Please ensure Javascript is enabled for purposes of website accessibility Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
916
Çağrı mərkəzi 916

Ombudsman ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda çıxış edib

26-01-2022 5721 dəfə oxunub
Ombudsman ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda çıxış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva videokonfrans vasitəsilə Azərbaycanın sədrliyi ilə keçirilən ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumu çərçivəsində təşkil olunmuş “Beynəlxalq humanitar hüquqa əməl olunması və mülki şəxslərin müdafiəsi” mövzusunda Təhlükəsizlik Dialoqunda məruzə ilə çıxış edib.

İclasda ilk olaraq çıxış edən S.Əliyeva beynəlxalq insan hüquqları hüququnun və beynəlxalq humanitar hüququn təməl prinsipləri, bu sahədə mövcud beynəlxalq sənədlərin icrasında dövlətlərin üzərinə düşən öhdəliklər, beynəlxalq humanitar hüquq normalarının implementasiyası, bu normaların pozulması hallarının müstəqil araşdırılmasında milli insan hüquqları təsisatlarının rolu barədə danışıb.

Dünyada humanitar problemlərdən biri kimi diqqət mərkəzində olan məcburi köçkün probleminin 30 ilə yaxın müddət ərzində Azərbaycan üçün aktual problemlərdən biri olduğunu bildirən Ombudsman çıxışında Ermənistanın işğalçılıq siyasəti nəticəsində məcburi köçkünə çevrilmiş bir milyonadək azərbaycanlının yaşamaq, işgəncəyə məruz qalmamaq, mülkiyyət, ədalətli məhkəmə araşdırması hüququ kimi bir çox fundamental hüquqlarının kobudcasına pozulduğunu bildirib.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğalından azad edilmiş ərazilərə məcburi köçkünlərin qayıdışı üçün dövlət tərəfindən kompleks tədbirlərin həyata keçirildiyi, “ağıllı kənd” və “ağıllı şəhər”lərin salınmasına başlandığı, Füzulidə beynəlxalq aeroportun tikilib istifadəyə verildiyi, yol və nəqliyyat infrastrukturunun yenidən qurulduğu diqqətə çatdırılıb. 

Bununla yanaşı, azad edilmiş ərazilərdə bütün yaşayış binalarının və digər sosial obyektlərin tamamilə dağıdılması, eləcə də minaların və digər partlayıcı qurğuların basdırılması səbəbindən məcburi köçkünlərin öz doğma torpaqlarına qayıda bilmədiyi vurğulanıb. Müharibədən sonra mina partlayışları nəticəsində həlak olan və yaralanan şəxslərlə bağlı statistikanı nəzərə çatdıran Ombudsman Ermənistan tərəfinin tam və dəqiq mina xəritələrini təqdim etməməsi səbəbindən çoxsaylı mülki şəxslərin və hərbi qulluqçuların qurbana çevrildiyini bildirib.

Ombudsman tədbir iştirakçılarına 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan tərəfindən törədilmiş beynəlxalq humanitar hüquq pozuntularının araşdırılması məqsədilə təsisat tərəfindən həyata keçirilən fəaliyyətlə bağlı məlumat verib. Fərq qoyulması prinsipinə zidd olaraq Ermənistanın Azərbaycanın döyüş bölgəsindən uzaqda yerləşən bölgələrə etdiyi hücumların mülki şəxslərin həlak olması və yaralanması ilə nəticələndiyini qeyd edən Ombudsman beynəlxalq humanitar hüququn pozuntusu olan bu faktlarla bağlı hesabatların beynəlxalq təşkilatlara ünvanlandığını nəzərə çatdırıb.

Ombudsman, həmçinin Birinci Qarabağ müharibəsi dövründən itkin düşmüş hesab edilən şəxslər barədə iştirakçılara məlumat verib, itkin düşmüş 3890 azərbaycanlı barədə qarşı tərəfin bu günədək məlumat vermədiyini vurğulayıb. 

Məruzənin yekununda Ombudsman beynəlxalq humanitar hüququn implementasiyası və təbliği sahəsində milli insan hüquqları institularının roluna diqqət çəkərək, bu sahədə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin insan hüquq pozuntularının qarşısının alınması baxımından əhəmiyyətli oduğunu qeyd edib.

Daha sonra iclasda digər məruzələr dinlənilib. 

Qeyd edək ki, Azərbaycan Ombudsmanı iclasda Ermənistan nümayəndəsinin səsləndirdiyi əsassız iddialara tutarlı cavab verərək, Ermənistanın törətmiş olduğu müharibə cinayətləri, çoxsaylı beynəlxalq humanitar və insan hüquqları pozuntuları faktlarını əsaslı dəlillərlə Forum iştirakçılarının diqqətinə çatdırıb.