Azad olunmuş ərazilərimiz sırasında məcburi köçkünlərin qayıdışının ilk olaraq təmin olunduğu Zəngilan rayonunun Ağalı kəndində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış: pozulmuş hüquqlar və onların bərpası” mövzusunda konfrans keçirilib. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təşkil olunmuş yüksək səviyyəli konfransda dövlət qurumları, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı konfransda “Qaçqın və keçmiş məcburi köçkün soydaşlarımızın hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı tərəfindən həyata keçirilən tədbirlər” adlı məruzə ilə çıxış edib.
Ombudsman Səbinə Əliyevanın adından tədbir iştirakçılarını salamlayan A.Səfixanlı Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın çoxsaylı fundamental hüquqlarının pozulması faktları barədə ətraflı məlumat verib. O, BMT qətnamələrində məcburi köçkünlərin öz doğma yurdlarına şərəfli və təhlükəsiz qayıdışının nəzərdə tutulduğunu vurğulayıb.
Münaqişədən sonrakı mərhələdə tətbiq olunan mexanizmlərdən danışarkən A.Səfixanlı bu sahədə BMT-nin roluna diqqət çəkərək, məcburi köçkünlərin problemlərinin həlli məqsədilə “davamlı həll” prinsipinin təşviqinin əhəmiyyətini qeyd edib. O, həmçinin bu əhali qrupunun mülkiyyət hüquqlarının bərpası, kompensasiya almaq hüquqlarının təmini məqsədilə tətbiq olunan meyarlara da toxunub.
A.Səfixanlı çıxışı zamanı Ombudsman təsisatı tərəfindən qaçqın və məcburi köçkün əhali qrupunun hüquqlarının müdafiəsinin daim diqqətdə saxlandığını bildirib. Azərbaycan Ombudsmanı tərəfindən Ermənistanın hərbi təcavüzü nəticəsində zərərçəkmiş soydaşlarımızın pozulmuş hüquq və azadlıqlarının bərpası məsələsinin müntəzəm olaraq beynəlxalq və regional təşkilatların diqqətinə çatdırıldığı, Vətən müharibəsi və postmüharibə dövründə çoxsaylı çağırışlar edildiyi də qeyd olunub.
Çıxışda həmçinin hazırda işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın bərpası, mina və digər partlayıcı qurğuların təmizlənməsi, bərpa-quruculuq işlərinin aparılması, o cümlədən “ağıllı kənd” və “ağıllı şəhər” modellərinin tətbiqinin insan hüquqlarının təmini baxımından önəmi diqqətə çatdırılıb.
Məruzələrdən sonra mövzu ilə bağlı müzakirə aparılıb və iştirakçıların Ağalı kəndi ərazisinə ekskursiyası təşkil olunub.