Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsmanın informasiya əldə etmək hüququnun təmini sahəsində fəaliyyəti yeni mərhələdə inkişaf etdirilib

21-02-2023 244 dəfə oxunub
Ombudsmanın informasiya əldə etmək hüququnun təmini sahəsində fəaliyyəti yeni mərhələdə inkişaf etdirilib

Azərbaycan Respublikasının Konstitusiyasında və insan hüquqlarına dair beynəlxalq hüquqi sənədlərdə informasiya əldə etmək hüququ hər kəsin istənilən məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığını ehtiva edir.

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombuds­man) haqqında” Azərbaycan Respub­likasının Konstitusiya Qanununun 1.3-cü maddəsinə əsasən, Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

Ombudsmanın bu fəaliyyəti çərçivəsində “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli, 1361 saylı Fərmanına uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 371-374, 382 və 554-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə icraat aparılmaqdadır. İnformasiya əldə etmək hüquqlarının pozulması ilə əlaqədar 30-dan çox iş üzrə inzibati icraata başlanılmış, İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq icraat aparılmış, protokollar tərtib edilmiş, müraciətlər nəticəli şəkildə cavablandırılmışdır.

Belə ki, inzibati icraat çərçivəsində informasiya sahibi olan dövlət orqanlarının, təhsil, səhiyyə və sosial sahədə fəaliyyət göstərən qurumların, idarə və müəssisələrinin, publik hüquqi şəxslərin, bələdiyyələrin, kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinin vəzifəli şəxsləri tərəfindən informasiya əldə etmək hüququnun tələblərinin pozulduğu aşkar edilmiş, müvafiq qaydada inzibati xəta haqqında protokol tərtib olunmaqla aidiyyəti üzrə məhkəmələrə göndərilmiş və sorğular təmin edilmişdir.

İnzibati icraat prosesində informasiya sahibinin ərizəçinin sorğusuna fərqli və əsaslandırılmamış cavablar verməsi hallarının məhkəmə tərəfindən araşdırılmaması, bununla da İnzibati Xətalar Məcəlləsinin 374.1-ci maddəsinin tərkibini yaradan inzibati xətanın törədilməsinə hüquqi qiymət verilmədiyi hal da müşahidə olunmuşdur.

Eləcə də müraciətlər üzrə aparılmış araşdırmalar nəticəsində informasiya sahibləri tərəfindən informasiyanı açıqlamaq vəzifələrinin yerinə yetirilməsi təmin edilmişdir.

Bununla yanaşı, dövlət qurumlarına məxsus rəsmi internet səhifələrinin fəaliyyəti və məlumatlara əlçatanlığın təmin olunması üzrə monitorinqlər aparılmış, tövsiyələr verilmişdir. Rəsmi internet səhifələrindəki onlayn müraciət bölmələrinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yenilənməsinə və internet informasiya ehtiyatlarının yaradılmasına baxmayaraq, bu sahədə çatışmazlıqlar da vardır.

İnformasiya sahibləri tərəfindən məlumatların verilməsi üzrə aparılmış təhlillər göstərir ki, bu yanaşma sorğuçuların müvafiq qurumlara əlçatanlığını təmin etməklə yanaşı, informasiya əldə etmək hüququnun daha effektiv təmin edilməsində və qurumlara münasibətdə yarana biləcək neqativ halların qarşısının alınmasında mühüm təcrübə formalaşdırır.

Qeyd olunanlarla yanaşı, hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnun təşviqinin əhəmiyyəti nəzərə alınaraq, “İnformasiya əldə etmək hüququnun təmini insan hüquqları kontekstində” mövzusunda ölkənin regionlarını əhatə etməklə informasiya sahibləri və sorğuçular üçün geniş tərkibdə silsilə maarifləndirmə tədbirləri, əhalinin müxtəlif qruplarına ünvanlanan sosial çarxlar və maarifləndirici nəşrlər əsasında geniş fəaliyyət həyata keçirilir.

Bu hüququn təbliği istiqamətində həyata keçirilən geniş fəaliyyət ölkəmizdə informasiya əldə etmək hüququnun daha səmərəli təmininə, informasiya cəmiyyətinin inkişafına və açıq hökumətin təşviqinə yönəlmiş islahatlara dəstək məqsədi daşıyır.