Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatı tərəfindən əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təlim keçirilib

02-04-2024 1393 dəfə oxunub
Ombudsman Aparatı tərəfindən əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təlim keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən 2024-cü il üzrə təsdiq olunmuş insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqində səmərəliliyin artırılması ilə bağlı maarifləndirməyə dair tədbirlər planı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir.

Bu istiqamətdə növbəti təlim Ombudsman Aparatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları üçün “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyanın həyata keçirilməsinin təşviqi və müstəqil monitorinqi: Ombudsmana verilmiş yeni səlahiyyətlər” mövzusunda təşkil olunub. Tədbirə Ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzlərinin, habelə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələri də onlayn olaraq qoşulublar.

Təlimdə Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin əməkdaşları mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.

Məruzələrdə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyada nəzərdə tutulmuş öhdəliklər və müqavilə qurumunun tövsiyələri, Konvensiyanın həyata keçirilməsinin təşviqi və müstəqil monitorinqi üzrə Ombudsmana verilmiş yeni səlahiyyətlər, bu istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib. Təlimdə, həmçinin əlilliyi olan şəxslərin hüquqları ilə bağlı Ombudsmana ünvanlanan müraciətlərin məzmunu, keçirilmiş başçəkmələr zamanı aşkar edilmiş problemlər və Ombudsmanın bu sahədə təklifləri diqqətə çatdırılıb. Eyni zamanda, əlilliyi olan şəxslərin sağlamlıq, təhsil və əmək hüquqlarının təşviqi, bərabərlik hüququ və əlilliyə görə ayrı-seçkiliyin qarşısının alınması, müyəssərliyin təmini, inklüziv cəmiyyətin formalaşdırılması, eləcə də müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş və mina terrorundan zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində tədbirlərin əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, təlimdə 2 Aprel – Dünya Autizm Məlumatlandırma Günü barədə məlumat verilib, autizm spektrli pozuntulardan əziyyət çəkən şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə toxunulub.

Yekunda mövzu üzrə fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.