Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Azərbaycan Ombudsmanı Ombudsmanların Avrasiya Alyansının VII Toplantısında iştirak edib

15-11-2022 328 dəfə oxunub
Azərbaycan Ombudsmanı Ombudsmanların Avrasiya Alyansının VII Toplantısında iştirak edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsmanların Avrasiya Alyansının Moskvada keçirilən VII Toplantısında iştirak edib. 

Sözügedən beynəlxalq tədbirdə Rusiya, Özbəkistan, Tacikistan, Azərbaycan, Türkiyə, Serbiya, Qazaxstan, Qırğızıstan, Türkmənistan, Monqolustan,  Ermənistan, Belarus və İranın ombudsmanları və insan hüquqlarının müdafiəsi sahəsində məsul şəxsləri iştirak ediblər. 

Qonaqları salamlayan Azərbaycan Ombudsmanı çıxışı zamanı milli insan hüquqları təsisatlarının insan hüquqlarının müdafiəsi sahəsində effektiv mexanizm olduğunu nəzərə alaraq, Avrasiya kontinentində mövcud olan insan hüquqlarına dair problemlərin həlli məqsədilə qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasında məhz bu kimi təsisatların önəmini vurğulayıb. Bu il 20 illiyini qeyd edən Azərbaycan Ombudsman təsisatı müvafiq beynəlxalq insan hüquqları təşkilatları ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Eyni zamanda insan hüquqlarının müxtəlif sahələrini əhatə edən paralel hesabatlar hazırlayaraq BMT-nin Saziş Qurumlarına təqdim etdiyini, eyni zamanda Universal Dövri İcmal hesabatlarının müzakirəsində fəal iştirak etdiyini bildirib.

S. Əliyeva çıxışında habelə qeyd edib ki, təsisat tərəfindən əhalinin insan hüquqları sahəsində məlumatlılığının artırılması məqsədilə aarifləndirmə tədbirlərinin həyata keçirildiyini deyib. Azərbaycan Ombudsman təsisatı həmçinin digər ölkələrin ombudsmanları və milli insan hüquqları institutları ilə mövcud əlaqələrini genişləndirməkdə davam edir. 

Ombudsman tərəfindən Ermənistanın müharibə və post-müharibə dövrlərində beynəlxalq humanitar hüququn norma və prinsiplərinin araşdırılması məqsədilə geniş miqyaslı faktaraşdırıcı missiyalar həyata keçirildiyi diqqətə çatdırılıb. İşğaldan azad edilmiş torpaqlarda aparılan bu kimi faktaraşdırıcı missiyalar zamanı Azərbaycan Ombudsmanının təşəbbüsü ilə müxtəlif vaxtlarda ölkəmizə dəvət edilmiş beynəlxalq müstəqil insan hüquqları təşkilatlarının da cəlb edildiyi bildirilib.

Ümumilikdə İkinci Qarabağ Müharibəsinin başlandığı dövrdən etibarən təsisatımız tərəfindən Ermənistanın azərbaycanlılara qarşı törətdikləri müharibə cinayətlərinə, beynəlxalq hüququn digər norma və prinsiplərinin pozulması faktlarına dair 15 hesabat, 26 bəyanat, 28 müraciət və 200-dən artıq press relizlər hazırlanaraq beynəxalq ictimaiyyətin diqqətinə çatdırılıb.   

Sülhün və təkamülün olmadığı yerdə inkişafın olmasının qeyri-mümkünlüyünü qeyd edən Ombudsman, habelə bu sahədə fəaliyyət göstərən təşkilatların regionda sülhün bərqərar olması məqsədilə birgə və məqsədyönlü tədbirlər görməsinin vacibliyini vurğulayıb.  O da qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistanın silahlı qüvvələri tərəfindən basdırılmış yüz minlərlə minanın mövcudluğu həm sülhün bərqərar olmasını, həm də keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması prosesini əngəlləyir və ləngidir. S.Əliyeva bu baxımdan Ermənistanın tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təqdim etməsinin vacibliyini xatırladıb.

Çıxışının sonunda Ombudsman tədbir iştirakçılarına bütün insan hüquqları təsisatlarının və ombudsman institutlarının beynəlxalq səviyyədə əməkdaşlıqlarının davam və inkişaf etdirilməsi, qarşılıqlı beynəlxalq konfransların təşkil edilməsi, BMT-nin ali məqsədlərini və prinsiplərini rəhbər tutaraq silahlı münaqişələrin həlli istiqamətində bölgədə ədalətli sülhün bərqərar olması və dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipləri əsas götürülərək birgə səylərin artılması, əsir və girovların və itkin düşmüş vətəndaşlara dair məlumatların toplanması və sistemləşdirilməsi, insan hüquq pozuntularına və cinayətlər üzrə istintaqın aparılması, cinayət törətmiş şəxslərin ədalət mühakiməsinə verilməsi, o cümlədən bu kimi halların gələcəkdə təkrarlanmaması istiqamətində tədbirlərin görülməsi kimi bir sıra təkliflər irəli sürüb.