Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman Ankarada beynəlxalq sammitdə çıxış edib

29-06-2022 169 dəfə oxunub
Ombudsman Ankarada beynəlxalq sammitdə çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu tərəfindən 29-30 iyun tarixlərində Ankara şəhərində keçirilən “İnsan hüquqlarının müdafiəsi və təşviqində milli insan hüquqları institutlarının güclənən rolu: yeni çağırışlar, nailiyyətlər və imkanların dərk edilməsi” adlı beynəlxalq sammitdə iştirak edir. 

Türkiyənin aidiyyəti dövlət qurumlarının, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, Almaniya, Xorvatiya, Danimarka, Bosniya və Herseqovina, Albaniya, Özbəkistan, Gürcüstanın milli insan hüquqları institutlarının təmsil olunduğu tədbirin ilk günündə Azərbaycan Ombudsmanı məruzə ilə çıxış edib. 

S.Əliyeva milli insan hüquqları institutlarının insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi sahəsində rolundan danışaraq, iştirakçıları Azərbaycan təcrübəsi barədə məlumatlandırıb.

Ombudsman çıxışında müasir dünyada insan hüquqlarının müdafiəsi, habelə beynəlxalq hüquq normalarının tətbiqi ilə əlaqədar mövcud problemlərə toxunub. S.Əliyeva Ermənistanın Azərbaycana qarşı beynəlxalq insan hüquqları və humanitar hüquq normalarına zidd olaraq törətdiyi müharibə cinayətləri, işğal dövründə ölkəmizin zəngin flora və faunasına dəymiş zərər, dağıdılmış, özününküləşdirilmiş, təhqir edilmiş, talanmış tarixi və mədəni irsimiz barədə statistik göstəricilərə istinad edərək sammit iştirakçılarına geniş məlumat verib. O, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3890 azərbaycanlının, habelə İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 6 şəxsin taleyi barəsində Ermənistan tərəfinin bugünədək məlumat vermədiyini də nəzərə çatdırıb.

S.Əliyeva işğal zamanı Azərbaycan ərazilərinə basdırılmış bir milyona yaxın minanın böyük təhlükə mənbəyi olaraq qaldığını, Ermənistan tərəfinin dəqiq mina xəritələrini verməməsinin postmüharibə dövründə insanların həlak olması və yaralanmasına səbəb olmaqla yanaşı, yüz minlərlə məcburi köçkünün doğma torpaqlarına qayıdışını da ləngitdiyini bildirib.  Çıxışda həmçinin istismar müddəti bitmiş Metsamor AES-in bütün region üçün bir təhdid olaraq ətraf mühitə və insanların sağlamlığına ciddi ziyan vurduğu da diqqətə çatdırılıb.   

Müharibənin ağır fəsadlarından danışarkən S.Əliyeva rəhbərlik etdiyi təsisatın bu insan hüquq pozuntularının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyəti barədə də məlumat verib.

Yekunda Ombudsman insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təşviqi məqsədilə milli insan hüquqları institutlarının şəbəkələşməsinin, eləcə də birgə səylərin artırılmasının əhəmiyyətini vurğulayıb.