədli müzakirələrdə Azərbaycan Ombudsmanının DİM-in ölkə səviyyəsində implementasiyası ilə bağlı gördüyü işlər barəsində tədbir iştirakçılarına geniş məlumat vermiş və qeyd etmişdir ki, hər il olduğu kimi  Ombudsmanın təşəbbüsü ilə ölkəmizin regionlarında yerli icra hakimiyyəti, KİV-lərin və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən ictimai dinləmələrdə sözü gedən məqsədlər haqqında geniş maarifləndirmə işi aparılmışdır. Bundan başqa Ombudsmanın tövsiyyələri də nəzərə alınaraq Azərbaycan Respublikası Milli Məclisində Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitə yaradıldığı tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır. Bildirilmişdir ki, Müvəkkilin təşəbbüsü ilə sözü gedən məqsədlər Azərbaycan dilinə tərcümə edilmiş, hər məqsədi daha yaxından öyrənmək üçün xüsusi sorğular hazırlanaraq əməkdaşlıq etdiyimiz vətəndaş cəmiyyəti nümayəndələrinə paylanaraq cavablandırılmışdır. Sorğunun nəticələrinə əsasən ölkəmizdə əhəmiyyətliliyinə görə dörd əsas məqsəd prioritet kimi seçilmiş və bu məqsədlərin implementasiyası istiqamətində əlaqələndirilmiş fəaliyyət daha da gücləndirilmişdir. Aparatın nümayəndəsi həmçinin sorğu nəticəsində əhəmiyyəti ön plana çıxarılan DİM-in 5-ci məqsədi olan gender bərabərliyi ilə bağlı Ombudsmanın fəaliyyəti barədə iştirakçılara məlumat vermişdir. Bildirilmişdir ki, qadın hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə, dövlət səviyyəsində qərar qəbul etmə proseslərində qadınların iştirakına yer verilməsi, məişət zorakılığının və qadına qarşı ayrıseçkiliyin aradan qaldırılması, təhsil ocaqlarında gender berabərliyi ilə bağlı tədris işlərinin aparılması və. s təklifləri ilə Ombudsman öncəlikli olaraq icitamiyyətin diqqətini bu sahəyə yönəldə bilmişdir. 

Z.Vəliməmmədli eyni zamanda Azərbaycan Ombudsman İnstitutunun BMT-nin saziş qurumları ilə olan əməkdaşlığından da söz açmış və qeyd etmişdir ki, Qadınlara qarşı ayrıseçkiliyin ləğv edilməsinə dair komitəyə təqdim olunan hesabatında Müvəkkil qadın hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı bir sıra təkliflər irəli sürmüşdür.  Bildirilmişdir ki, Müvəkkil eyni zamanda ilk dəfə olaraq ölkədə aliment fondunun yaradılmasını təklif etmişdir. Müvəkkilin bu təklifi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır. Həmçinin, Müvəkkilin təşəbbüsü ilə Baku Dövlət universitetində “İnsan hüquqları” və “Genderə giriş” fənlərinin tədris olunması da gender bərabərlyinin təmin olunması istiqamətində mühim bir addım kimi qiymətləndirilmişdir. 

Z.Vəliməmmədli həmçinin, DİM-in implementasiyasında Milli İnsan Hüquqlarının rolunu gücləndirmək və eyni zamanda Avropa regionunda fəaliyyət göstərən digər Milli İnsan Hüquqları İnstitutları arasında əməkdaşlıq fəaliyyətini gücləndirmək məqsədilə işçi qrupu nəzdində təcrübə mübadiləsi üçün imkanlar yaradılmasını da təklif etmişdir. 

Sözü gedən tədbirin ikinci günü Münaqişə və Münaqişədən sonrakı vəziyyətdə Milli İnsan Hüquqları İnstitutları Təsisatlarının rolu mövzuzundakı sessiyada Z. Vəliməmmədli söz alaraq Azərbaycan Ombudsman İnstitutunun Milli İnsan Hüquqları İnstitutlarının Avropa Şəbəkəsinin  bununla bağlı yaratdığı qrupun işində aktiv fəaliyyət göstərdiyini qeyd etmiş və bildirmişdir ki,  Azərbaycanın Dağlıq Qarabağ ərazisinin və yeddi ətraf rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən uzun müddətdir ki, işğal olunmuşdur. O, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində sözü gedən ərazilərdə yaşayan Azərbaycanlılar və digər millətlərdən olanlar  öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldığını və hal hazırda bir milyon qaçqın və məcburi köçkün paytaxt Bakı şəhərində və ölkənin müxtəlif rayonlarında yerləşdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 

Z.Vəliməmmədli beynəlxalq ictimaiyyətin Azərbaycanın bütövlüyünü tanıdığını qeyd etmiş və bildirmişdir ki, yurisdiksiyası daxilində olmasına baxmayaraq Azərbaycan Ombudsmanın işğal olunmuş ərazilərdə hələ də öz mandatından irəli gələn funksiyaları icra edə bilməməkdədir. Sonra O, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən məlum dörd qətnaməsini diqqətə çatdırmış və indiyədək bu qətnamələrin Ermənistan tərəfindən icra olunmadığı bildirmişdir. 

Tədbirin sonunda DİM-in implementasiyası məqsədilə Milli İnsan Hüquqları İnstitutları və nüfuzlu qurumların sülh, bərabərlik və inkişaf naminə əlaqələndirilmiş əməkdaşlığa çağırış edilmişdir.