Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Aparatının əməkdaşı “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasına həsr olunmuş beynəlxalq dəyirmi masada iştirak edib

19-12-2023 1106 dəfə oxunub
Ombudsman Aparatının əməkdaşı “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasına həsr olunmuş beynəlxalq dəyirmi masada iştirak edib

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) və Özbəkistan Respublikasının İnsan Hüquqları üzrə Milli Mərkəzinin təşkilatçılığı ilə Daşkənd şəhərində “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın icrasına həsr olunmuş beynəlxalq dəyirmi masa keçirilib.

Tədbirdə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistanın  müvafiq dövlət qurumlarının, milli insan hüquqları təsisatlarının, elm-təhsil  müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, habelə BMqT-nin baş ofisinin və regional nümayəndəliklərinin, Miqrasiya Məlumatlarının Təhlili üzrə Qlobal Mərkəzin təmsilçiləri iştirak edib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Şəhid ailələri və müharibə veteranları ilə iş sektorunun müdiri Turan Cahangirova miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi, uşaq, qadın və digər həssas miqrant kateqoriyalarından olan şəxslərin maraqlarının qorunması, miqrasiya qanunvericiliyinin və bu sahədə hüquq-müdafiə sisteminin təkmilləşdirilməsi,  miqrantların statuslarının tənzimlənməsi ilə bağlı Azərbaycan Ombudsmanının fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

T.Cahangirova çıxışında qeyd edib ki, daxili məcburi yerdəyişmənin presedentsiz fəsadları ilə üzləşmiş Azərbaycan Respublikasının otuz il işğal altında olan əzəli torpaqları işğaldan azad edilib və ərazi bütövlüyü bərpa olunub, bununla uzun illər bütün fundamental insan hüquqları pozulmuş bir milyondan artıq qaçqın və məcburi köçkünün öz dədə-baba yurduna təhlükəsiz və ləyaqətli qayıdışına zəmin yaranıb.

O vurğulayıb ki, həmin ərazilərin kütləvi şəkildə minalarla çirklənməsi hazırda orada aparılan bərpa və yenidənqurma işlərinə maneə yaratmaqla yanaşı, insanların həyat və sağlamlığına ciddi təhlükə törədir, onilliklərlə yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərin qayıdışına və hüquqlarının həyata keçirilməsinə böyük əngəl törədir.

Həmçinin Ombudsmanın həyata keçirdiyi hüquqi maarifləndirmə tədbirləri, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə başçəkmələr, habelə fərdi şikayət və müraciətlərin araşdırılması, regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi və digər istiqamətlərdə əldə edilən müsbət təcrübələr barədə məlumat verilib.

Tədbir çərçivəsində miqrasiya sahəsində Mərkəzi Asiya dövlətləri arasında tərəfdaşlığın və dialoqun inkişafı perperktivləri müzakirə edilib.