Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Uşaqların zərərli və təhlükəli informasiyadan qorunmasına həsr olunmuş onlayn görüş keçirilib

21-11-2024 272 dəfə oxunub
Uşaqların zərərli və təhlükəli informasiyadan qorunmasına həsr olunmuş onlayn görüş keçirilib

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, “Nar”ın dəstəyi və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası və “ADA” Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” layihəsi çərçivəsində 2024-cü il 20 noyabr tarixində dövlət rəsmilərinin və müvafiq sahə üzrə mütəxəssislərin uşaqlarla onlayn görüşü keçirilib.

Uşaq Hüquqları üzrə Cenevrə Bəyannaməsinin 100 illiyi və Ümumdünya Uşaqlar Gününə həsr edilmiş görüş Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ şəhər və rayonlarını təmsil edən 100-dən çox məktəblinin iştirakı ilə təşkil olunub.

Görüşdə çıxış edən Ombudsman Səbinə Əliyeva uşaqları 20 Noyabr – Ümumdünya Uşaqlar Günü münasibətilə təbrik edərək, layihədə iştirak edən tərəfdaş qurumlara və görüşün təşkilinə görə Regional İnkişaf İctimai Birliyinə təşəkkürünü bildirib.

O, uşaqların hüquqlarının müdafiəsi sahəsində ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlər, Heydər Əliyev Fondu tərəfindən görülən işlər, habelə Ombudsman tərəfindən ölkədə elan edilmiş və 20 oktyabr - 20 noyabr tarixlərini əhatə edən "Uşaq Hüquqları Aylığı"nın məqsədləri barədə məlumat verib.

Ombudsman bu ilin bir sıra əlamətdar hadisələrlə, o cümlədən ölkəmizin Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ilə əlamətdar olduğunu vurğulayıb.

Səbinə Əliyeva cəmiyyətin rəqəmsal inkişafı sahəsində əldə edilmiş nailiyyətlərə toxunaraq, iştirakçılara uşaqların rəqəmsal mühitdə zərərli təsirlərdən müdafiəsi istiqamətində ölkəmiz tərəfindən ratifikasiya edilmiş beynəlxaq sənədlər və mövcud qanunvericilik akları, rəqəmsal cəmiyyətin uşaq hüquqlarının təmini baxımından təsirləri barədə məlumat verib. 

Ombudsman uşaqların zərərli informasiyalardan qorunması sahəsində aidiyyəti qurumlarla əməkdaşlığın önəmini vurğulayaraq, valideynlərin, uşaqların və uşaqlarla təmasda olan şəxslərin məlumatlandırılması, təhsil müəssisələrində müvafiq dərslərin keçirilməsi, məktəb və valideynlər arasında əlaqələrin gücləndirilməsi, müəssisələrdə uşaqların müraciət etmək imkanlarının təkmilləşdirilməsi, aidiyyəti qurumlar, o cümlədən biznes qurumları tərəfindən bu sahəyə nəzarətin artırılmasının əhəmiyyətindən danışıb. 

Keçirilən görüşdə, eyni zamanda, rəqəmsal cəmiyyətdə uşaqların hüquqlarının qorunması istiqamətində Ombudsman Aparatı tərəfindən görülmüş işlər, habelə uşaqların Müvəkkilə müraciət imkanları diqqətə çatdırılıb.

Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, ADA Universitetinin prorektoru Vəfa Kazdal, “Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət Departamentinin direktoru Hökümə Kərimova, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Günay Ağayeva və hüquqşünası Təbriz Qasımov, Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov və Assosiasiyanın sədr müavini Rauf Cabbarovun çıxışları dinlənilib.

Bununla yanaşı, məktəblilərin mövzu üzrə sualları cavablandırılıb, təklifləri səsləndirilib.

Tədbir iştirakçıların görüş müddətində qeydə alınan görüntülərindən hazırlanmış fləş-mobla başa çatıb.

Qeyd edək ki, “Rəqəmsal cəmiyyətdə uşaqların zərərli və təhlükəli informasiyadan qorunması” kampaniyasının məqsədi uşaqlar və valideynləri rəqəmsal texnologiya və resurslardan düzgün və təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirməklə hüquqlarının qorunmasını təmin etməkdir. Kampaniya çərçivəsində, həmçinin qeyd olunan şəhər və rayonlarda VII-XI sinif şagirdləri və onların valideynləri üçün uşaqların zərərli informasiyadan qorunması, sosial media və rəqəmsal resurslardan düzgün istifadə qaydalarına dair məlumatlandırıcı sessiyaların və uşaq hüquqlarının rəqəmsal cəmiyyətdə roluna dair konfransın keçirilməsi, müxtəlif məlumatlandırıcı çap materiallarının hazırlanması və paylanması nəzərdə tutulur.