Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

"Uşaq Hüquqları Aylığı" çərçivəsində Gəncədə yerləşən dövlət uşaq müəssisələrinə başçəkmələr həyata keçirilib

12-11-2022 318 dəfə oxunub
"Uşaq Hüquqları Aylığı" çərçivəsində Gəncədə yerləşən dövlət uşaq müəssisələrinə başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Gəncə Uşaq Evi, Gəncə şəhərində yerləşən İdman liseyi və 45 saylı Xüsusi məktəbə başçəkmələr həyata keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Uşaq hüquqları haqqında” Konvensiyası, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd qeyd olunan müəssisələrdə yaşayan və təhsil alan uşaqların saxlanma şəraitinin, onlarla rəftar məsələlərinin araşdırılması, uşaqların müəssisədə hüquqlarının təmin olunması vəziyyətinin monitorinqi olub.

Başçəkmələr çərçivəsində müəssisələrin yaşayış, tədris sahələrinə, tibb otaqlarına, yeməkxanasına, mətbəxinə, ərzaq anbarına və digər yerlərə baxış keçirilib, burada yaşayan uşaqlarla fərdi və qrup söhbətləri aparılıb, rəftar və saxlanma şəraiti ilə bağlı mövcud vəziyyət araşdırılıb.

Gəncə Uşaq Evində qida və geyim normalarının tələbata cavab vermədiyi, uşaqların hüquqlarının daha səmərəli təminatı baxımından həmin normaların artırılmasına, həmçinin müəssisədə yanğın təhlükəsizliyi əleyhinə tədbirlərin həyata keçirilməsinə ehtiyacın olduğu müəyyən edilib.

Gəncə şəhər İdman liseyində isə su və elektrik enerjisi ilə təminatın artırılmasına, liseyin tibb otağının zəruri dərman preparatları, psixoloq otağının isə əyani vəsaitlərlə və didaktik materiallarla təmin olunmasına, vakant olan psixoloq ştatına təyinat aparılmasına ehtiyac vardır.

Gəncə şəhər 45 saylı Xüsusi məktəbinə başçəkmə zamanı dərman preparatlarının alınması üçün əlavə vəsaitin ayrılmasına zərurət olduğu müəyyən edilib. Bundan başqa, məktəbin xüsusiyyəti nəzərə alınmadan həkim ştatının ixtisar edildiyi və yalnız bir tibb bacısı ştatının saxlanıldığı məlum olub. Məktəbin sadələşdirilmiş proqram əsasında hazırlanmış xüsusi dərs vəsaitləri ilə təchiz olunması zəruri olsa da, məktəbə yalnız birinci siniflər üçün Riyaziyyat və Azərbaycan dili fənlərindən dərsliklər verildiyi, qalan siniflər və fənlər üçün xüsusi dərs vəsaitləri ilə təmin olunmadığı məlum olub. Sağlamlıq imkanları məhdud uşaqların məktəbə daşınmasında çətinliklərin aradan qaldırılması üçün müəssisədə mövcud nəqliyyat probleminin həll edilməsi zəruridir.

Başçəkmələrin yekununda müəssisələrin rəhbərliyi və əməkdaşları ilə uşaqlarla rəftar və davranış qaydalarına dair hüquqi maarifləndirici söhbətlər aparılıb, mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələr verilib.