Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi, Ombudsman Aparatı və BDU-nun Hüquq fakültəsi ilə birgə tədbir təşkil olunub

09-12-2022 328 dəfə oxunub
Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi, Ombudsman Aparatı və BDU-nun Hüquq fakültəsi ilə birgə tədbir təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın), BMT-nin Azərbaycandakı nümayəndəliyinin və  Bakı Dövlət Universiteti Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr edilmiş tədbir keçirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tədbirdə çıxış edib.

Çıxış zamanı S.Əliyeva insan hüquqlarının təməl sənədi hesab edilən “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin ümumbəşəri xarakterə malik olmaqla yanaşı, BMT-yə üzv dövlətlərin qanunvericilik bazası üçün əsas və nümunə olduğunu bildirib. Dünyamızı əsaslı şəkildə dəyişməyə kömək edən həmin sənədin ilk dəfə olaraq hər bir insanın bərabərlik və ləyaqət hüququnu bəyan etdiyini, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquq və azadlıqlara malik olduğunu müəyyənləşdirdiyini vurğulayıb.

Ombudsman bu gün dünyada milyonlarla insanın hüquqlarının pozulmaqda davam etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd edilib ki, bəzi dövlətlər tərəfindən sərgilənən irqçilik, dözümsüzlük, ikili standartlar və ayrı-seçkilik hallarının artması və beynəlxalq təşkilatların buna biganə münasibəti insan hüquq və azadlıqlarının pozulmasına səbəb olmaqdadır.

BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra qətnamə və qərarların icrasının sadəcə kağız üzərində qaldığını bildirən Müvəkkil Ermənistanın siyasi və hərbi rəhbərliyini təmsil edən şəxslərin Azərbaycana münasibətdə tətbiq olunan ikili standartlardan öz çirkin və məkrli məqsədləri üçün istifadə edərək azərbaycanlılara qarşı törətdiyi sülh və insanlıq əleyhinə, müharibə və terrorçuluq cinayətləri barədə ətraflı məlumat verib. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün, məcburi köçkünlərin 30 ilə yaxın müddət ərzində pozulmuş hüquqlarının bərpasından bəhs edib.

Daha sonra S.Əliyeva bu il yaradılmasının 20 ili tamam olan Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən səmərəli mexanizmlərdən biri olduğunu, müstəqil milli insan hüquqları institutu kimi ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması istiqamətindəki fəaliyyətini uğurla davam etdirdiyini bildirib. Həmçinin 25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü və 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü tarixləri aralığında “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” beynəlxalq kampaniyası çərçivəsində ölkəmizdə gender əsaslı zorakılığın qarşısının alınması, bundan zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, eyni zamanda zorakılığa səbəb olan halların aradan qaldırılması istiqamətindəki maarifləndirmə fəaliyyətinin həyata keçirildiyi diqqətə çatdırılıb.

Tədbir  Hüquq fakültəsinin tələbələri tərəfindən hazırlanmış “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”yə həsr olunan internet səhifəsinin təqdimatı və insan hüquqlarına həsr olunmuş “Sosial teatr” tamaşası ilə davam edib.

Sonda 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı - 20 il!” mövzusunda elan olunan jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.